Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

Beynəlxalq təhsil xəbərləri

 

Moskva Dövlət Universiteti filiallarını gücləndirir 

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti postsovet məkanında mövqelərini gücləndirir. Bu barədə Moskva Dövlət Universitetinin rektoru, akademik  Viktor Sadovniçi mətbuata verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, MDU-nun MDB ölkələrində filiallarının böyük şəbəkəsi mövcuddur. "Hazırda MDU-nun 5 filialı var.  Sevastopol, Astana, Daşkənd, Bakı və Düşənbədəki filiallarda 3 min tələbə təhsil alır. İldən-ilə MDU-nun filiallarında təhsil proqramlarının sayı artır. Bizim Bakı filialının genişləndirilməsi barədə planlarımız var. Sevastopol, Astana, Daşkənd filiallarının da yeniləşməsi aparılacaq",-deyə rektor bildirib. Cari ildə filiallara 662 nəfər tələbənin qəbul olunduğunu deyən Sadovniçi hazırda  MDB ölkələrindən MDU-da 600 tələbənin təhsil aldığını vurğulayıb.  Onlardan ən istedadlıları olan 100 nəfər pulsuz təhsil alır. Bir çox tələbələr MDB ölkələrinin dövlət proqramları xətti ilə oxumağa gəlib. MDU postsovet məkanında əməkdaşlığın möhkəmləndirilməsini özünün prioritet vəzifələrindən biri hesab edir. 

 

Qazaxıstan 12 illik təhsil modelinə keçir 

Qazaxıstanda 12 illik təhsil modelinə keçidlə bağlı hazırlıq işləri aparılır. Bu barədə Qazaxıstanın Təhsil və Elm Nazirliyinin məlumatında bildirilir. Açıqlamada qeyd olunur ki, hazırda respublikanın 104 məktəbində, o cümlədən 45 kənd və 59 şəhər məktəbində 12 illik təhsil modelinə keçidlə bağlı eksperimentlər həyata keçirilir.  2011-ci ildə ibtidai təhsil və 12 illik təhsilin dövlət standartlarının əsas müddəaları işlənib hazırlanıb. 12 illik təhsil çərçivəsində tədris fənlərinin tərkibi müəyyən olunub, dərslik və tədris-metodik komplektləri işlənib hazırlanıb.  

Bundan əlavə, müəllimlərin yenidənhazırlanması və ixtisasının artırılması üzrə sistemli iş aparılır. Artıq eksperimentdə iştirak edən məktəblərdə müəllimlərin 71 faizi yenidənhazırlanma və ixtisasartırma kurslarında iştirak edib.

İşlənib hazırlanmış plana müvafiq olaraq 12 illik təhsilə keçid 2015-2016-cı dərs ilinə nəzərdə tutulub. 2015-2016-cı dərs ilində birinci sinfə gedəcək şagirdlərin sayı 6-7 yaşdan yuxarı 624 min təşkil edəcək. 2014-cü illə müqayisədə 2015-ci il sentyabrın 1-nə qədər şagird kontingentinin sayı 2 dəfə artacaq.

Qeyd edək ki, 12 illik orta təhsil dünyanın 136 ölkəsində, eləcə də  Avstraliya, Kanada, ABŞ, Fransa, Yaponiya və dünyanın rəqabətə davamlı digər 50 ölkəsində mövcuddur. 

Məlumatda qeyd olunur ki, Qazaxıstanda 12 illik təhsilə keçid müasir tələblərə cavab verən yeni ideyaları irəli sürməyə, ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunmasına imkan verəcək.

 

YUNİSEF yeni təşəbbüslə çıxış edib 

BMT-nin Uşaq fondu (YUNİSEF) Asiya və Sakit okeanı ölkələrində təhsilin hamı üçün əlçatan olması və təhsilin  keyfiyyətinin yaxşılaşdırılması üçün yeni təşəbbüslə çıxış edib.

Bu layihə məktəb həyatından kənarda qalan 26 milyon uşağa yardım göstərəcək.  Layihə etnik azlıqlardan olan qız uşaqları da daxil olmaqla daha çox diqqətdən kənarda qalmış və çox zəif uşaqlar üçün təhsil sahəsində xidmətlərin genişləndirilməsini nəzərdə tutur. Yeni təşəbbüs Banqladeş, Butan, Çin, Hindistan, Laos, Monqolustan, Nepal, Papua-Yeni Qvineya, Filippin, Timor-Leşti və Vyetnamı əhatə edəcək.  YUNİSEF "Asiya üçün məktəb" layihəsinin maliyyələşdirilməsi üçün 70 milyon dollar vəsait  toplamağa ümid edir.  "Asiya üçün məktəb" layihəsi təkcə məktəb binalarının tikintisi deyil. Proqramın mərkəzində bütün uşaqlar üçün keyfiyyətli təhsilin təşkil olunması durur", - deyə qurumun təmsilçisi Leotes Xelin bildirib.  Proqram çərçivəsində müəllimlər üçün xüsusi seminarlar təşkil olunacaq, tədris materiallarının keyfiyyəti yaxşılaşdırılacaq,  eləcə də valideynlərin və yerli icma nümayəndələrinin məktəb həyatına cəlb olunması təmin olunacaq.

