Azərbaycan Texniki Universiteti ölkəmizdə ali texniki
təhsilin inkişafında, sənaye və iqtisadiyyatın
müxtəlif sahələri üçün yüksək ixtisaslı milli mühəndis
kadrlarının yetişdirilməsində mühüm rol oynamışdır.
Universitet fəaliyyət göstərdiyi 60 il ərzində böyük
inkişaf yolu keçərək yüksək ixtisaslı texniki kadrlar
hazırlayan çoxprofilli ali təhsil ocağına və texniki
elmlər üzrə nüfuzlu elmi mərkəzə çevrilmişdir.
Respublikanın texniki elmlərin inkişafında mühüm
xidmətləri olmuş görkəmli alim və ziyalılarının,
tanınmış mütəxəssislərin, dövlət xadimlərinin bütöv bir
nəsli bu universitetin məzunlarıdır. Ümumiyyətlə isə
fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan Texniki
Universiteti ölkəmiz və bir sıra xarici dövlətlər üçün
90 min nəfərədək yüksək ixtisaslı kadr hazırlamışdır.
Dövrün
tələblərindən yaranmış ali təhsil ocağı
Azərbaycan Texniki Universitetinin sələfi olan
Azərbaycan Politexnik İnstitutunun yaradılması ideyası
1945-ci ildə - İkinci Dünya müharibəsindən dərhal sonra
irəli sürülmüşdür. Lakin həmin il oktyabrın 20-də keçmiş
SSRİ Xalq Komissarları Sovetinin bu barədə xüsusi qərarı
olsa da, müharibənin doğurduğu çətinliklər səbəbindən o
yalnız 1950-ci ilin noyabrında fəaliyyətə başlamışdır.
4 fakültə, 11 kafedra və 57 nəfər professor-müəllim
heyəti ilə fəaliyyətə başlayan bu təhsil ocağı ilk
illərdə maddi-texniki bazanın zəifliyi, kadr
çatışmazlığı kimi ciddi problemlərlə üzləşsə də, məqsədə
doğru inamla irəliləmiş, qısa müddətdə tədrisin
təşkilində əsaslı dönüşə nail olunmuş, maddi-texniki
bazası möhkəmlənmiş, güclü kadr potensialı
formalaşmışdır. Sürətlə inkişaf edərək tezliklə Cənubi
Qafqazda ən böyük texniki ali təhsil müəssisəsinə
çevrilən, 22 min nəfər tələbəsi olan institutda hələ
1970-ci
ildə
böyük
hesablama mərkəzi yaradılmış, informasiya-kommunikasiya
texnologiyalarının
mənimsənilməsi istiqamətində
ilk addımlar atılmışdır.
Həmin il Gəncə şəhərində də institutun filialı
yaradılmış və beləliklə, Bakıdan kənarda kadr hazırlığı
həyata keçirilmişdir. 1978-ci ildən institut xarici
ölkələr üçün
də kadr hazırlamağa başlamış, bu da onun
beynəlxalq əlaqələrinə ciddi impulslar vermişdir.
Ölkəmizdə elm və təhsilin vüsətli inkişafı ilə
xarakterizə olunan ötən əsrin 70-80-ci illəri
universitetin tarixində də əsl intibah mərhələsi
olmuşdur. O zaman Azərbaycanın rəhbəri olmuş Heydər
Əliyev
AzTU-nun cəmiyyətdəki xidmətlərini və rolunu daim
yüksək dəyərləndirmiş, bu elm ocağına qayğısını
əsirgəməmişdir. 1981-ci ildə ümummilli liderin
Azərbaycan Politexnik İnstitutunda olması,
tələbə və
müəllimlərlə görüşməsi təhsil ocağının tarixində mühüm
hadisə olmuş, institutun maddi-texniki bazasının
möhkəmləndirilməsinə güclü təkan vermişdir.
Azərbaycan
müstəqillik
əldə etdikdən sonra yeni ictimai-iqtisadi
formasiyanın tələblərinə uyğun olaraq təhsil sistemində
baş verən fundamental
dəyişikliklər
AzTU-nun fəaliyyətində də keyfiyyətcə yeni mərhələnin
əsasını qoymuşdur.
Ulu öndər Heydər Əliyevin təhsil sistemində həyata
keçirilən islahatların sürətləndirilməsi məqsədilə
2000-ci ilin iyun
ayında imzaladığı "Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" Sərəncam təhsil müəssisələri, o cümlədən ali
məktəblər qarşısında yeni vəzifələr qoymuşdur.
Ulu öndərdən sonra onun siyasətini bütün sahələrdə
inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin
ötən illərdə bütövlükdə elmin, ali
təhsilin inkişafı,
mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi
məqsədyönlü tədbirlər AzTU-nun inkişafına yeni təkan
vermişdir.
Maddi-texniki baza
Fəaliyyətə
başladığı
ildə özünün ayrıca binası və zəruri maddi-texniki bazası
olmayan Texniki Universitet üçün 1955-ci ildə indiki
H.Cavid prospekti 25 ünvanında yeni bina tikilib
istifadəyə verilmişdir.
Sonrakı
illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi və
genişləndirilməsi istiqamətində ardıcıl
həyata keçirilən
tədbirlər nəticəsində yeni tədris korpusları, tələbələr
üçün yataqxanalar, müəllimlər üçün yaşayış evləri, idman
sarayı, stadion inşa olunaraq istifadəyə verilmişdir.
Universitetin uzun illər tikintisi yarımçıq qalmış 10
min kvadratmetr sahəsi olan 6-7 mərtəbəli tədris
binasının tikintisi müstəqillik illərində davam
etdirilmiş, 2007-ci ildə binanın bir hissəsi, 2010-cu
ildə isə yeni korpus tam şəkildə tələbə və müəllimlərin
istifadəsinə verilmiş, kafedraların, auditoriya və
tədris laboratoriyalarının yeni avadanlıq və
inventarlarla təchizatı həyata keçirilmişdir.
Hazırda dövlət büdcəsinin investisiya xərcləri və
universitetin daxili imkanları hesabına əsas tədris
korpusunda və bir sıra digər tikililərində əsaslı təmir
və yenidənqurma işləri həyata keçirilir.
Azərbaycan Texniki Universiteti bu gün. Fəaliyyətin əsas
hədəfləri
Ötən əsrin 90-cı illərinin əvvəllərindən AzTU-da iki
səviyyəli təhsil sisteminə - bakalavr və magistr
hazırlığına başlanmış, bu sistemin təkmilləşdirilməsi
üçün məqsədyönlü fəaliyyət həyata keçirilmişdir.
İkisəviyyəli təhsilin təşkili üzrə kifayət qədər təcrübə
toplanmış, tədris-metodiki baza formalaşmışdır.
Qloballaşan dünyanın çağdaş inkişaf meyilləri bir sıra
yeni ixtisaslar üzrə kadr hazırlığını aktual məsələ kimi
önə çıxardığından, son illər universitetdə bu məsələyə
ciddi diqqət yetirilir. Bunlardan müasir dövrün
tələblərinə uyğun olan, informasiya və kommunikasiya
texnologiyaları sahəsində mütəxəssis hazırlığına şərait
yaradan "Məlumatların mühafizəsinin texnologiyası və
təşkili", "Kompüter təhlükəsizliyi", "Avtomatlaşdırma və
informasiya texnikası (TEMPUS layihəsi üzrə)", "Gömrük,
ixrac və idxal nəzarəti cihaz və sistemləri", "Elektron
və poçt rabitəsi", "Bioloji-tibbi praktikada mühəndis
işi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "Maşınqayırmada
kompüter texnologiyaları", "Kompüter texnikasının
layihələndirilməsi, konstruksiya edilməsi", "Nəqliyyat
vasitələrinin elektronikası və elektrik avadanlığı (avtomobil
nəqliyyatı üzrə, TEMPUS layihəsi üzrə)" və digər
ixtisasları göstərmək olar.
Hazırda Azərbaycan Texniki Universitetində 9 fakültə, 47
kafedra, 1 elmi mərkəz, 18 elmi-tədqiqat laboratoriyası,
550000 kitab fonduna malik əsaslı kitabxana fəaliyyət
göstərir. Burada 26 istiqamət və 68 ixtisas üzrə
bakalavr və magistr hazırlanır. Universitetdə 633 nəfər
professor-müəllim, o cümlədən 70 nəfərdən çox elmlər
doktoru, professor, 330 nəfər elmlər namizədi, dosent
7000-dən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul olur.
2010-cu ildə Azərbaycan Texniki Universiteti MDB
ölkələri Humanitar Yardım Fondunun qrantını qazanmışdır.
Bu da AzTU-ya həmin məkandakı elektron kitabxanalara
ödənişsiz giriş imkanı vermişdir.
Universitetin kadr potensialının formalaşmasında onun öz
məzunlarının böyük xidmətləri var. Belə ki, AzTU-nun 360
nəfər məzunu hazırda universitetdə elmi-pedaqoji
fəaliyyətlə məşğuldur. Bunların 45 nəfəri elmlər doktoru,
professor, 270 nəfəri elmlər namizədi, dosentdir.
Azərbaycan Texniki Universitetinə uzun illərdir ki,
ölkəmizdə nüfuzlu alim və təhsil təşkilatçısı kimi
tanınan texnika elmləri doktoru, professor Havar
Məmmədov rəhbərlik edir.
Universitetin, onun nüfuzlu professor-müəllim heyətinin
fəaliyyəti, ölkəmiz üçün milli texniki kadrların
hazırlanmasındakı xidmətləri həmişə dövlətimiz və
cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilmiş,
müxtəlif vaxtlarda professor-müəllim heyətinin ayrı-ayrı
üzvləri fəxri adlara, orden və medallara layiq
görülmüşdür.
Ötən il universitetin 60 illik yubileyinin yüksək
səviyyədə keçirilməsi bu ali təhsil ocağına dövlətimiz,
onun rəhbəri tərəfindən göstərilən diqqət və qayğının,
fəaliyyətinə verilən yüksək qiymətin bariz ifadəsinə
çevrilmişdir. Yubiley ərəfəsində möhtərəm
Prezidentimizin sərəncamları ilə Azərbaycan Texniki
Universitetinin rektoru, professor Havar Məmmədov "Şöhrət"
ordeni ilə təltif olunmuş, universitetin bir qrup
əməkdaşı isə fəxri adlara layiq görülmüşdür.
İKT universitetin həyatında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
"2008-2012-ci illərdə təhsil sahəsinin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında" Sərəncamına uyğun olaraq AzTU-da
ciddi işlər həyata keçirilir. Vaxtilə 50-dək köhnəlmiş
kompüteri olan universitetdə bu gün 700-dən çox müasir
kompüter tələbə və professor-müəllim heyətinin
istifadəsinə verilmiş, bütün kafedralar kompüterlərlə
təchiz edilmişdir. Eyni zamanda, universitetdə 10-dan
çox kompüter sinfi, 200-dən çox kompüteri olan
İnformasiya-tədris mərkəzi fəaliyyət göstərir. Sürətli
İnternet şəbəkəsinə qoşulma imkanı tələbə və
müəllimlərin tədris prosesində yeni texnologiyalarla
təhsil almasına, normal işləməsinə şərait yaradır.
Tələbələrin biliyinin qiymətləndirilməsi üçün
universitetin əməkdaşları tərəfindən müasir kompüter
proqramı hazırlanaraq müvəffəqiyyətlə tətbiq edilir. Bu
proqram eyni vaxtda müxtəlif fənlərdən imtahanların
kompüterlə aparılmasına, eyni qrup tələbələrinin isə
eyni fəndən müxtəlif auditoriyalarda imtahan
vermələrinə imkan yaradır.
Universitetə ilk dəfə olaraq müasir kommunikasiya
texnologiyaları - CAD-CAM texnologiyaları ilə idarə
olunan unikal maşınqayırma dəzgahları alınmış və "Tədris-texnoloji
mərkəz" yaradılmışdır ki, bu da tələbələrin dünyanın ən
inkişaf etmiş ölkələrinin tələblərinə uyğun
hazırlanmasında mühüm töhfələr verəcəkdir.
Uğurlu nəticələrdən biri də telekommunikasiya
istiqamətləri bazasının tamamilə müasirləşdirilməsidir.
Belə ki, AzTU-da müasir tipli elektron ATS quraşdırılmış,
"ETİ" firmasının köməyi ilə kommunikasiya sistemləri
üzrə güclü laboratoriya bazası yaradılmışdır. Eləcə də
Çoxkanallı telekommunikasiya sistemləri kafedrasının
bazası yenidən qurulmuş, Radiotexnika kafedrası
radiosiqnalların ötürülməsi və qəbulu sistemi ilə təchiz
edilmişdir. Telekommunikasiya texnologiyaları və
şəbəkələri kafedrasında informasiya şəbəkələrinin
təhlükəsizliyi ilə bağlı kadr hazırlığı üçün müasir
proqramlarla təchiz edilmiş laboratoriya kompleksi
yaradılmışdır. "Elektrodinamika və radioelektron
vasitələr" kafedrası üçün elektromaqnit sahəsinin
ölçülməsi üçün qurğu alınmış və digər audio-video
texnikası ilə təchiz edilmişdir. Fakültədə TASİS
proqramı əsasında yaradılmış laboratoriya fəaliyyət
göstərir.
Təhsil ocağının avtomatika və kompüter texnikası
fakültəsində yeni tədris laboratoriyaları da son illərdə
yaradılmışdır. Burada avtomatika və idarəetmə fənni üzrə
50-dən çox laboratoriya işini yerinə yetirmək üçün
xüsusi laboratoriya qurğusu alınmışdır. Energetik
sistemlərin avtomatik idarə edilməsi ixtisası üzrə
Fransanın ŞNAYDER firmasının hazırladığı müasir
laboratoriya kompleksi yaradılmışdır. Eləcə də paket
proqramlarla təchiz edilmiş xüsusi kompüterləşdirilmiş
laboratoriya təşkil edilmişdir. Burada robotlarla idarə
olunan avtomatlaşdırılmış sistemlər laboratoriyası
fəaliyyət göstərir. Həmçinin energetik sistemlərdə
proseslərin idarə olunması üçün SCADA tipli intellektual
və çoxfunksiyalı inteqrasiya olunmuş laboratoriya
avadanlıqları da quraşdırılmışdır. Avtomatika və
kompüter texnikası fakültəsində Microsoft firmasının
Akademiyası yaradılmışdır. 2008-ci il mayın 8-də
respublikanın regionları və xarici dövlətlərin ali
məktəbləri ilə əlaqə saxlamaq üçün universitetin yeni "Video
konfrans" mərkəzinin təntənəli açılışı olmuşdur. Bu
mərkəzin açılmasında Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi və onun tabeliyində olan
müəssisələrin böyük köməyi olmuşdur.
Universitet alimlərinin ölkə elminə töhfələri
Hazırda 18 elmi-tədqiqat laboratoriyası olan AzTU-da
mühüm əhəmiyyət kəsb edən elmi tədqiqatlar aparılır.
Müasir dövrün tələblərinə uyğun olaraq AzTU-da "Nanostrukturlu
materialların sintezi və tətbiqi problemləri", "Neft və
neft məhsullarının istilik-fiziki xassələri" elmi-tədqiqat
laboratoriyaları fəaliyyətə başlamışdır.
2000-2010-cu illərdə AzTU-nun əməkdaşları tərəfindən
100-dək patent və ixtira alınmışdır. 2009-cu ildə
universitet əməkdaşları 1 Avrasiya patenti almışlar.
Universitetdə elmi-pedaqoji kadrların hazırlığı
məsələsinə də ciddi fikir verilir. Son 10 ildə 6
müxtəlif ixtisası özündə birləşdirən 2 doktorluq
Dissertasiya Şurasında 24 nəfər elmlər doktoru, 80-dək
elmlər namizədi hazırlanmışdır.
AzTU-da aparılan elmi işlərin dünya elminə inteqrasiyası
da daim diqqət mərkəzində saxlanılır. 2005-2010-cu
illərdə AzTU-da 10-dək beynəlxalq konfrans
keçirilmişdir. Son illər universitetin alimləri
tərəfindən xarici ölkələrin elmi məcmuələrində 600-dək
elmi məqalə nəşr edilmişdir.
Hazırda AzTU-nun 10-dək gənc alimi Almaniyanın müxtəlif
ali məktəblərində və elm-istehsalat müəssisələrində
müvəffəqiyyətlə çalışır.
Boloniya sisteminə uğurlu keçid
Müasir tələblərə cavab verən maddi-texniki bazaya və
professor-müəllim heyətinə malik olan AzTU təhsilin
Avropa standartlarına uyğunlaşdırılması, Boloniya
Bəyannaməsinin şərtlərindən irəli gələn prinsiplərin
respublikada tətbiqi istiqamətində də öncüllüyünü
qoruyub saxlayır. Azərbaycan təhsil sisteminin Boloniya
prosesinə qoşulması ilə əlaqədar AzTU da son 10 ildə
fəaliyyəti bu sistemə uyğunlaşdırmaq istiqamətində mühüm
tədbirlər həyata keçirmişdir. 2006-cı ildən əvvəlcə
radiotexnika və rabitə fakültəsində, sonra avtomatika və
kompüter texnikası, mühəndis biznesi və menecment
fakültələrində, 2009-2010-cu tədris ilindən başlayaraq
isə bütövlükdə universitet üzrə kredit sisteminə
keçilmişdir.
Yeni təhsil sisteminə keçidlə əlaqədar universitetdə
təhsilin təşkilində və idarə olunmasında da ciddi
dəyişikliklərə başlanmışdır. Bu zaman Rusiya və inkişaf
etmiş Qərb ölkələrinin qabaqcıl universitetlərinin uyğun
tədris plan və proqramları əsas götürülmüş, habelə
çoxsəviyyəli təhsilin xüsusiyyətləri nəzərə alınmışdır.
Universitetdə xeyli sayda fənlərin tədrisi üçün elektron
dərsliklər hazırlanmış və tələbələrin istifadəsinə
verilmişdir.
Beynəlxalq əməkdaşlığın prioritetləri
Azərbaycan Texniki Universitetinin mühüm uğurlarından
biri də onun beynəlxalq əlaqələrinin müasir dövrün
tələblərinə uyğun qurulmasıdır. Ümumiyyətlə, 2000-ci
ildən etibarən ali məktəbin beynəlxalq əlaqələri
intensiv şəkildə genişlənir. AzTU hazırda Qara dəniz,
Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyalarının,
eləcə də MDB ölkələrinin Ali Texniki Məktəblər
Assosiasiyasının üzvü kimi həmin qurumlar tərəfindən
keçirilən tədbirlərdə fəal iştirak edir.
Universitet "DAAD" və "TEMPUS" proqramı çərçivəsində
Almaniyanın ali təhsil ocaqları ilə də sıx əməkdaşlıq
edir. Belə universitetlər sırasında Aaxen Texniki
Universitetini, Köln Tətbiqi Elmlər Universitetini,
Karsruhe Texniki Universitetini, Braunşvayq Texniki
Universitetini misal göstərmək olar. Almaniya
universitetləri ilə mühəndis hazırlığı həyata keçirən
ali məktəblərin, o cümlədən AzTU-nun əlaqələrinin vacib
sahəsi "TEMPUS" proqramı ilə bağlıdır. Avropa Birliyinin
Təhsil və Mədəniyyət üzrə Komissiyasının verdiyi ilkin
layihələrdən biri hələ 2001-2003-cü illərdə AzTU-da
yerinə yetirilmişdir. Bu layihə Almaniyanın Köln və
Hollandiyanın Heerlen Tətbiqi Elmlər universitetlərində
birgə həyata keçirilmişdir. "Azərbaycan Texniki
Universitetinin elektrotexnika fakültəsində tədrisin
müasirləşdirilməsi" adlanan layihə çərçivəsində "Elektroenergetika",
"Avtomatika və informasiya texnikası" və "Avtomobillərin
elektrik və elektron avadanlıqları" ixtisaslarının
açılması və mütəxəssis hazırlığı həyata keçirilmişdir.
Layihənin reallaşdırıldığı dövrdə seçilmiş müəllimlər
Almaniyanın Köln və Hollandiyanını Heerlen Tətbiqi
Elmlər universitetlərinə ezam olunmuşlar. Həmin
universitetlərin adıçəkilən ixtisaslar üzrə təcrübəli
əməkdaşları layihəyə cəlb olunmuş, AzTU-nun müəllimləri
ilə birgə iş aparmışlar. Nəticədə Avropa standartlarına
uyğun "Elektroenergetika", "Avtomatika və informasiya
texnikası" və "Avtomobillərin elektrik və elektron
avadanlıqları" bakalavr ixtisaslarının tədris planları
işlənmişdir. Hər üç ixtisas üzrə tərəfdaş
universitetlərin iştirakı ilə tədris laboratoriyaları
yaradılmış, onlar kompüter və digər müasir
avadanlıqlarla təchiz edilmişdir. 2007-2009-cu illərdə
bu ixtisaslar üzrə 76 tələbə universiteti bitirmişdir.
Hazırda AzTU-da TEMPUS layihəsi üzrə bakalavr
səviyyəsində 3 ixtisasda 130 tələbə, magistr pilləsində
isə 16 magistrant təhsil alır. Layihə çərçivəsində AzTU-nun
10 nəfər əməkdaşı bir neçə dəfə ayrı-ayrı fənlərin
tədris metodikaları ilə yaxından tanış olmaq məqsədilə
Köln və Heerlen universitetlərində ezamiyyətdə olub.
Qeyd olunan layihələrin həyata keçirilməsi dövründə AzTU-da
bir sıra beynəlxalq konfranslar təşkil olunmuşdur. Əldə
edilən nəticələr müzakirə olunmuş və qarşıda duran
perspektiv planlar müəyyənləşdirilmişdir. Avropa
Komissiyasının monitorinq qrupu bu layihədə görülmüş
işləri müsbət qiymətləndirmiş, alınmış nəticələrin
Azərbaycanın digər ali məktəblərində tətbiqini tövsiyə
etmişdir.
Ötən il oktyabrın 12-də Koreya Respublikasının Xarici
İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikası
Təhsil Nazirliyi arasında Azərbaycan Texniki
Universitetinin Təhsil İnformasiya Sisteminin
yaradılması üzrə Qrant Sazişi imzalanmışdır. Qrant
Sazişi üzrə nəzərdə tutulan işlər Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyi (KOİCA) və AzTU tərəfindən həyata
keçiriləcək.
Hazırda dünyanın 9 böyük ölkəsinin, o cümlədən ABŞ,
Almaniya, Rusiya, İtaliya, Türkiyə, Kanada və digər
ölkələrin universitetləri ilə sıx elmi əlaqələr
mövcuddur.
Ümumiyyətlə, AzTU-da xarici ölkələr üçün mütəxəssislərin
hazırlanmasının 35 ildən çox tarixi vardır. Azərbaycan
Texniki Universitetində bu günə qədər 40-dək ölkə üçün
2250 mühəndis, bakalavr və magistr hazırlanmışdır.
Son 5 ildə 400-dək xarici ölkə vətəndaşı universitetin
məzunu olmuşdur. Təhsil ocağında xaricilər üçün bakalavr
pilləsi ilə yanaşı, magistratura və aspirantura da
fəaliyyət göstərir. Hazırda universitetdə 400-ə qədər
xarici tələbə təhsil alır.
Azərbaycan Texniki Universitetinin ölkə daxilində ali
məktəblərlə, xüsusən də texniki yönümlü universitetlərlə
sıx əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində elmi-pedaqoji
kadrların mübadiləsi həyata keçirilir, əməkdaşlar
tərəfindən birlikdə dərs vəsaitləri, metodik və
göstərişlər, monoqrafiyalar hazırlanır, birgə elmi
tədqiqatlar aparılır, elmi-texniki konfranslar keçirilir.
Ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığın daha da
genişləndirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Bu yaxınlarda həmin məqsədlə Qafqaz Universitetinin
rektoru. professor Ahmet Saniç Texniki Universitetdə
olmuş, burada son illər tədrisin keyfiyyətinin
yüksəldilməsi, maddi bazanın zənginləşdirilməsi yönündə
həyata keçirilən işlərlə maraqlanmış, professor-müəllim
heyəti ilə görüşmüşdür. Görüşdə Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç Texniki Universitetdə
gördüklərindən məmnun qaldığını bildirmiş, burada
modernləşdirmə işlərinin yüksək səviyyədə aparıldığını,
İKT-dən tədrisdə geniş istifadə edildiyini vurğulamışdır.
Görüşdə hər iki universitet arasında mövcud əməkdaşlığın
daha da inkişaf etdirilməsi, müəllim və tələbə
mübadilələri aparılması, birgə layihələrin həyata
keçirilməsi zəruri sayılmış, bütün bunların
reallaşdırılmasına hüquqi zəmin yaradılması üçün Qafqaz
Universiteti ilə Texniki Universitet arasında əməkdaşlıq
haqqında müqavilənin imzalanması barədə razılıq əldə
olunmuşdur.
Azərbaycan Prezidenti tərəfindən elm və təhsilə
göstərilən yüksək diqqət və qayğı, ümumilikdə bütün
sahələrdə qazanılan böyük nailiyyətlər respublikanın
nüfuzlu ali təhsil ocağı olan Azərbaycan Texniki
Universitetinin professor-müəllim və tələbə heyətini
sevindirir. AzTU eyni zamanda elm və təhsil işçiləri
qarşısında müəyyənləşdirilən strateji vəzifələrin
gerçəkləşdirilməsində öz sözünü deyir.
Yusif ƏLİYEV |