2012-ci il TÜRKSOY çərçivəsində M.F.Axundzadə ilidir
Zəngin,
minilliklə ölçülən tarixi olan Azərbaycan ədəbiyyatı
tarixində Mirzə Fətəli Axundovun öz yeri, təsiri və
əbədi nüfuzu var. Tarixin ədalətini sınamağa ehtiyac
yoxdur. 1912-ci ildə böyük ədibin 100 illik yubileyi ilə
bağlı Firudin bəy Köçərli təəssüf və kədərlə yazırdı ki,
mərhumun (M.F.Axundovun - müəl.) qədrini bilsə idik,
haqqında bir yaxşılıq və ehsanat edərdik; yadigaranəsi
üçün məktəblər, kütübxanalar, teatrlar açardıq,
stipendiyalar təyin edərdik... XX əsrin əvvəllərində bir
arzu olaraq qələmə alınan bu sətirlər artıq həqiqət və
reallığa çevrilib: ölkənin ən böyük kitabxanası,
paytaxtda yaraşıqlı bağ, respublikanın şəhər və
qəsəbələrində, kəndlərdə küçə, məktəb M.F.Axundovun
adını daşıyır. Bir əsrdə iki dəfə müstəqillik qazanan
Azərbaycanda xalq ölkə Prezidentinin sərəncamı ilə "Mənim
millətimin təbii qabiliyyəti Avropa millətlərinin təbii
qabiliyyətindən qat-qat artıqdır" demiş qüdrətli
sənətkar, ictimai xadim və böyük mütəfəkkirin 200 illik
yubileyinə hazırlıq görür.
M.F.Axundov sənətinin ədəbi-bədii, ictimai-tarixi
dəyərləri
Haqqında genişmiqyaslı tədqiqatlar aparılmış şair, nasir,
dramaturq, filosof, əlifba islahatçısı, ədəbi tənqidi
fikrin ilk nümayəndəsi olan Axundovun bədii irsinin ən
böyük dəyəri, keyfiyyət və üstün məziyyətləri onun əsl
həyatiliyi, dərin xəlqiliyi, sadəlik və təbiiliyi, milli
xalq yaradıcılığı ənənələrindən qaynaqlanan obrazlılıq -
bədiiliyi, dünya - Qafqaz kontekstində dünyəviliyi
nümayiş etdirən regionallığı, Şərq-Qərb məkanının tarixi
- çağdaş üstünlüklərini bədii-etik, ictimai-estetik,
qlobal - milli məzmunda əks etdirməsidir.
Dünyəvilik və qloballıq parametrlərində dəyərlərin
tədqiqini mütəxəssislərin öhdəsinə buraxaraq, bu qələm
məhsulumuzda Mirzə Fətəli Axundovun bədii irsində xalq
yaradıcılıq ənənələri və folklor materiallarından
istifadə faktlarından bəhs etməyə çalışacağıq.
***
M.F.Axundovun xalq yaradıcılığı ilə bağlılığı mövzusu
F.B.Köçərli, F.Qasımzadə, Ə.Dəmirçizadə və başqa
alimlərin məqalələrində, monoqrafiyalarında
araşdırılmışdır. Bu baxımdan filologiya elmləri doktoru,
professor Paşa Əfəndiyevin "Böyük ədib və xalq
yaradıcılığı" məqaləsi ("Ədəbiyyat və incəsənət",
12.06.1987) maraq doğurur. Ədibin əsərlərində "xalqımızın
adət, ənənə, etiqad, milli xüsusiyyətlərinə aid bolluca
material toplanmışdır" fikrini vurğulayan folklorşünas
alim araşdırmasında onun xalq məzhəkə və
qaravəllilərindən, aşıq poeziyasının qoşma, təcnis
formalarından istifadə etdiyini təhlil etmiş, onun
əsərinin Molla Cümə şeiri ilə müqayisəsini aparmış,
ədibin arxivindəki "Dədə Qorqud kitabı" ilə bağlı xalq
mahnısı faktını xatırlatmışdır. Özünün kiçik
mülahizələrini professor P.Əfəndiyev belə
ümumiləşdirmişdir:
"...M.F.Axundov zəngin və rəngarəng şifahi
yaradıcılığımızı, etnoqrafiyamızı çox gözəl bilirdi və
yeri gəldikcə öz hərtərəfli fəaliyyətində bunlardan
yaradıcı surətdə faydalanırdı".
