Eyşan
İsgəndərov:
- O gecə və sonrakı günlərdə başımız, doğrudan da nələr
çəkmədi?! Bakı qan dənizində üzdü, qocaya, qadına, uşağa,
hətta gözləri görməyənə də aman vermədilər. Təcili tibbi
yardım maşınındakı, hətta öz mənzillərində yaralananlara
yardım edən həkimləri belə güllələdilər. Küçələrə,
dalanlara, həyətlərə, mənzillərə girib, sıravi
vətəndaşları öldürdülər. Bilirdik ki, ölüm bir
addımlığımızdadır.
Həmin gecə mən üç güllə yarası aldım. Xeyli müddət
vurulduğum yerdə qaldım, çoxlu qan itirdim. Nəhayət,
gecə saat iki radələrində məni Respublika Klinik
Xəstəxanasına çatdırdılar. İlk yardım göstərib, sonra
ayağımda əməliyyat apardılar. İki aya yaxın müalicə
olundum.
Yenə də əgər millətimin, dövlətimin, Vətənimin sabahına
təhlükə yaranarsa, müstəqil dövlətin sıravi vətəndaşı,
"Azadlıq uğrunda mübariz" kimi yenə də ön cəbhədə
olacağam.
Namiq Əhmədov:
- 1990-cı ilin 20 Yanvar hadisələri müasir tariximizin
ən faciəli, eyni zamanda xalqımızın qəhrəmanlıq əzmini
bütün dünyaya nümayiş etdirən səhifəsidir.
O illərdə mən Azərbaycan Respublikasının Ali Sovetinin (Milli
Məclisin) İşlər İdarəsində sektor müdiri vəzifəsində
işləyirdim. İşdən sonra iki nəfər əməkdaşımızla - Əhməd
Cəfərov və Ədalət Əzizovla birlikdə Prezident Aparatının
qarşısına gəldik. Buraya çoxlu adamlar toplaşmışdı,
mitinq gedirdi. Elə oradaca qərara gəldik ki, harada
işləməyimizdən asılı olmayaraq, bu gecə xalqımızla
həmrəyliyimizi göstərməliyik. Yoldaşlarımla
məsləhətləşəndən sonra Sabunçu dairəsindəki barrikadanı
seçdik və razılaşdıq ki, saat 21.00-da Əzizbəyov
metrosunun qarşısında görüşək. Görüşdük və adamlarla
dolu yük maşınına minib Sabunçu dairəsinə gəldik. Burada
300 nəfərə yaxın insan toplaşmışdı.
Hava limanına gedən yollar ağır yük maşınları ilə
bağlanmışdı. Həmin gecə hava çox soyuq idi. Bir neçə
yerdə tonqallar qalanmışdı. Tonqalların ətrafına
yığışmış insanların başı bu günlərdə baş verən
hadisələrin müzakirəsinə qarışmışdı. Biz də onlara
qoşulduq. Saat 22 radələrində Zabrat qəsəbəsindən gələn
yolda 400 nəfərə yaxın əlisilahlı piyada əsgərlər
göründü. Xalqımızın mərd oğulları heç bir şeydən
çəkinmədən dərhal onların qarşısını aldılar, bir addım
belə irəliləməsinə imkan vermədilər. Biz əsgərlərin
komandiri ilə danışığa başladıq. Məlum oldu ki, bunlar
Bakıda xidmət çəkən rus və erməni əsgərləridir.
Onların komandiri bizə bildirdi ki, əmr almışıq və nəyin
bahasına olursa-olsun şəhərə daxil olmalıyıq.
Dediklərinə məhəl qoymadıq, qarşılarını canlı sədlə
kəsdik.
Düşünmüşdük ki, vaxtı ilə sıralarında xidmət etdiyimiz
ordu bizə atəş açmayacaq. Beləliklə, saat 23.00-da şəhər
tərəfdən bizə doğru "Jiquli" markalı maşın yaxınlaşdı və
iki nəfər milis əməkdaşı çıxıb bildirdi ki, dağılışın,
biz məlumat almışıq - şəhərdə fövqəladə vəziyyət elan
olunub, ordu şəhərə girəcək. Milislər gedəndən yarım
saat sonra birdən-birə hardansa on beş nəfərə qədər
desant avtomatı ilə silahlanmış xüsusi təyinatlı dəstə
maşınla meydanın düz ortasında peyda oldu. Onlar dövrə
vurub silahları bizim üstümüzə tuşladılar. Ətrafa göz
gəzdirməyə başladılar. Hiss olunurdu ki, silahlılar
bizim də silahlı olmağımızdan şübhələnib, bizdən bərk
ehtiyat edirlər. Biz isə heç bir şeydən qorxmadan onları
mühasirəyə aldıq. Zabit vəziyyəti belə görüb, əsgərlərə
maşına minməyi əmr etdi. Onlar maşına minib aradan
çıxdılar.
Bu hadisələrdən xeyli sonra mən başa düşdüm ki, həmin
əsgərlər xüsusi kəşfiyyat dəstəsi olub, bizdə silah
olub-olmamasını öyrənmək üçün göndərilib. Gecə yarısı
ordu qəfildən hücuma keçdi. Hamımız özümüzü itirmişdik,
göydən üstümüzə od yağırdı, işıq saçan güllələr
başımıza yağırdı. Ölən və yaralananlar var idi. Meydan
vahimə içində idi. Aramsız atəş səsləri, tankların
tırıltısı, yaralıların fəryadı bizi dəhşətə gətirmişdi.
