| 
						
						Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə 
						geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz 
						vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif 
						səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala 
						layiq görülməsi bunun əyani sübutudur, Olimpiya 
						oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal 
						isə böyük tarixi nailiyyətdir. 
						
						İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, 
						Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki 
						bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya 
						kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz 
						mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana 
						çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və 
						boks üzrə dünya çempionatlarının, habelə bu il futbol 
						üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi, 
						paytaxtımızın 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev 
						sahibliyi üçün namizədliyinin irəli sürülməsi bunu bir 
						daha təsdiq edir.  
						
						Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya 
						hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm 
						şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri 
						arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni 
						idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, 
						eləcə də idmançılarımızın London Olimpiadasında, dünya 
						və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda 
						yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə, 
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. 2012-ci il Azərbaycan Respublikasında "İdman ili" 
						elan edilsin.  
						
						2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 
						Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə 
						birlikdə 2012-ci ilin Azərbaycan Respublikasında "İdman 
						ili" elan edilməsinə dair tədbirlər planını hazırlayıb 
						bir ay müddətində Azərbaycan Respublikasının 
						Prezidentinə təqdim etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 16 yanvar 2012-ci il
 |