Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə
təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan xalqının şanlı oğlu, qüdrətli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin  2012-ci il mayın 10-da anadan olmasının 89-cu ildönümü tamam olur.

Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz işıqlı obrazı yaşayır.

Xilaskarlıq missiyası Ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil etmişdir. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq "imzalar içində imzası olmayan", hətta keçmiş SSRİ məkanında belə yaxşı tanınmayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilmişdir. 1982-87-ci illərdə fövqəldövlət olan keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi ən çətin və mürəkkəb sahələrə nəzarət edən Ümummilli liderimiz müstəsna təşkilatçılığı, siyasi uzaqgörənliyi, iti zəkası və qibtə olunası işgüzarlığı ilə xalq arasında böyük hörmət və şöhrət qazanmış, Heydər Əliyev fenomeni xarici dövlətlərin tanınmış siyasi liderlərinin və kütləvi informasiya vasitələrinin daim diqqət mərkəzində olmuşdur.

Ötən əsrin 90-cı illərinin əvvəlində naşı və səriştəsiz rəhbərliyin nəticəsi olaraq Azərbaycanda yaranmış siyasi başıpozuqluq, iqtisadi və sosial böhran, vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yenə də müdrik və yenilməz şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi  hakimiyyətə ikinci dəfə qayıdışı ilə aradan qaldırıldı, dövlət çevrilişlərinin qarşısı alındı və Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.

Bu gün ölkəmizin hüdudlarında dillər əzbəri olan "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir" ifadəsi dövrün reallığını əks etdirən danılmaz həyat həqiqətidir. Dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, milli mənəvi dəyərlərin dirçəlişində, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində  ölçüyəgəlməz xidmətləri Ulu Öndərə sonsuz ehtiram, məhəbbət və əbədiyyət qazandırmışdır.

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı, təhsil işçilərinə müntəzəm diqqət və qayğı Ümummilli liderimizin ciddi önəm verdiyi prioritet istiqamətlərdən biri olmuşdur. Təhsili millətin gələcəyi adlandıran Ulu Öndər ölkəmizdə təhsil islahatlarının aparılmasını ciddi vəzifə kimi qarşıya qoymaqla 1999-cu il iyunun 15-də "Azərbaycanın təhsil sahəsində islahat Proqramı"nı təsdiq etmiş, islahatyönümlü tədbirlərin Dünya Bankının Beynəlxalq İnkişaf  Assosiasiyası ilə birgə həyata  keçirilməsinin təşəbbüskarı olmuş və beləliklə də ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyası yolu ilə inkişafına möhkəm zəmin yaratmışdır.

Böyük azərbaycanlı, dünya azərbaycanlılarının fəxri, milli və mənəvi lideri Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz ideyalarının işığında ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə  inamla addımlayır. 2003-cü ildən bu günədək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi möhtəşəm uğurlar Heydər Əliyev ideallarına, Ulu Öndərin siyasi kursuna sadiqliyin əyani təzahürüdür.

Ümummilli lider Heydər Əliyevin əzəmətli şəxsiyyəti, Ulu rəhbərin Azərbaycana, doğma xalqına həsr edilmiş ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir. Təhsil işçiləri, bütövlükdə pedaqoji ictimaiyyət böyüməkdə olan indiki gənc nəslin hər bir nümayəndəsinin dahi Heydər Əliyev nümunəsində tərbiyə olunmasına Vətən və xalq qarşısında ən başlıca vəzifə kimi münasibət bəsləməli, bu işin yerinə yetirilməsində yüksək qətiyyət və əzmkarlıq göstərməlidirlər.

Qeyd olunanları nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, texniki peşə, ali və orta ixtisas təhsili müəssisələrinin, Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrinin rəhbərləri 2012-ci  il fevral ayından başlayaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə xüsusi tədbirlər müəyyənləşdirib həyata keçirilməsini təmin etsinlər.

2. Respublikanın ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin zəngin  həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilsin. Müsabiqənin məktəb və rayon (şəhər) mərhələləri aprel ayının 10-dək yekunlaşdırılsın.

3. İnşa müsabiqəsinin yekun mərhələsi Təhsil Nazirliyinin müəyyən etdiyi vaxtda Bakı şəhərində keçirilsin.

4. Müsabiqənin yekun mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:

4.1. Ümumtəhsil məktəbləri üzrə  - hər rayon və şəhərdən 1 (bir) nəfər.

4.2. Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələri üzrə - 5 (beş) nəfər.

4.3. İlk peşə-ixtisas təhsili müəssisələri üzrə - 10 (on) nəfər.

5. Naxçıvan Muxtar Respublikasında bu əmrdə qeyd olunan tədbirlərin müəyyən edilən müddətlərdə Naxçıvan MR Təhsil Nazirliyi və digər aidiyyəti təhsil müəssisələri tərəfindən  müstəqil yerinə yetirilib yekunlaşdırılması məqsədəuyğun hesab edilsin.

6. İlk peşə-ixtisas təhsili müəssisələri və Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələri şagirdlərinin inşa yazılarının nəzərdən keçirilərək yekun mərhələdə iştirak üçün qaliblərin müəyyənləşdirilməsi işinin təşkili Təhsil Nazirliyi Aparatının rəhbəri İ.Pirməmmədova həvalə olunsun.

7. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) inşa yazı müsabiqəsinin yekun mərhələsinin səmərəli təşkili, başa çatdırılması, qaliblərin müəyyənləşdirilməsi məqsədilə lazımi tədbirlər görsün, ən yaxşı inşaların toplu şəklində nəşr olunması üçün  İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) ilə birgə təkliflər hazırlasın.

8. Ali və orta-ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Elm şöbəsi (G.Hüseynova)  2012-ci ilin fevralından etibarən ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə birlikdə Ümummilli lider Heydər Əliyevin elm, təhsil və iqtisadiyyatın inkişafı sahəsində genişmiqyaslı fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans, "dəyirmi masa" və seminarların keçirilməsi üzrə  lazımi tədbirlər görsünlər.

9. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) 2012-ci ilin fevral-aprel aylarında ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsi və sərgisinin, habelə müxtəlif növlər üzrə idman  turnirlərinin keçirilməsini təmin etsin.

10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

11. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
17 yanvar 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov