Türkiyədə icbari təhsil 12 il olacaq
Türkiyə
Böyük Millət Məclisinin təhsil komissiyasının
hazırladığı yeni qanun layihəsinə əsasən ölkədə icbari
təhsil müddəti 12 il olacaq. Yaxın vaxtlarda
parlamentin müzakirəsinə təqdim olunacaq qanun layihəsi
ilə 8 illik təhsil müddəti 12 ilə qədər artırılır.
İcbari 12 illik təhsil 3 mərhələdə (4+4+4) həyata
keçiriləcək: 4 il ibtidai, 4 il yönləndirmə və orta
təhsilə hazırlıq, daha 4 il orta təhsil. Hazırda ölkədə
ibtidai təhsil özündə aralıq məktəb təhsilini də
birləşdirən 8 illik təhsildir və fasiləsiz əsas təhsil
hesab olunur. Əgər yeni qanun layihəsi qüvvəyə minərsə,
onda orta məktəb mərhələsində təhsil bərpa olunacaq,
ibtidai təhsil isə iki mərhələyə bölünəcək.
Yenilik mərhələ-mərhələ həyata keçiriləcək. İbtidai
məktəbi başa vurmuş şagirdlər təhsillərini davam
etdirmək üçün orta məktəbdə qeydiyyatdan keçməlidirlər.
Qeyd olunur ki, indiki şagirdlər əlavə qeydiyyatdan
keçməyəcəklər. Yeni qanun layihəsinə müvafiq olaraq
təhsilin 4 illik mərhələsini bitirən şagirdlər həmin
məktəbdə təhsillərini davam etdirə və ya digər təhsil
müəssisəsinə keçə bilərlər. Parlament qanun layihəsini
qəbul edərsə, onda ölkənin Milli Təhsil Nazirliyi dərs
planını yeni qaydalara müvafiq quracaq. Türkiyənin "Hürriyyət"
qəzetinin yazdığına görə, ölkənin milli təhsil naziri
Ömər Dinçər də yeniliyi dəstəkləyir.
2025-ci ildə Almaniyada ali təhsilli 2,5 milyon
mütəxəssis çatışmayacaq
Almaniyalı
məzunların yaxın illərdə işədüzəlmə problemi həll
olunmayacaq. 2012-ci ilin proqnozlarına görə, ali
məktəblərin gələcək məzunlarının qarşıdakı karyerası ilə
bağlı bədbinliklə danışmaq olar. Hazırda əmək bazarında
peşəkar kadr çatışmazlığı müşahidə olunur. Daha çox
hansı ixtisas sahibləri gələcəkdə işlə təmin oluna bilər?
Məlumatlara görə, ölkənin bir sıra qabaqcıl şirkətləri
istedadlı mütəxəssislər axtarışındadır. McKinsey
konsaltinq şirkətinin hesablamalarına görə, 2025-ci
ildə yalnız Almaniyada ali təhsilli 2,5 milyon
mütəxəssis çatışmayacaq. Bu il daha çox mühəndis, tibb
və elektrotexnika və tikinti mühəndislərinin iş tapmaq
şansları yüksəkdir. Bu sahə üzrə ixtisaslaşmış xarici
mütəxəssislər üçün də ölkənin qapıları açıqdır.
Bundesagentur für Arbeit - Federal Əmək Agentliyinin
məlumatına əsasən, riyaziyyat, informatika, təbiət və
texniki elmlərə yiyələnmiş mütəxəssis kadrlara daha çox
tələbat var.
Digər tərəfdən ictimaiyyat və humanitar sahələrin
mütəxəssislərinə, tarixçilərə, sosioloqlara,
filoloqlara iş tapmaq xeyli çətin olacaq. Buna görə də
bəzi tədqiqatçılar humanitar ixtisas sahiblərinə digər
ixtisaslar üzrə də əlavə biliklər əldə etməyi tövsiyə
edirlər.
