Azərbaycan
xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz
qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq
olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən
ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini
bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı
yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda
şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin
fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq
salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan
xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından
keçməyə hazır olan övladları ilə fəxr edir.
Heydər ƏLİYEV
Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi
tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və
iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə
totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı
nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş
ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız
insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara
sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən
Azərbaycan övladları 1990-cı il yanvarın 20-də
xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə
yazdılar.
İlham ƏLİYEV |