Yanvarın 18-də AMİ-də Milli İncəsənət Muzeyi əməkdaşları
ilə birgə 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr
edilmiş tədbir keçirildi.
Öncə tədbir iştirakçıları 20 Yanvar faciəsini əks
etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxdılar. Sonra
tədbirdə faciə ilə bağlı film nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə institutun rektoru, millət
vəkili, professor A.Naxçıvanlı açdı. Şəhidlərin ruhu bir
dəqiqəlik sükutla yad edildi. Professor Aqiyə Naxçıvanlı
bildirdi ki, 20 Yanvar faciəsi XX əsrdə Azərbaycan
xalqına qarşı yeridilən imperiyapərəst siyasətin növbəti
təzahürü idi. Xalqımıza qarşı soyqırımı, sovet
hakimiyyəti illərində Azərbaycan ərazilərinin 125 min
kvadrat kilometrdən 87 min kvadrat kilometrədək
azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan
Dağlıq Qarabağ hadisələri və azərbaycanlıların
Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması
bu çirkin siyasətin ayrı-ayrı mərhələləridir.
Qeyd edildi ki, 20 Yanvar hadisəsinə ilk olaraq ulu
öndər Heydər Əliyev münasibət bildirdi. Ümummilli lider
özünün və yaxınlarının həyatını təhlükə qarşısında
qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək
azərbaycanlılar və xarici jurnalistlər qarşısında
bəyanat verdi, Mixail Qorbaçovun xalqımıza düşmən
siyasətini ifşa etdi. Heydər Əliyev bu hadisəni hüquqa,
demokratiyaya və humanizmə zidd addım kimi
dəyərləndirdi. Məhz ulu öndərin siyasi iradəsi sayəsində
20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu.
Vətənimizin və xalqımızın tarixinə son dərəcə böhranlı
illər kimi düşən bu dövrdə Azərbaycanın bir dövlət
olaraq mövcudluğu üçün çox ciddi təhlükə yaranmışdı.
Həm daxildən, həm də xaricdən olan düşmən qüvvələrin
eyni vaxtda hərəkətə keçmələri, Azərbaycanı parçalayaraq
məhv etmələri üçün real təhlükə yaranmışdı. Azərbaycanı
belə bir çox mürəkkəb və böhranlı durumdan ancaq və
ancaq Heydər Əliyev xilas edə bilərdi və etdi də.
Vurğulandı ki, 1990-cı ilin Yanvar qırğını nə qədər
faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli
azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin
müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan
tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı,
müstəqilliyi üçün yol açdılar. Əfsuslar olsun ki,
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı
ilk illərdə başı hakimiyyət uğrunda mübarizəyə qarışmış
respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi
qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi
istiqamətində heç bir iş aparmadılar. Yalnız 1993-cü
ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə
dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş,
xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəbləri
araşdırılmış, cinayətkarların adları açıqlanmışdır.
Tədbirdə geniş məruzə ilə çıxış edən institutun ictimai
fənlər kafedrasının müdiri, tarix elmləri doktoru Qafar
Cəbiyev bu faciədən danışarkən bildirdi ki, şəhidlərin
anım günü bizim üçün həm də bir hesabat məqamıdır. Bu
gün hər birimiz çox böyük qürur və iftixar hissi ilə
deyə bilərik ki, 20 Yanvar şəhidlərinin mübarizəsi və
fədakarlığı hədər getməmişdir. Onların uğrunda canlarını
fəda etdikləri müstəqil Azərbaycan dövləti günü-gündən
inkişaf edərək, qüdrətlənərək daha da çiçəklənir.
Doğrudur, Qarabağ savaşı hələ ki, məntiqi sonluğuna
çatmayıb, torpaqlarımız işğal altında qalmaqda davam
edir. Amma inanın ki, bunun da bir sonu var. Qoy, hər
kəs, o cümlədən dostlarımız da, düşmənlərimiz də əmin
olsunlar ki, torpaqlarımız bütünlüklə azad olunanadək,
qaçqın və köçkünlərimizin sonuncu nümayəndəsi öz
ata-baba yurduna dönənədək mübarizə davam edəcəkdir.
Biz gücümüzə, ordumuza, dövlətimizə, hökumətimizə
güvənirik. Biz Prezidentimizə və Ali Baş Komandanımıza
güvənirik. Biz haqqa, ədalətə güvənirik. Biz inanırıq
ki, dünyanın mütərəqqi qüvvələri Azərbaycanın haqq
işini bundan sonra da dəstəkləyəcəklər.
Milli İncəsənət Muzeyinin direktor müavini Elmira
Qasımova o qanlı faciənin canlı şahidi kimi öz
xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti
İctimai Birliyinin sədri Nüşabə Məmmədli,
yazıçı-publisist Fazil Rəhmanzadə, faciə ilə bağlı ilk
rəsm əsərinin müəllifi İlqar Əkbərov öz
yaradıcılıqlarında 20 Yanvar faciəsinin əks
etdirilməsindən danışdılar. |