| 
						
						Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 
						26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. 
						Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq 
						normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi 
						şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi 
						heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək 
						azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.
						 
						
						Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan 
						şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc 
						sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat 
						ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 
						70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər 
						üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin 
						kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına 
						son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq 
						isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc 
						Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov 
						götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi 
						indiyədək məlum deyil. 
						
						Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın 
						hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı 
						genişmiqyaslı təcavüzə başladı. Ermənistan-Azərbaycan, 
						Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız 
						öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil 
						oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. 
						Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə 
						qaldı. 
						
						Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, 
						Avropa Parlament Assambleyasının və bir sıra beynəlxalq 
						qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
						münaqişəsinin nizamlanması və problemin ölkəmizin ərazi 
						bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair 
						qətnamə və qərarlarına baxmayaraq, bu günə qədər ATƏT-in 
						Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir 
						nəticə verməmişdir.  
						
						Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin 
						XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik 
						təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı 
						soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, 
						xarici ölkələrin parlamentlərinə çatdırılmalı, 
						Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə 
						yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq 
						miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. 
						 
						
						Xocalı soyqırımı zamanı qətlə yetirilmiş 
						həmvətənlərimizin xatirəsini faciənin iyirminci ildönümü 
						ərəfəsində dərin hüznlə bir daha yad edərək və 
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikası Prezidentinin 
						Administrasiyası Xocalı soyqırımının iyirminci ildönümü 
						ilə bağlı tədbirlər planı hazırlayıb onun həyata 
						keçirilməsini təmin etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 17 yanvar 2012-ci il
 |