Belarus təhsili bahalaşır
Belarus Təhsil Nazirliyindən verilən məlumata görə,
ölkənin ali məktəblərində və orta texniki peşə təhsili
sistemində təhsil haqları artır. Belarusda il ərzində
üçüncü dəfədir ki, bahalaşma müşahidə olunur. Təhsil
Nazirliyinin mətbuat xidməti bildirir ki, təhsil
haqlarının bahalaşması 2012-ci il yanvarın 1-dən
başlayaraq kommunal xidmətlər və birinci dərəcəli
məhsulların qiymətlərinin 32,5 faiz artması ilə
əlaqədardır. Nazirlikdən bildiriblər ki, bahalaşma ilə
əlaqədar olaraq professor-müəllim heyətinin də
əməkhaqları artırılmalıdır. Bu isə o deməkdir ki, təhsil
haqları da hökmən gözdən keçirilməlidir.
Qeyd edək ki, ötən ilin oktyabrında birinci dərəcəli
məhsulların qiymətlərinin 28 faiz bahalaşmasına müvafiq
olaraq təhsil haqları da 25 faiz artıb. Təhsil Nazirliyi
növbəti bahalaşma dalğasında təhsil haqlarının nə qədər
artacağı ilə bağlı hər hansı açıqlama verməyib. Bu
barədə artıq müvafiq hesablamalar aparılır.
Yanvarın 1-dən ölkədə minimal əməkhaqları da artırılıb.
Tacikistanlı tələbələr Rusiyada təhsilə daha çox
üstünlük verirlər
Tacikistan gəncləri Rusiyanın aparıcı ali
məktəblərində təhsilə daha artıq maraq
göstərirlər. Tacikistanın Təhsil Nazirliyinin
məlumatına görə, Rusiyanın Təhsil və Elm
Nazirliyi 2012-ci ildə Tacikistandan olan 1000
tələbəyə RF ali məktəblərində pulsuz təhsil yeri
təmin edəcək. Ötən il dövlət vəsaiti hesabına
Rusiyaya təhsil almağa 900 gənc tacik göndərilib.
Məlumatda qeyd olunur ki, tacikistanlı gənclərin
ölkənin ali məktəblərində təhsil almasında
maraqlı olan Rusiya digər ölkələrlə müqayisədə
bu ölkədən olan gənclərə daha çox yer ayırıb.
Qazaxıstan üçün 100 yer, Çin üçün isə 89 yer
nəzərdə tutulub. |
Ukraynada yeni ali təhsil qanunu parlamentə təqdim
olunub
Ukraynada ölkənin ali təhsilə dair yeni qanun layihəsi
Ali Radaya (parlament) təqdim olunub. Parlamentin təhsil
komitəsinin sədri Mixail Luskiyin sözlərinə görə,
qanunverici orqan bu həftə layihəni müzakirə edəcək. O,
qanunla bağlı tələsik qərarın qəbul olunmayacağını
bildirib. Həftə ərzində tələbə birliyinin də rəyi
öyrəniləcək və bundan sonra bütün tərəfləri qane edəcək
qərar qəbul olunacaq. Yeni qanunun əsasında son 1,5
ildə müzakirə olunan analoji qanun layihəsi durur.
Təhsil üzrə alternativ qanun ictimai müzakirələrdən
keçməyib.
Qeyd edək ki, Ukrayna tələbələri qanun layihəsinin
müzakirəsinə etirazlarını bildiriblər. Ali Rada
qarşısında toplaşmış tələbələr Nazirlər Kabineti
tərəfindən təklif olunmuş qanun layihəsinə etiraz
ediblər.
Məktəb həyatı intellekt səviyyəsini artırır
Alimlərin son araşdırmasına görə, məktəb divarları
arasında keçən günlər intellekt səviyyəsinin artması ilə
birbaşa əlaqədardır. Alimlər təhsil müddətinin artması
ilə intellekt səviyyəsi arasında birbaşa əlaqənin mövcud
olduğunu aşkar ediblər. Məktəbdə təhsil zəruri
bilikləri əldə etməyə, müstəqil olmağa və yaşlı həyata
hazırlaşmağa kömək edir. Lakin bu, hələ hamısı deyil.
Norveçli tədqiqatçıların fikrincə, məktəbdə keçən hər
bir il intellekt səviyyəsini (IQ) təxminən 4 bənd
gücləndirir. IQ intellektin miqdari göstəricisidir və
bilik səviyyəsini deyil, düşünmə qabiliyyətini nümayiş
etdirir. Norveç alimləri hesab edirlər ki, təhsil
uşaqların intellekt qabiliyyətini inkişaf etdirməyin
başlıca vasitələrindən biridir.
1972-ci ildə Norveç təhsil sistemi dəyişikliklərə
uğrayıb. İlk növbədə, ölkədə təhsil müddəti 7 ildən 9
ilə qədər artırılıb. Məktəblilər artıq əvvəllər olduğu
kimi 14 yaşda deyil, 16 yaşda təhsili başa vurublar.
Tədqiqat gedişində alimlər uşaqların təhsildə
müvəffəqiyyət dərəcəsini və bütün təhsil dövrünü təhlil
ediblər. Alimlərə görə, IQ səviyyəsi həyatda əldə
olunmuş koqnitiv uğurlara müvafiq olaraq artır. Məsələn,
elmlər namizədlərinin IQ göstəricisi 125, ali təhsilli
insanlarınkı 115, tam orta təhsil almış şəxslərinki 100,
8 sinif bitirmiş şəxslərinki isə 80-dir.
Latviyada təhsil islahatı
Latviyanın təhsil sistemində ciddi islahatlar başlayır.
Bu barədə ölkənin təhsil və elm naziri Robert Kilis
açıqlama verib. Onun sözlərinə görə, islahat ölkənin
Təhsil və Elm Nazirliyindən başlayacaq. Hazırda
nazirlikdə 218 nəfər çalışır. Kilis qeyd edib ki,
nazirliyin ştatı 20 faiz ixtisar olunacaq. İlkin
hesablamalara görə, nazirliyin təxminən 40 işçisi işdən
azad olunacaq. Yanvar ayının sonuna kimi idarənin
yenidən təşkili prosesi başa çatacaq. Yaxın illər
ərzində 6 minə yaxın müəllim də işdən azad olunacaq.
Bütünlükdə ölkədə müəllimlərin sayı 28 mindir. Təhsil
ictimaiyyətinin nümayəndələri ilə görüşündə nazir etiraf
edib ki, dövlətin bütün təhsil işçilərini saxlamağa
imkanı yoxdur. Aparılan islahat Latviyanın dövlət
büdcəsinə qənaət edilməsi məqsədilə həyata keçirilir.
Digər tərəfdən, islahatı həyata keçirməkdə prioritet
vəzifə nazirliyin işinin effektivliyini artırmaqdır.
Nazirlik əməkdaşlarının bundan sonrakı ixtisarı ölkədə
təhsil islahatlarının davam etdirilməsi ilə bağlı olacaq.
Nazirliyin strukturunu daha rasional və effektiv etmək
üçün yaxın vaxtlarda ciddi yenidənqurma işləri
aparılacaq.
Qazaxıstanda dünya səviyyəli kolleclər yaradılır
Qazaxıstanda
ötən ildən reallaşdırılan təhsil islahatı çərçivəsində
ölkənin texniki peşə təhsili sistemi təkmilləşdirilir.
Qazaxıstanın Təhsil və Elm Nazirliyinin məlumatına görə,
ölkənin sənayeləşdirilməsinin tələbatı nəzərə alınmaqla
respublikada dünya səviyyəli 4 kollecin yaradılması
nəzərdə tutulub. Astana, Almatı, Aktobe, Şımkənt
şəhərlərində inşa olunacaq kolleclər ölkədə texniki peşə
təhsilinin inkişafını təmin edəcək. Kolleclərdə
mühəndislik, arxitektura və tikinti, informasiya və
kommunikasiya texnologiyaları, dizayn və layihələndirmə,
aqro-sənaye kompleksi, metallurgiya və maşınqayırma,
eləcə də fənlərarası (sənət) məktəbləri yaradılacaq.
Kolleclərdə respublikanın 16 regionundan 15 min nəfər
əmək bazarında tələbat duyulan 90 ixtisas üzrə təhsil
alacaq. Bundan əlavə, hazırda kadrların hazırlanması və
ixtisasının artırılması üzrə 4 regionlararası mərkəzin
tikintisi həyata keçirilir. Həmçinin yanacaq-energetika
və neft-qaz sahələri üçün regionlararası mərkəzlərin
tikintisi başa çatmaq üzrədir.
Orta təhsildə yeni era başlayır
Ötən
həftə London alimləri 3D texnologiyalarının məktəblərdə
uşaqların tədris keyfiyyətinə təsiri üzrə tədqiqatlarını
başa vurublar. Araşdırmalar dünyanın 7 ölkəsində 15
məktəbdə aparılıb. Tədqiqatlarda 10-11 yaşlı 740 şagird
iştirak edib. Araşdırmaçılar belə bir qənaətə gəliblər
ki, 3D texnologiyaları həm yeni materialların şagirdlər
tərəfindən daha tez mənimsənilməsinə, həm də onun daha
dərindən anlaşılmasına kömək edir, eləcə də
təhsilalanların diqqətini gücləndirir.
Tədqiqatlar aparılan hər bir məktəbdə belə bir
eksperiment keçirilib: siniflərdən birinə adi ikiölçülü
illüstrasiyalar vasitəsilə təbiət elmləri tədris olunub,
digər bir sinifdə isə tədris üçölçülü qrafikin köməyi
ilə aparılıb. Eksperimentdən əvvəl və sonra yoxlama
testlər keçirilib. Testlər göstərib ki, 4 həftəlik
eksperimentdən sonra "üçölçülü" sinfin şagirdləri daha
çox informasiya yadda saxlayıblar. Onların topladığı
nəticələr ikiölçülü sinfin nəticələrindən 17 faiz artıq
olub.
"Üçölçülü" sinfin şagirdləri əldə etdikləri nəticələrlə
tədqiqat aparılan məktəblərin pedaqoqlarını
heyrətləndiriblər. Onlar testlərə daha ətraflı cavablar
veriblər. Şagirdlər keçilən mövzunu daha yaxşı
mənimsədiklərini jestlər və mimikalarından istifadə
etməklə nümayiş etdiriblər. Müəllimlər birmənalı olaraq
belə qənaətə gəliblər ki, üçölçülü qrafik materialın
daha yaxşı başa düşülməsinə və mənimsənilməsinə kömək
edir. Pedaqoqları bir məqam daha çox heyrətləndirib ki,
hətta diqqətlərində kliniki problem olan şagirdlər bütün
dərs prosesi ərzində daha artıq diqqətli olublar.
Alimlər qeyd edirlər ki, orta təhsildə yeni era və ya 3D
texnologiyaları "2" alanları "5" alanlara çevirəcək.
Lakin məktəblərin kütləvi surətdə 3D texnologiyaları ilə
təmin olunması kifayət qədər bahalı avadanlıqlar - 3D
proyektorları, xüsusi proqram təminatı, kompüterlər üçün
güclü videokartlar və şagirdlər üçün eynək tələb edir.
Çilidə məktəb dərslikləri yenidən yazılır
Çili
hökuməti məktəb dərsliklərində dəyişikliklərin edilməsi
barədə qərar qəbul edib. Dəyişikliyə müvafiq olaraq,
keçmiş diktator Auqusto Pinoçetin 1973-1990-cı
hakimiyyət illəri indi dərsliklərdə "diktatura" kimi
deyil, "hərbi rejim" kimi adlandırılacaq. Yeniliyi
Çilinin Təhsil Nazirliyi də dəstəkləyir. "Birinci
sinifdən altıncı sinfə qədər bütün məktəb
dərsliklərində yeniliklər tətbiq olunacaq. Uşaqlar başa
düşməlidir ki, ölkədə diktatura yox, hərbi rejim mövcud
olub. Bu, daha ümumi məna daşıyır",-deyə Çilinin təhsil
naziri Xarald Beyer bildirib. Beyerin sözlərinə görə,
tövsiyə olunmuş dəyişikliklər bütün instansiyalar, eləcə
də təhsil üzrə Milli Şura tərəfindən birmənalı
bəyənilib. Onun sözlərinə görə, qərarın hazırlanmasında
bir sıra tanınmış pedaqoqlar da iştirak edib.
Böyük Britaniya məktəbləri artıq çəki ilə mübarizə
aparır
Böyük
Britaniya məktəblərində şagirdlər artıq çəki ilə
mübarizə çərçivəsində dieta saxlamağa məcbur olunur.
Şagirdlər bundan sonra icbari qaydada məktəb
yeməkxanalarında qidalanacaq və yeməyi evlərinə aparmalı
olacaqlar. Ölkənin Səhiyyə Nazirliyi faydalı yemək
məhsulları üçün xüsusi qiymətlər tərtib edib ki, bütün
uşaqlar bu məhsulları ala bilsin. Bu cür yenilik heç də
hər hansı aksiya deyildir. Səhiyyə naziri Enn Milton
qeyd edir ki, dietik qidalanma - bu, təhsil islahatıdır.
Ölkənin təhsil naziri Mayk Qouf da bu məsələni müsbət
qiymətləndirib. "Təhsil müəssisələrində düzgün
qidalanmanın təşkil olunması yeniyetmələrin piylənməsi
problemini həll edəcək, həm də şagirdləri daha da
birləşdirəcək",-deyə nazir bildirib.
Bir çox valideynlər ərzaq islahatı və güzəştləri
razılıqla qarşılayıblar. Bu cür dəyişikliklərin
tərəfdarları əleyhdarlarından kifayət qədər çoxdur.
Hələlik proqram yalnız orta təhsil sahəsi üçün nəzərdə
tutulub. Lakin ayaqüstü yeməklərə üstünlük verən
tələbələrin də bu cür yardıma ehtiyacları var.
İsraildə pulsuz təhsil haqqında qanun qəbul olunub
İsraildə pulsuz təhsil haqqında qanun layihəsi, nəhayət
qəbul olunub. İsrail hökuməti 3 yaşdan başlayaraq
məcburi pulsuz təhsil sisteminin tətbiq olunması barədə
qanun layihəsini rəsmən təsdiq edib. Ölkədə bir
çoxlarının tarixi qərar adlandırdığı qanun 8 səsə qarşı
21 səslə qəbul olunub. Nazirlər kabinetinin iclasında
çıxış edən baş nazir Benyamin Netanyahu qeyd edib ki,
təhsil hökumət üçün prioritet vəzifədir. Bu məsələnin
artıq 63 ildir ki, nəticəsiz müzakirə mövzusu olduğunu
deyən baş nazir qanunun gənc ailələrə, 1,5 milyon uşağa,
dərs vəsaitlərini almaqda çətinlik çəkən aztəminatlı
ailələrə kömək edəcəyini bildirib. O, qanunun ictimai,
təhsil və iqtisadi ehtiyaclara cavab verdiyini bildirib.
Qanunun reallaşdırılması üçün 3 milyard şekel (İsrail
pul vahidi) tələb olunur. Eyni zamanda digər
nazirliklərin büdcə vəsaitlərinin proporsional qaydada 4
faiz azaldılması təsdiq olunub.
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV
|