Mərhum folklorşünas alim Əli Saləddin "Folklora bağlı
sənət" ("Azərbaycan gəncləri", I4.IX.1982) adlı
məqaləsində yazırdı: Dramaturgiyada xalq yumor və
satirasından istifadə edən sənətkar şeir sənətində də ən
çox aşıq yaradıcılığı ilə yaxın olmuşdur. Yazıda "Şərq
poeması"ndakı folklorla bağlı ünsürlərdən - Ayın
müqəddəs adamlardan birinin barmağının tuşlanması ilə
istədiyi yerə hərəkət etməsindən, Puşkin şeirinin
tilsimindəki ifadəsindən, tilsim anlamından,
M.F.Axundovun "Məni", "Ayə" rədifli təcnislərindən
söhbət açılmışdır.
***
M.F.Axundovun poema və şeirlərinin kiçik müşahidəsi bu
araşdırmaların real faktlara əsaslandığını göstərir.
Məsələn: "Zəmanədən şikayət" şeirində "Yaman gündə dada
çatmaq", "Zakirə məktub"da "...yaxın olmaq", "...bəxtin
indi sənə tuş gəlib", "yüz il xidmət edə oda bir adəm,
Yenə düşən dəmdə ona, bil, yanar", "Şərq poeması"nda "Dərdim
yazmaq üçün çatmayacaq bəlkə varaq" kimi xalq ideom və
ifadələri iki baxımdan diqqəti cəlb edir:
1. M.F.Axundov xalq dilinin incəliklərini bilmiş, məişət
üslubunda işlənən ifadələri alaraq onlara bədii üslubda
işlənmə funksiyası vermişdir.
2. Bu ifadələr əslində xalq yaradıcılıq ənənələri
süzgəcindən keçmişdir və M.F.Axundov bunu yazılı
ədəbiyyata gətirməklə sabitləşdirmişdir.
"Aldanmış kəvakib" povestinin dilində də bu qəbildən
olan ideom və ifadələr, az da olsa, var. Lakin
folklorizm faktları ədibin dramaturgiyasında həm janr
müxtəlifliyi, həm də nümunə bolluğu ilə diqqəti daha çox
cəlb edir.
Həyatı, təbiəti, məişəti və ən başlıcası insan
mənəviyyatını, insan psixologiyasını və ictimai-siyasi
münasibətləri, etik-milli və bəşəri-tarixi dəyərləri
geniş tutumda, zəngin məzmunda, həyati və dinamik
şəkildə, görmə, eşitmə, canlı müşahidə və dərketmə
vasitəsilə əks etdirən ədəbi janr dramdır.
Hissi - emosional tərənnüm insanı duyğulandırır, həyəcan
və qısaömürlü təəssüratlar lirikanın, poeziyanın təsiri
ilə bağlıdır.
Geniş həyat lövhələrinin və epizodlar silsiləsinin epik
vüsəti oxucunu duyğular, düşüncələr, əqli-hissi
hadisələr axarına salır, onu tərbiyə edir, dəyişdirir,
bir şəxsiyyət-vətəndaş kimi formalaşdırır.
Dramatik növün hər üç janrı bu baxımdan fərqlidir və
əslində dram əsəri həyatın, məişətin kiçik miqyasda
özüdür. İnsan bu janrda olan əsərdə özünü görür, özgəni
müşahidə edir; insan öz soydaşının psixologiyası
timsalında bəşəriliklə barbarlığı, bədxahlığı,
əzazilliyi, namərdlik və riyakarlığı, xəsislik və
paxıllığı... əyani-emosional şəkildə dərk edir. Bu
mənada dram janrına yüksək dəyər verən təfəkkür
sahibləri haqlıdırlar.
M.F.Axundovun ədəbi irsinə bir ədəbiyyatşünas və pedaqoq
kimi dərindən bələd olan Firudin bəy Köçərli yazırdı:
"Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın
bu növündə əsərlər vücuda gətirmək üçün elm və savaddan
başqa təcrübə, bilik və millətin məişətinə ətraflı
(kursiv müəl.) bələdiyyat (bələdlik-müəl.) dəxi
lazımdır. Bunlardan əlavə fitri bir istedad və yaradıcı
bir qüvvə, bir təbii-füsunsaz, bistilahi-türki "Allah
vergisi" lazımdır ki, bir yandan görüb-eşitdiyini
götürüb yetirə bilsin və bir tərəfdən öz fikrü xəyalatı
ilə yoxdan var etsin.
Bu "allah vergisi", yoxdan vücüda gətirmək qüvvəsi
mərhum Mirzə Fətəlidə kəmalınca var imiş. Bu sözlərin
doğru olmağına onun komediyaları möhkəm dəlil və aqil
şahiddir".
Bütün bunlar Mirzə Fətəli Axundovun şəxsiyyətində üzvi
şəkildə birləşmişdir. Bunu təsdiq edən ədəbi faktlar -
xalqın qan yaddaşı ilə sıx bağlı olan yaradıcılığının
müxtəlif biçimli janrları - atalar sözləri, lətifə
motivləri və ya lətifə, qaravəlli nümunəsi, xalqın
aforistik leksik fondunu təşkil edən folklor
inciləridir.
Azərbaycan ədəbi fikrinin korifeylərindən olan, özü xalq
ədəbiyyatı toplayıb yaşatmaq niyyətini ali məqsəd sayan
və bunları gəncliyə - milli seminaristlərə öyrədən böyük
millət fədaisi Firudin bəy Köçərli M.F.Axundovun
əsərlərindəki qəhrəmanlarda müxəliflik və orijinallığı,
fərq və rəngarəngliyi müşahidə edərək heyrət və vətəndaş
təəssübkeşliyindən doğan oxucu sevincini belə ifadə
etmişdir:
"Əkinçidən tutmuş vəzirə və padşaha kimi hər hansı
sinfin dilindən söz açırsa, elə bir sayaqda söyləyir ki,
guya müsənnif haman o sinfin və dairənin özündəndir və
yainki onların sözlərini eşitdikcə bir-bir sinəsinə
yığıbdır. Bu qabiliyyətdən əlavə Mirzə Fətəlinin dilində
artıq dərəcədə nəməkrizlik, zarafat və şirinlik var".
Mirzə Fətəlinin dilindəki "artıq dərəcədə nəməkrizlik
(duzluluq - müəl.), zarafat və şirinlik komediyalarında
öz tarixi-bədii əksini tapmışdır.
Müəllim və tələbələrin, magistrantların, ümumiyyətlə,
oxucuların marağını nəzərə alaraq, komediyalardan xalq
deyimlərini, ideomatik ifadələri, atalar sözlərini
əsərlər əsasında faktlar olaraq yazıya əlavə edirik.
"Molla İbrahimxəlil kimyagər" əsərindəki "bir
qəbirstanlıq adam qırdın", "qarpız suyu ilə qızdırmaya
müalicə etmək", "qış tapsan, yaz tapmazsan; yaz tapsan,
qış tapmazsan", "meymunu yadınıza salmayasınız və meymun
şəklini xatirinizə gətirməyəsiniz" kimi ifadələr əslində
obrazların əməllərini çox yığcam və dəqiq şəkildə əks
etdirir.
Komediyalarda işlədilmiş folklor nümunələri, yaxud xalq
aforistik leksikasının inciləri obrazların hadisələrə
münasibətini aşkarlayır, onun mənəviyyatının nişanəsi
kimi üzə çıxır.
"Hekayəti-Müsyö Jordan həkimi-nəbatati və dərviş Məstəli
şah cadukünü-məşhur" əsərində faktları nəzərdən keçirək:
"Allahı sevərsən, öz yanından zad quraltma", "Parisdə
onun nə iti azıbdır?"; "Vallah, ona bir töv tutaram ki,
gəldiyi yolu da azar, özü də Parisi unudar";
"...analı-qızlı iki pulluq ağlınız yoxdur", "Papağı
çevirərsən, il gələr keçər", "... gül üzdü uşağın ah
çəksin, qan tüpürsün, saralıb cana dönsün, incəlib ipə
dönsün?!"; "Tamam Parisin qızları qurban olsun sənin bir
tükünə!"; "Mənim ki, sənin tək gözəl yarım var, behişt
huriləri gözümə görünməz. Sənsiz mənim bir günüm
olmasın!"; "...get başqa şəhərlərə ki, əl çatsın, ün
çatsın", "Mənim ürəyimə bir ox vursaydın yaxşıdı ki, bu
sözü üzümə dedin", "... gül üzlü uşağımı ...ağlar-sızlar
qoysun", "Biy, arvad, sənin ürəyin daşdır, nədir?";
"Qurunun oduna yaşlar da yanacaq..."; "...alıcı quş
kimi..."; "kəklik sürüsü kimi..."; "Doğru deyirsən,
balam, burun-qulaq başa sədəqə"; "...özüm başımı qoymağa
yer tapmıram".
Bu cümlə və ya ifadələr dramaturji məqamları aydın
təsəvvür etməyə, obrazın psixologiyasını duymağa bədii
əsas verir.
"Hekayəti -xırs quldurbasan" komediyasının el yatırı
bunlardır: "...allahı sevərsən, mənim ürəyimi qana
döndərmə! Mənim öz dərdim özümə bəsdir", "Anamın gözünün
ağı-qarası bir mənəm", "...anamın günü qara olar";
"...ürəyimə bir az su səp get!", "...iki atın arpasın
bölə bilmənəm...", "kimlə gap eyliyirsən?", "Onda mən
zamın ki, qurd qoyun ilə otlaya!", "boş-boş danışma,
səndən karvan vuran olmaz!"; "...məscid tikilməmiş kor
əsasın dayadı"; "Artıq tikə məgər baş yarar?"; "...
ətimizi tökmə", "...keçən işi indi çürükçülük eyləyib
danışmaq...."; "Quşdan qorxan darı əkməz"; "...igidlik
ondur, doqquzu qaçmaqdır"; "Yaman yerdə gün axşam
oldu!"; "Sən bir toyuq öldürə bilməzsən"; "...bir tük
qədəri də inanmırlar", "...itilin gözümün önündən";
"...gözümün işığı"; "Özgəyə quyu qazan özü düşər";
"Bağırsaqlarını ayağına dolaşdırram"; "...qarnın tüstü
ilə dolduracağam".
Bu baxımdan ötən əsrin 80-ci ill ərində tamaşaya
qoyulmuş "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
komediyasındakı bir-iki fakt kifayətdir:
"...sümüyüm duymuşdu"; "itil gözümün önündən..."; "Məgər
aslan ürəyi yemisən?".
Bu komediyanın folklor yükünü xanın divanxanada
şikayətlərə baxarkən dediyi hökmlər-lətifə və qaravəlli
təşkil edir. - Get sən də vur onun atının gözünü çıxart!
- hökmü qeyri-sağlam əql sahibinin dilindən çıxar.
Əsərdə vəzirin əxlaq və tərbiyəsini əks etdirən
söyüşlər: "Kəs səsini, it oğlu it"; "Səsin kəs, eşşək
toxumu, eşşək". Vəzirin qadınlarının müraciətlərinə
nəzər salaq: "Ay ləçər. Ləktəsən də, ləçərsən də,
kovunsan da".
"Sərgüzəşti-mərdi-xəsis" komediyası xalq deyimləri ilə
zəngindir
"Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz
axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd
bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm";
"Avazın yaxşı gəlir, oxuduğun Quran olsa!"; "Görəsən
genə hansı dəli qudurmuşa rast gəldi...."; "Kazaklar
onun tükünü didərlər"; "...ürəyimi dağlama!"; "...şilə
verənin əli qurğuşun imiş!"; "...dükanın qabağın kəsmə,
müştəri gəlir"; "...bir adamdan Allah alsa, bəndə vermək
ilə dövlət olmaz"; "Məndən bir kimsənə güldən ağır söz
eşitdiyi yoxdur!"; "...ağrın mənə gəlsin!"; "quş
qorxusundan qanad salır!"; "...Araz aşığımızdandır, Kür
topuğumuzdan!".
Və nəhayət, sonuncu dram əsə
rinə - "Mürafiə vəkillərinin hekayəti"nə nəzər salaq:
"...Tarı yanında nə günahın sahibiyəm"; "nə karədir bir
arşın ölçən..."; "Onu itdən biabr edərəm!"; "...gözlərin
acıqdan qan çanağına dönübdür"; "Sən axirət dünya mənim
qardaşım ol"; "Könülə ki güc yoxdur?"; "...əlindən
gələni əsirgəmə! Əsirgəsən, namərdsən!"; "Yüz qarğaya
bir sapan daşı!"; "Ağa Mərdan yerin-göyün
haramzadasıdır"; "...quyruq bulasınlar" və s.
***
Buraya qədər qeyd olunanlar atalar sözləri, ideomatik
ifadələr, frazeoloji birləşmələr olub, xalq məişətini,
xalq dilinin poetik zənginliyini əks etdirir.
Bunlarla yanaşı, komediyalarda aforistik folklor
janrları olan alqış və qarğışlar, andlar da işlənmişdir.
"Molla İbrahimxəlil kimyagər"də işlənmiş qarğışlar:
"Allah evinizi yıxsın".
"Müsyö Jordan və dərviş Məstəli şah"da işlənmiş alqış və
ya andlar: "Allah, dərdini əsirgə...": "...vallah, quran
haqqı, dayımm canına"; "Uşağı yerə girsin"; "A yerə
girmiş"; "Bıy, allah, torpaq başıma"; "...Allah
səbəbkara bəla versin!"; "Bunun babalı olsun oların
qızlarının boynuna...".
"Hekayəti-xırs quldurbasan"dakı qarğış: "Sənin qadan
dəysin Tarverdinin böyrünə".
"Hekayəti-mərdi-xəsis"də əsasən Hacı Qara və Tükəzin
dilində işlənmiş qarğışlar: "Evin dağılsın çit satan!";
"Qapın çırpılsın şilə verən"; "Çadra verən, səni görüm
heç uğuruna xeyir gəlməsin!"; "Sağ-salamat satdığın
malın qazancın yemiyəsən!"; "...Kəbeyi-beytullah haqqı,
qurana and olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyunu
görməyim"; "Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur";
"Dükanı Allah batırsın, malı yoxa çıxsın!"; "Səni görüm
boğazın elə tutulsun ki, su da keçməsin, ay göyərmiş!";
"Torpaq sənin başına"; "Səni lənətə gələsən arvad!";
"Toxumunuz yer üzündən götürülsün!".
"Mürafiə vəkillərinin hekayəti"ndəki aşağıdakı qarğışlar
kişilərin dilində işlənir: "Yalançının evinə od
düşsün!"; "Bah, balan ölsün, kişi!"; "Yalançının evi
yıxılsın!".
Folklorlaşan obrazlar, ifadələr
Folklorla bağlılıq, el sənəti ilə diferensiallaşma
Axundov irsini xalqa daha da yaxınlaşdırmış, onun
mənəvi-estetik sərvətinə çevirmişdir. Xalq həyatını,
xalq məişətini, xalq psixologiyasını əks etdirməsi, bu
zaman xalqın söz xəzinəsindən istifadə Mirzə Fətəli
irsini xəlqiləşdirmişdir.
"Molla İbrahimxəlil kimyagər" komediyasının qısa
məzmununu xatırlamağa ehtiyac yoxdur. Əsərin
həyatiliyini, təsvir və ifadələrin təbiiliyini,
sənətkarın xəlqiliyini bu gün folklorlaşmaqda olan
aşağıdakı faktlar bir daha təsdiq edir: "...hər kəsin öz
sənəti özünə iksirdir"; "...doğru söz acı olar".
Hacı Nurunun dediyi sözlər bu gün atalar sözü kimi
işlənməkdədir. Bu gün məqamından asılı olaraq "meymunu
yadına salma" ifadəsi tez-tez işlənir.
"Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasında
dramaturq lətifələrdən bacarıqla istifadə etmişdir.
Xanın şikayətlərə baxarkən çıxardığı hökmlər bu gün
Molla Nəsrəddin lətifələri şəklində yaşamaqdadır. Ədib
bu lətifələrdən istifadə etməklə səriştəsiz, boşbeyin və
ağılsız xanı xalq gülüşü ilə öldürmüşdür.
Xəsislik dünya ədəbiyyatında geniş yayılmış mövzudur. Bu
mövzuda çoxlu əsərlər yaradılmışdır. Həmin əsərlər
sırasında "Hacı Qara" xüsusi yer tutur. Bu komediyada
qəpik-qəpik yığıb xəzinə sahibi olan, amma nə özü
xərcləyən, nə də ailəsinə sərf edən Hacı Qara rəzil,
qorxaq, xəsis bir surət kimi təsvir olunmuşdur. Hacı
Qara həm də hazırcavab, çətinliklərdən çıxmağı bacaran
bir surətdir. O, şifahi ədəbiyyatımızdakı xəsis culfa
surətini xatırladır.
Culfa da Hacı Qara kimi tədbirlidir. Qaynına bir tikə
çörək verməmək üçün uşağın beşiyini özü yırğalayır,
palçıq ayaqlayır, buğdanı yeyən quşları özü qovur. Lakin
sonra ən mənfur hərəkətlərinə cavab olaraq
cəzalandırılır. Hacı Qara da belə bir aqibət sahibi olur,
bir abbası üçün naçalnikin qabağında diz çöküb yalvarır,
mənən daha da alçalır, olan-qalan ləyaqətini ayaqlar
altına salır. Bu gün Hacı Qara da folklorumuzdakı Culfa
kimi xəsisliyin, rəzillik və dövlətə hərisliyin simvolu
kimi danışıqda işlənməkdədir.
Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli
şah" komediyasının əsasında çəkilmiş "Dərviş Parisi
partladır" adlı bədii filmin nümayişindən sonra bu əsər
özünün ikinci kütləviləşmə dövrünə daxil olmuşdur.
Belə ki, bədii filmdə səsləndirilən "Paris əhli kef edir",
"Ay axmaq, bu qədər də barıt qoyarlar?" və s. ifadə və
cümlələr dillərdə dolaşmaqdadır.
Yaxud "Hekayəti-xırs quldurbasan" əsərindəki əzvay və
fərsiz Tarverdi, "Sərgüzəşti-vəziri-xani Lənkəran"dakı
vəzir Mirzə Möhsün, "Hacı Qara"dakı nökər Kərəməli,
hakimiyyəti qısamüddətli olan Yusif Sərrac kimi obrazlar
bu gün həm xalq arasında məişətdə, həm də ədəbi
yaradıcılıqda müqayisə tərəfi, bənzətmə vasitəsi kimi
işlənməkdədir. Beləliklə, bu ifadə, ideom və aforizmlər,
obrazlar kütləviləşmə, folklorlaşma mərhələsindədir.
Düşüncələrin tarixi təsdiqi
"Qafqaz" qəzetinin 19 avqust 1853-cü il tarixli
nömrəsində (N 61) yazılmışdı: "Canlı şəxsləri qələmə
almaqla, onların məişətini düzgün təsvir etməklə o (M.F.Axundov
- red.), elm və etnoqrafiya üçün böyük iş görmüşdür.
Bundan əlavə o, azərbaycanlıların adət-ənənələri
haqqında quru traktat deyil, canlı insanları təsvir
edən dramatik parçalar təqdim etməklə, sadə oxuculara da
böyük yardım göstərmişdir. Bir vaxtı gələcək ki, bu gün
dönüb keçmiş olacaq və bugünkü mollaların, bəylərin,
mirzələrin nəvələri Avropa təhsili alacaqlar. Biz əminik
ki, bu zaman hər hansı alim XIX əsr Zaqafqaziya
müsləmanlarının ictimai və şəxsi həyatı haqqında
tədqiqat işi aparırkən...Axundovun komediyalarına
əsaslanacaqdır. Biz buna tam əminik. Çünki Axundovun
komediyalarından biz onun öz xalqının adət-ənənələrilə
gözəl tanış olduğunu görürük".
Tarix bu faktı XXI əsrdə təsdiqlədi. Sənətkar qüdrəti
budur.
Şamxəlil MƏMMƏDOV,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət
Universiteti
"Folklorşünaslıq" elmi-tədqiqat laboratoriyasının
rəhbəri |