Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
Zalim öyünməsin zülümləriylə,
Minbir böhtanıyla, minbir şəriylə,
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu-hürkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə,
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı el qeyrəti çəkdi şəhidlər.
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Qanıyla qolunu çəkdi şəhidlər
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Bəxtiyar VAHABZADƏ |