Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 
Dünya təhsili

İtaliyanın təhsil sistemi

 
 

İtaliya Demokratik Respublikası

 
   
Ərazisi:  301340 km²
Əhalisi: 58133509 nəfər
Paytaxtı: Roma
Dövlət dili: italyan
Pul vahidi:  avro
 

Təhsil sistemi 

Avropanın cənubunda yerləşən İtaliya Respublikasında müasir təhsil sisteminin təşəkkül tarixi XIX əsrin ikinci yarısından başlayıb. 1859-cu ildə qəbul edilmiş Kasati Aktı ölkədə savadsızlığın aradan qaldırılmasına layiqli töhfələr verib. Bu aktın müddəalarına əsasən icbari ibtidai təhsil tətbiq olunmağa başlayıb. Təsadüfi deyil ki, hazırda İtaliyada əhalinin savadlılıq səviyyəsi 98,5 faiz təşkil edir.

Ölkədə ibtidai təhsil pilləsindən əvvəl 3 illik bağça təhsili verilir. Uşaqlar 6 yaşından I sinfə daxil edilirlər. İbtidai və orta təhsil pillələrinə xüsusi diqqət yetirilir. İbtidai təhsil 5 il davam edir. Dövlət və özəl ibtidai məktəblərdə tədris proqramı eynidir. Yalnız görmə və eşitmə qüsuru olan uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəblərdə tədris proqramları müxtəlifdir.

İtaliyanın bütün regionlarında icbari təhsil 16 yaşa qədər davam edir. İcbari təhsil ödənişsiz əsaslarla aparılır.

Orta təhsil pilləsi 5 illik aşağı, 4 illik yuxarı və 2 illik sonuncu mərhələyə bölünür. Orta təhsil pilləsinin sonuncu mərhələsində şagirdlər təmayüllər üzrə təhsil alırlar. Orta təhsil pilləsinin aşağı mərhələsini başa vuran şagirdlər imtahan verirlər. Bu imtahanlardan uğurla keçən şagirdlər müvafiq şəhadətnamə alır və orta təhsil pilləsinin yuxarı mərhələsində oxumaq hüququ qazanırlar.

Şagirdlər orta təhsil pilləsinin yuxarı mərhələsində liseylərdə, texniki təhsil müəssisələrində və ya peşə təhsili üzrə ixtisaslaşmış məktəblərdə də oxuya bilərlər. Həmin məktəblərdə tədris proqramları bir-birindən fərqlidir.

İbtidai və orta təhsil pillələrində həftədə 30 saat dərs keçirilir. Tədris ili 200 gündən ibarət olmaqla, sentyabrın əvvəlindən başlayır, iyun ayının sonuna qədər davam edir. Bütün məktəblərdə, həm dövlət, həm də özəl təhsil müəssisələrində vahid kurikulumlardan istifadə olunur.

İtaliyada təhsil siyasətinin həyata keçirilməsini Təhsil, Universitet və Elmi-Tədqiqat  İşləri Nazirliyi həyata keçirir. Təhsil, Universitet və Elmi-Tədqiqat  İşləri Nazirliyi 2008-ci ildə Məktəbəqədər, İbtidai və Orta Təhsil üzrə Dövlət Təhsil Nazirliyi ilə Universitet və Elmi-Tədqiqat  İşləri üzrə Dövlət Təhsil Nazirliyinin birləşdirilməsi nəticəsində yaradılıb.

Ölkədə təhsil islahatları həyata keçirilərkən maliyyələşdirmə, kurikulum, pedaqogika və idarəetmə məsələləri əsas götürülür. 2004-cü ildən ibtidai təhsil və orta təhsilin aşağı mərhələsində yeni islahatların aparılması məsələlərini nəzərdə tutan qanunun qəbul edilməsi ilə bu istiqamətdə daha intensiv reformalara başlanılıb.

Təhsil və elm sahəsində beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirən İtaliya bir çox ölkələrlə ali təhsil, tələbə və müəllim mübadiləsi, həmçinin birgə tədqiqatlar istiqaməti üzrə fəal əməkdaşlıq edir. 