 

 

Rusiyada gimnaziya və liseylər ləğv olunacaq 

Rusiyanın "Təhsil haqqında" Qanununa edilmiş dəyişikliklərə müvafiq olaraq yaxın gələcəkdə ölkədə gimnaziya və liseylər ləğv olunacaq. Yeni qanun layihəsi 2013-cü ildən qüvvəyə minəcək. Qərara alınıb ki,  indi təhsil müəssisələrinin müxtəlif növlərinin ləğv olunması vacibdir. Rusiya təhsilinin maliyyələşdirilməsinin yeni sisteminin tətbiq olunması ilə əlaqədar maddi vəsaitləri müəssisələrin formal adına görə yox, konkret təhsil proqramına görə ayırmaq lazımdır.    Yeni qanunun qüvvəyə minməsindən sonra ölkənin ümumtəhsil müəssisələrinin maliyyələşdirilməsi təkcə bu və ya digər məktəbdə nə qədər uşağın təhsil alması ilə deyil, həm də hər hansı təhsil proqramının həyata keçirilməsinə nə qədər vəsaitin tələb olunması ilə yerinə yetiriləcək. Bu isə əlavə xərclərdən qaçmağa imkan verəcək. Bundan əlavə, təhsil proqramlarının özünün də həyata keçirilməsinə olan tələblər artacaq.     

 

Norveçdə Boloniya sisteminin tələbləri pozulur 

Avropa ölkələrinin vahid təhsil məkanında təmsil olunmasını özündə ehtiva edən Boloniya prosesinin tələbləri Norveçdə pozulur. Prinsiplərdən ən vacibi bundan ibarətdir ki, ümumavropa məkanında tələbələrin  işləmək hüquqları tanınır.

Lakin Norveçdə bu sahədə ayrı-seçkilik müşahidə olunur. Xarici ölkə vətəndaşlarının Norveçdə işə düzəlmə imkanları məhduddur. Norveçin Adaptasiya və Uşaqların İşləri üzrə Nazirliyinin apardığı  araşdırmalara görə, bir sıra sahələrin mütəxəssisləri olan xarici ölkə məzunlarına  Norveçdə iş yoxdur. Xüsusilə də nəqliyyat və məntiq üzrə mütəxəssislərə bu ölkədə yer yoxdur.

Daha çox təhsil və səhiyyə sahəsini bitirmiş kadrların işə düzəlmə şansı yüksəkdir.  Araşdırmalar nəticəsində məlum olub ki, xarici ölkə vətəndaşı ən yaxşı halda xalq təsərrüfatı sektorunda, işçi qüvvəsi daha çox ehtiyac duyulan sahədə iş tapa bilər. Ayrı-seçkilik daha çox yüksək təhsil səviyyəsi və ixtisas dərəcəsinin tələb olunduğu vakansiyalar arasında daha azdır.   

 

Amerikalı tələbələr öz mövqelərini itirməkdədir 

Uzun müddət bütün dünyada təhsilin səviyyəsinə görə ön sırada olan amerikalı tələbələr gözlənilmədən öz mövqelərini itirməkdədir. Bu barədə Amerika Ehtiyat Fondunun sabiq prezidenti Alan Qrinspen  The Financial Times qəzetində dərc olunmuş məqaləsində qeyd edir. Onun sözlərinə görə, yaşı 25-ə qədər olan indiki Amerika gəncliyi yaşlı nəsillə müqayisədə daha aşağı məhsuldarlıq nümayiş etdirir. Xoşbəxtlikdən, statistik olaraq məhsuldarlığın aşağı düşməsi o qədər böyük olmasa da, onun miqyası getdikcə arta bilər.   Əgər Amerikanın təhsil sistemi dəyişməsə və digər xarici ölkələrdən  peşəkar kadrlar üçün kvotalar artırılmasa, məhsuldarlıq səviyyəsinin aşağı düşməsi fəlakətli miqyas alacaq.  Onun sözlərinə görə, Amerika təhsil sistemi inqilabi  dəyişikliklər ərəfəsindədir. Əgər ciddi islahatlar baş verməsə, onda gələcək nəslin firavanlığını təmin etmək mümkün olmayacaq.       

 

"Köhnə təhsil sistemi dünyanın heç bir yerində işləmir" 

Estoniyanın təhsil və elm naziri Yaak Aaviksoo hesab edir ki, informasiya texnologiyaları təhsil sisteminə arzuolunan fayda verməyib. Təhsil sistemində informasiya texnologiyalarının roluna dair Londonda  keçirilmiş forumda çıxış edən nazir bunun səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə, köhnə təhsil sistemi informasiya və kommunikasiya texnologiyalarından istifadəni dəstəkləmir. "Bir çox ölkələrdə informasiya  texnologiyalarına münasibətdə gözləntilər olduqca böyük idi, lakin səmimi olaraq etiraf etmək lazımdır ki, dünyanın heç bir yerində arzuolunan tərəqqi baş vermədi",-deyə nazir bildirib. Onun sözlərinə görə, artıq bütün dünya başa düşüb ki, indi təhsildə  uğuru biliklərin deyil, bacarıqların inkişafı təmin edir.    Buna görə də təhsil sisteminə daha köhnə təhsil modeli lazım deyil. "Biz yolları və avtomobilləri 100 il əvvəl olduğu kimi salmır və istehsal etmirik. Məktəbdə isə nədənsə hər şey əvvəlki kimi qalıb".     

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov