Yanvarın
19-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda "20 Yanvar - tariximizin
şanlı və qanlı səhifəsi" mövzusunda elmi-praktik
konfrans keçirildi. 20 Yanvar faciəsinin iyirmi ikinci
ildönümünə həsr olunmuş mərasimdə öncə respublikamızın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edildi.
Konfransı institutun rektoru, professor Asəf Zamanov
açdı və faciəyə gedən yol mövzusunda geniş məruzə ilə
çıxış etdi. Rektor bildirdi ki, xalqımızın ümummilli
lideri Heydər Əliyev Sov.İKP Siyasi Bürosunun
üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsindən istefa verdikdən qısa müddət sonra
Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana
birləşdirilməsi barədə məsələ gündəmə gəldi. O vaxtkı
SSRİ-nin rəhbəri M.Qorbaçovla bu məsələnin həll
edilməsi barədə razılaşdığını Fransada erməni elitası
qarşısında çıxışında Aqanbekyan bildirdi. Hələ 1989-cu
ilin 12 yanvar tarixində SSRİ Ali Sovetinin Rəyasət
Heyətinin iclasında "Azərbaycan SSR-nin Dağlıq Qarabağ
Muxtar Vilayətinə xüsusi idarəçilik statusu verilməsi
barədə" qərar qəbul edildi və Azərbaycanın o vaxtkı
səriştəsiz rəhbərliyinin bu məsələlərə biganəliyini
görən xalq öz ərazi bütövlüyü uğrunda mübarizəsini daha
da genişləndirdi.
Sovet imperiyası və kommunist rejimini nəyin bahasına
olursa-olsun qoruyub saxlamaq, digər müttəfiq
respublikalarda belə halların qarşısını almaq və
Azərbaycanda milli azadlıq hərəkatının qarşısını almaq
və Azərbaycanda milli azadlıq hərəkatını boğmaq
məqsədilə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə
SSRİ DİN, DTK və Müdafiə Nazirliyinin təpədən dırnağa
qədər silahlanmış on bir min canlı qüvvəsi Bakıya
yeridildi. Azərbaycanı informasiya blokadasına salmaq
üçün Dövlət televiziyasının enerji bloku partladıldı.
Azərbaycan əhalisi heç bir informasiya ala bilmədi.
Həmin hadisədən, qırğından təxminən 5-6 saat sonra
fövqəladə vəziyyət elan edildi. Düşmən dinc əhaliyə
qarşı amansızlıqla vəhşiliklərə əl atırdı. 20 Yanvar
faciəsinə ilk münasibət bildirən məhz ümummilli lider
Heydər Əliyev oldu. Yanvarın 21-də Heydər Əliyev özünü
və ailəsini təhlükə altına qoyaraq Moskvadakı
Azərbaycanın daimi nümayəndəliyinə getdi və 20 Yanvar
hadisələrinin əsl günahkarlarını bütün dünyaya bəyan
etdi. Azərbaycan xalqına başsağlığı verdi. Bu, bütün
xalq üçün bir təskinlik, bir ürək-dirək idi. Vurğulandı
ki, ulu öndər 1993-cü ildə Azərbaycan xalqının təkidi
ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 1994-cü
ilin mart ayının 29-da Milli Məclisin qərarı ilə 20
Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Natiq
qeyd etdi ki, 20 Yanvar tariximizin qanlı faciəsi
olmaqla qəhrəmanlıq tarixidir.
Konfransda akademik Asəf Nadirov, AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, 20
Yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı, fəlsəfə
elmləri doktoru Könül Bünyadzadə, Binəqədi Rayon Gənclər
və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun kafedra müdiri Aydın Paşayev 20 Yanvar
faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar məruzə
ilə çıxış etdilər.
Sonra 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibəti ilə
keçirilən "Qanlı Yanvar" mövzusunda inşa yazı
müsabiqəsinin qalibləri mükafatlandırıldı. Konfransın
sonunda institutun tələbələrinin iştirakı ilə
ədəbi-bədii kompozisiya göstərildi.
Rəşad ZİYADOV |