Qaçıb canını qurtarmaq istəyənlər də arxadan vurulurdu.
Birdən yanımda qaçan oğlan yaralandı və yerə yıxıldı.
Mən dərhal geri dönüb, ona kömək etmək istədim.
Kürəyindən yaralanmışdı. Mən əyildim ki, yaralını
götürüb, yoldan qırağa çəkim. Çünki arxadan silahlı
piyadalar və onların arxasınca tanklar gəlirdi. Elə
həmin anda gözlərimdən qığılcım çıxdı, elə bil
dünya-aləm başıma fırlandı və huşumu itirdim. Qoşunlar
bizi təpikləyə-təpikləyə üstümüzdən keçiblər (bunu mənə
sonralar yoldaşlarım danışdılar). Sən demə, mən əyiləndə
arxada bir əsgər əlindəki avtomatla var gücü ilə mənim
başıma zərbə endirib. Qoşun keçəndən sonra yoldaşlarım
məni qucaqlarına götürüb, yaxınlıqdakı Sabunçu
xəstəxanasına çatdırıblar. Növbətçi həkim mənə iynə
vurduqdan sonra xəstəxanada qalmağı məsləhət
görmədiyindən yoldaşlarım məni çox çətinliklə (gizli
yollarla, çünki qoşun keçəndən sonra hər 100 metrdən bir
komendant postları qoyulmuşdu) səhər saat altıda
səkkizinci kilometrdəki evimə çatdırıblar.
Evdə mənim səhhətim pisləşir, təcili yardım maşını
çağırılır və Əhmədli qəsəbəsindəki əsəb-sinir cərrahiyyə
xəstəxanasına aparılıram.
Həkimlər baş nahiyəmi rentgen müayinəsindən keçirdikdən
sonra məlum olur ki, mən qapalı kəllə-beyin travması,
beyin silkələnməsi və onurğa zədəsi almışam.
Bunların nəticəsi olaraq 2-ci qrup əlil olmuşam. Amma
Azərbaycanımın azadlığı və müstəqilliyi uğrunda əlil
olmağımla fəxr edirəm.
20 Yanvar faciəsinin ilk illərində hadisələrə tam
siyasi-hüquqi qiymət verilməmiş, əksinə, əlillərə qarşı
pis münasibət bəslənmişdi.
Yalnız ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə
Azərbaycan parlamentində 1994-cü ilin martında geniş
müzakirələrdən sonra 20 Yanvar faciəsinə hüquqi və
siyasi qiymət verildi. Bu, çox mühüm bir sənəd idi.
Hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da
atasının siyasi kursunu davam etdirməklə şəhid
ailələrinin və əlillərin sosial qayğıları ilə yaxından
maraqlanır, onlara hər cür qayğı göstərir.
Sultan Əzimzadə:
- "20 Yanvar" Cəmiyyətinin sədri
- Mən o gecə Biləcəri istiqamətindən şəhərə gedən yolda,
Tbilisi prospektində, "Şamaxinka" deyilən yerlə üzbəüz "İskra"
(indiki "Alov") hərbi zavodunun həndəvərində keçirilən
piketdə idim. Orada danışılırdı ki, azadlıq hərəkatımızı
boğmaq məqsədilə Bakıya qoşun yeridiləcək.
Saat 23.30-da Salyan kazarması tərəfdən keçmiş tramvay
xətti olan küçəynən bizə tərəf bir tank gəldi. Biz
piketçilər tankın qarşısına çıxdıq. Tank əvvəlcə
dayandı, əli silahlı əsgərlər rus dilində bizə
"dağılışın" əmri verdilər. Bir neçə dəqiqə sonra tank
yerindəcə fırlanıb geriyə döndü... Birdən tankdakı
əsgərlərdən biri bizim başımızın üstündən qarşı
tərəfdəki binanı pulemyot atəşinə tutdu.
Yarım saatdan sonra, yəni gecə 12 tamamda rus ordusu
Biləcəri istiqamətindən şəhərə doğru hərəkətə keçdi.
Toplu-tüfəngli bir ordunun qarşısına biz sinəmizi sipər
etməyə çalışarkən, onlar üstümüzə boğucu qaz
"şaşka"ları tulladılar. Qazdan boğulan insan kütləsi
geri çəkiləndə bu dəfə gözləmədiyimiz istiqamətdən atəşə
tutulduq. Piketçilərdən ölən və yaralananlar oldu. Mən
yaralananlardan birini təhlükəsiz yerə çəkib geri dönmək
istədikdə qarın nahiyəmdə dəhşətli ağrı hiss etdim.
Şahidlərin dediyinə görə, mən elə yaralanan kimi huşumu
itirib yerə yıxılmışam.
...Gözümü açanda xəstəxanada idim. İki güllə yarası
almışdım. Həkimlər güllənin birini çıxara bildilər,
ikinci güllə 22 ildir ki, canımdadır. O gecə əbədi
olaraq sağlamlığımı itirib, 2-ci qrup əlilliyə məhkum
olsam da, xalqımın, vətənimin azadlığı, müstəqilliyi
uğrunda işğalçı bir ordunun qarşısına çıxdığıma görə
peşman deyiləm.
Aradan keçən bu 22 ildə o gecə qurduğumuz 15-ə qədər
barrikadanı, o gecənin günahsız qurbanlarını bir an da
olsun unuda bilməmişəm. Bu günün gənclərinə bircə
tövsiyəm var. Qanla yazılmış tariximizi, o cümlədən 20
Yanvar faciəsini unutmayın, unutmayın...
Hazırladı: Ellada UMUDLU |