Məktəbəqədər təhsil 

İtaliyada uşaqların demək olar ki, 95 faizi məktəbəqədər təhsil proqramlarına cəlb edilirlər. Bu, Avropa İttifaqı məkanında ən yüksək göstəricilərdən biri hesab olunur.

Erkən Uşaqlıq Təhsili ilə bağlı proqramlar uşaqların yaş qruplarından asılı olaraq dəyişir. İtaliyanın məktəbəqədər təhsil modeli digər inkişaf etmiş Avropa ölkələrindəkinə uyğundur.

Məktəbəqədər təhsil müəssisələrində 3-6 yaşlı uşaqların ümumi inkişafına xidmət edən tədris proqramları tətbiq olunur. Uşaqlar müvafiq tədris materialları əsasında öyrədilir, bir çox faydalı bilikləri mənimsəyir və ünsiyyət vərdişlərinə yiyələnirlər.  

İbtidai təhsil 

İtaliyada 6 yaşlı uşaqlar ibtidai təhsilə cəlb olunur. İbtidai təhsil mərhələsi 5 il müddətində davam edir. İbtidai sinifdə 25 uşaq təhsil alır. Ödənişsiz ibtidai təhsil dövründə uşaqların kitablar və tədris vəsaitləri ilə təminatı dövlət tərəfindən aparılır. Bu məqsədlə ayrı-ayrı şəxslər və donor təşkilatlar tərəfindən də bələdiyyələrə müəyyən yardımlar edilə bilər.

İbtidai təhsil yaşına çatmış uşaqlar maddi imkanlarından asılı olaraq, özəl və yaxud da dövlət məktəblərində təhsil almaqda sərbəstdirlər. İbtidai təhsil kurikulumu üzrə italyan dili, ingilis dili, coğrafiya, tarix, riyaziyyat, təbiət elmləri, texnologiya və dini biliklər tədris olunur.

İbtidai təhsil mərhələsinin sonunda şagirdlər imtahan verirlər. İmtahanların nəticəsindən asılı olaraq,  şagirdlər ibtidai təhsil mərhələsinin tamamlandığını bildirən sertifikatlar alırlar. 

Orta təhsil 

Qeyd etdiyimiz kimi, orta təhsil pilləsi aşağı, yuxarı və sonuncu mərhələlərə bölünür. Orta təhsil pilləsinin aşağı mərhələsi 5 il, yuxarı mərhələsi 4 il, təmayüllər üzrə təşkil olunmuş sonuncu mərhələsi isə 2 il davam edir. Orta təhsil pilləsinin aşağı mərhələsinin sonunda şagirdlər müvafiq imtahan verirlər. Bununla da onların bilikləri qiymətləndirilir və nəticələrə uyğun olaraq şəhadətnamə təqdim olunur.

Orta təhsil ödənişsiz əsaslarla aparılsa da, dərsliklər valideynlər tərəfindən alınır. Orta təhsil pilləsində hər sinifdə 21 şagird təhsil alır. Orta təhsil kurikulumuna din, italyan dili, ingilis dili, tarix, coğrafiya, təbiət elmləri, riyaziyyat, texnologiya, informasiya texnologiyası, incəsənət və humanitar elmlər və fiziki tərbiyə fənləri daxildir.

İbtidai təhsil pilləsində tədris olunmuş fənlər orta təhsilin aşağı və yuxarı mərhələsində daha da dərinləşdirilmiş səviyyədə keçirilir. Həmçinin bir sıra digər əlavə fənlər də tədris proqramlarına daxil edilib.

Şagirdlər orta təhsil pilləsinin yuxarı mərhələsində liseylərdə, texniki təhsil müəssisələrində və ya peşə təhsili üzrə ixtisaslaşmış məktəblərdə də oxuya bilərlər. Həmin məktəblərdə tədris proqramları əsaslı şəkildə bir-birindən fərqlənir.

Orta təhsilin yuxarı mərhələsində şagirdlərin ali məktəblərə hazırlanması məsələsinə xüsusi diqqət göstərilir. Xüsusilə də 2 illik sonuncu mərhələdə təmayüllər üzrə keçirilən dərslər şagirdlərin müvafiq istiqamətdə daha dərin biliklərə yiyələnməsinə imkan verir. Bu mərhələni başa vuran şagirdlər buraxılış imtahanının nəticələrinə uyğun olaraq heç bir əlavə imtahan vermədən ali məktəblərin istənilən fakültəsini seçə bilərlər. 

