Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

Azərbaycanın təhsil nazirləri

Şirəli Nəsir oğlu Məmmədov (Nəsirzadə)

 

 Şirəli Nəsir oğlu Məmmədov (Nəsirzadə) 1904-cü ildə Naxçıvanın Ordubad bölgəsinin Dəstə kəndində anadan olub.

Uşaqlıqdan zamanın çətinliklərinə sinə gərməli olan Şirəli Məmmədov 1916-cı ildə Bakıya gəlib, dayısının himayəsində yaşayıb. 1916-1918-ci illərdə beşinci rus-tatar (Azərbaycan - red.) məktəbində təhsil alıb və dəmir yolunda çilingər köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakıda və Ordubadda komsomol orqanlarında işləyib.

1921-1922-ci illərdə Bakıda hərbi-siyasi kursu bitirib və Moskvada Mixail İvanoviç Kalinin adına fəhlə fakültəsində (1922-1925), sonra isə Moskva Dağ-Mədən İnstitutunda (1925-1930) təhsil alıb. Mədən mühəndisi ixtisasına yiyələnən Şirəli Məmmədov 1931-1932-ci illərdə Moskva Dağ-Mədən İnstitutunun aspirantı olmaqla yanaşı, Osetiyanın Sadon mədənlərində mühəndis işləyib. Mədən sənayesindəki səmərəli fəaliyyəti ilə özünü doğruldan gənc mühəndis Maqnitoqorsk mədənlər idarəsi əsaslı tikinti şöbəsinin rəisi (1932-1933) vəzifəsinə irəli çəkilib, daha sonra Culfa mərgümüş kombinatının rəisi (1934-1936) olub.

Elmi araşdırmalara olan sonsuz marağı sayəsində 1936-cı ildə məzunu olduğu Moskva Dağ-Mədən İnstitutuna qayıdıb, dörd il elmi işçi, metodkabinetin elmi katibi, dosent, direktor köməkçisi və filiz yataqlarının işlənilməsi kafedrasının müdiri vəzifələrində çalışıb. 1938-ci ildə namizədlik, on il sonra isə doktorluq dissertasiyası müdafiə edib.

Əldə etdiyi elmi biliklərin və qazandığı təcrübəni Azərbaycan elminin və sənayesinin inkişafında faydalı olacağını düşünən Şirəli Məmmədov 1941-ci ildə doğma Vətənə qayıdıb. Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda baş elmi işçi (1941-1943) kimi fəaliyyət göstərib, sonra isə Naxçıvan Muxtar Respublikasında duz mədəninin baş mühəndisi və direktoru (1943-1944) olub.

Yüksək təşkilatçılığı ilə fərqlənən Şirəli Məmmədov 1944-cü ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilib. Bir il sonra ÜİK(b)P MK yanında partiya işçilərinin ali məktəbində oxumaq üçün Moskvaya göndərilib. 1947-1949-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda mədən işləri şöbəsinin rəhbəri, 1949-1950-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin professoru olub.

Dağ-mədən sənayesi sahəsindəki təcrübəsi nəzərə alınaraq 1950-ci ildə Daşkəsən filiz mədən idarəsinin rəisi vəzifəsinə göndərilib. Üç il ərzində bu mühüm müəssisənin inşa olunması işinə və inkişafına layiqli töhfələr verib.

Onun elmi fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri apardığı araşdırmaların respublikamızın qarşısında duran iqtisadi məsələlərin həllinə yönəlməsi və praktik əhəmiyyət kəsb etməsidir. İqtisadi inkişafın elmdən, texniki tərəqqidən başlandığını təbliğ edən, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məsələsinə xüsusi önəm verən Şirəli Məmmədov Azərbaycan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru (1953-1954), geofizika kafedrasının müdiri (1953-1959) vəzifələrində çalışıb. Ötən əsrin 50-ci illərinə qədər Azərbaycanda dağ-mədən sahəsi üzrə elmi ada malik mütəxəssislərin olmadığını nəzərə alaraq gənclərin bu istiqamətdə tədqiqatlara cəlb edilməsini fəaliyyətinin ana xəttinə çevirib. Qısa vaxtda gənc alimlərin bu sahəyə meyilinin artması onun bir pedaqoq və elm adamı kimi nüfuzunun, ictimaiyyət arasında qazandığı hörmətin nəticəsidir. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.

Azərbaycan Nazirlər Soveti yanında yaradılmış Ali və Orta İxtisas Təhsili Komitəsinin ilk sədri təyin edilib və 1959-1961-ci illərdə bu vəzifədə uğurla çalışıb. Yeni işə başlayan kömitənin strukturunun formalaşdırılması, fəaliyyətinin məqsəd və məzmununun dəqiqləşdirilməsi istiqamətində ilk addımların atılması onun sədrlik dövrünə təsadüf edir.

1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (NKİ) faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olub. Bu dövrdə onun rəhbərliyi ilə neçə-neçə gənc və istedadlı alim yetişib. Müvafiq ali məktəblərin dağ-mədən fakültələrinin tələbələri üçün Azərbaycan dilində yazılmış ilk dərslik və dərs vəsaitinin müəllifidir. 23 monoqrafiyası, 220-dən çox elmi əsəri nəşr olunub. Təqaüdə çıxana qədər Azərbaycan NKİ-nin faydalı qazıntıların işlənilməsi kafedrasının professoru kimi (1970-1982) elmi-pedaqoji fəaliyyətini davam etdirib.

Filiz və qeyri-filiz yataqlarının işlənilməsi, qravitasiya rejimində olan neft yataqlarının istismarı, neft yataqlarının süzgəcli qazmalarla qapalı işləmə sistemi, daş duz yataqlarının səmərəli işlənməsi, geofizikanın mədən sənayesində tətbiqi və digər istiqamətlərdə apardığı elmi tədqiqat işləri ona nəinki Azərbaycanda, eləcə də bütün Sovet İttifaqında geniş şöhrət qazandırmışdır.

Şirəli Məmmədovun elmi araşdırmaları və əsərləri onun tələbələrinin, davamçılarının tədqiqat işlərinin əsasını təşkil edib, yeni-yeni axtarış istiqamətlərinin müəyyənləşdirilməsinə yol açıb. Dərin elmi yanaşmanın məhsulu olan nəzəri müddəalarının istehsalatda tətbiqi mühüm dəyişikliklərin əsasını qoyub və iqtisadi baxımdan səmərəli nəticələr verib.

Onun elmi fəaliyyəti və yüksək təşkilatçılıq bacarığı layiqincə qiymətləndirilib, "Əməkdə fərqlənməyə görə" (1939), "Qafqazın müdafiəsinə görə" (1945), "Böyük Vətən müharibəsində əmək igidliyinə görə" (1945), "Əmək veteranı" (1977) medalı və "Qırmızı Əmək Bayrağı" ordeni (1946) ilə təltif edilib. 1951-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib, 1952-ci ildə isə Azərbaycan KP MK-nın üzvlüyünə namizəd olub.

Şirəli Məmmədov 1984-cü ildə vəfat edib.

 
 
 
Səhifənin başına qalx "Azərbaycanın təhsil nazirləri" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov