Yanvarın
19-da Azərbaycan Dillər Universitetində 20 Yanvar
faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir
keçirildi. Tədbirdən əvvəl universitetin tələbə-müəllim
heyəti Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar
şəhidlərinin məzarları önünə tər qərənfillər düzdülər.
Anım mərasimi universitetin tələbəsi olmuş şəhid Ülvi
Bünyadzadənin adını daşıyan muzey-lektoriyanın
qarşısında oldu. ADU-nun rektoru, millət vəkili,
professor Səməd Seyidov 1990-cı il 20 Yanvar
hadisələrindən 22 il keçdiyini bildirərək bu müddətin az
olmadığını dedi. Hadisələri canlı yaşadıqlarını söyləyən
rektor tədbirdə iştirak edən tələbələrin böyük
əksəriyyətinin həmin hadisələr haqqında kitablardan,
arxivlərdən öyrəndiklərini nəzərə çatdırdı. Rektor
S.Seyidov ADU-nun tələbəsi olmuş 20 Yanvar şəhidi Ülvi
Bünyadzadənin adına yaradılmış muzey-lektoriyanın önündə
toplaşan gəncliyi onun kimi cəsur, vətənpərvər görmək
istədiyini dedi. S.Seyidov xalqın 20 Yanvar tarixini
şərəf tarixinə çevirdiyini xatırlatdı. Təhsillə,
qabiliyyətlərini dünyaya göstərməklə Azərbaycan xalqının
ən yüksək səviyyəli xalq olduğunu sübut etməyin vacib
olduğunu nəzərə çatdıran S.Seyidov bu gün Azərbaycanın
dünyanın ən aparıcı ölkələrinin siyahısında olduğunu
bildirdi. Gördükləri işlərdə ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi
məntiqli daxili və xarici siyasətin nəticələri olduğunu
deyən S.Seyidov bunun nəticəsində Azərbaycana heç vaxt
heç kimin müdaxilə edə bilməyəcəyini, onunla başqa dildə
danışa bilməyəcəyini vurğuladı.
Çıxışının sonunda şəhidlərə bir daha Allahdan rəhmət
diləyən S.Seyidov onları unutmağa heç kimin haqqının
olmadığını dedi.
ADU-nun beynəlxalq münasibətlər kafedrasının müəllimi
Namiq Əsədov, ADU-nun ingilis dilinin leksikası və
ölkəşünaslıq kafedrasının müdiri, professor Məsməxanım
Qazıyeva, 1 saylı ingilis dili fakültəsinin dekanı,
professor Əfqan Abdullayev, fəlsəfə kafedrasının
professoru Məhəmməd Teymurlu çıxış etdilər. Tədbirin
sonunda iştirakçılar Ülvi Bünyadzadə adına muzey-lektoriyaya
baş çəkdilər. Eyni zamanda universitetdə 20 Yanvar
hadisələrinə həsr olunmuş "20 Yanvar milli tariximizdə
fədakarlıq və qəhrəmanlıq zirvəsidir" adlı konfrans
keçirildi. Konfransı açan tərbiyə işləri üzrə prorektor
Ələddin Əliyev 1990-cı ilin yanvar hadisələrini
Azərbaycan xalqının qəhrəmanlıq və rəşadət səhifəsi kimi
xarakterizə edərək qeyd etdi ki, Azərbaycan gəncliyi bu
hadisəni dəqiqliklə bilməlidir. Tarix üzrə fəlsəfə
doktoru Qorxmaz Mustafayev 20 Yanvar hadisələrindən olan
proseslər haqqında məlumat verdi. Fəlsəfə kafedrasının
professoru Məhəmməd Teymurlu 20 Yanvar faciəsi zamanı
şahidi olduğu hadisələr barədə konfrans iştirakçılarına
məlumat verdi. O, öz çıxışında Kreml tərəfindən
dəstəklənən ermənilərin məkrli siyasətini ifşa edərək 20
Yanvar hadisələrini Azərbaycanın vətənpərvərlik və
qəhrəmanlıq salnaməsi adlandırdı.
Şakir CƏFƏROV |