Texniki peşə təhsili 

İtaliyada texniki peşə təhsili və təlimi əsasən iki istiqamətdə həyata keçirilir. Texniki peşə təhsili institutları və regional təlim sistemləri vasitəsilə peşə təhsilinə yiyələnmək mümkündür. Hər iki peşə təhsili istiqaməti bir sıra cəhətlərinə görə fərqlənir.

Ölkədə 1995-ci ildən başlanılmış islahatlar nəticəsində texniki peşə təhsili və texniki institutların tədris proqramlarında, həmçinin, təşkilati strukturunda müəyyən təkmilləşmələr aparılıb. Aparılan islahatlar nəticəsində peşə təhsili verən müəssisələrdə ixtisasların sayı 103-dən 17-yə qədər azaldılıb. Daha aktual hesab olunan peşələr və ixtisaslar saxlanılıb.

Peşə təhsili müəssisələrində həm ümumi təhsilə, həm də istehsalat sahələrində aparılan xüsusi peşə təlimlərinə vaxt ayrılır. Peşə təlimi şagirdlərin maraq və ehtiyacları, o cümlədən yerli iqtisadi tələbat və kadr ehtiyacları nəzərə alınmaqla aparılır.

Məsələn, Biella və Pidmont rayonlarında peşə təhsili tam olaraq yerli iqtisadi tələblərə uyğun aparılır. Belə ki, bu rayonlarda toxuculuq və tikiş üzrə peşə təhsili müəssisələri fəaliyyət göstərir.

Bundan əlavə, İtaliyanın Maranello şəhərində "Ferrari" adlı peşə institutu fəaliyyət göstərir. Bu institut idman maşınlarının istehsalı üzrə zavodlarda işləyəcək mütəxəssislərin hazırlanması ilə məşğul olur. 

Ali təhsil

 İtaliya dünyada rəqabətədavamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Ölkədə 95 universitet fəaliyyət göstərir. Bu ali məktəblərin 70 faizi dövlət universitetləridir. Universitetlərin nəzdində 12 ixtisaslaşmış institut fəaliyyət göstərir.

Ölkə universitetlərində kənd təsərrüfatı, arxitektura, iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar fənlər, müasir dillər, təhsil, biotəbabət, tibb, baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat, siyasi elmlər üzrə bakalavr, magistr və doktor dərəcəli mütəxəssislər hazırlanır. Universitetlərdə tədris prosesi ilə yanaşı, tədqiqat işləri də həyata keçirilir. Ölkə universitetlərində təxminən 1,25 milyon tələbə təhsil alır.

İtaliyanın ən qədim ali məktəbi olan Boloniya Universitetinin təşəkkül tarixi XI əsrə təsadüf edir. Bu təhsil ocağı 1088-ci ildə təsis olunub. Universitetdə  müxtəlif ixtisaslar üzrə 23 fakültə fəaliyyət göstərir. Bu ali məktəbin  İtaliyanın İmola, Ravenna, Forli, Sezena, Rimini və Argentinanın Buenos-Ayres şəhərində filial mərkəzləri vardır.

Digər ən qədim ali məktəblərdən hesab olunan Padua Universiteti 1222-ci ildə, Naples Universiteti isə 1224-cü ildə təsis olunublar. Turin, Romaş, Florensiya, Ferrara, Moderna universitetləri də İtaliyanın ən nüfuzlu ali məktəblərindən hesab olunur. Milanın Bokkoni Universiteti lVol Strit» jurnalının apardığı reytinq sıralamasına görə dünyada fəaliyyət göstərən 20 ən yaxşı biznes ali məktəbi sırasına daxil olub.

Milan Universitetində tədqiqat işləri və tədris fəaliyyətinə görə beynəlxalq aləmdə ciddi şöhrət qazanıb. Bu universitet Avropa Tədqiqat Universitetləri Liqasının üzvüdür. 

Yaşlıların təhsili 

Savadsızlığın aradan qaldırılması məqsədilə İtaliyada 1947-ci ildən yaşlıların təhsili məktəbləri (Scuole Populari-məşhur məktəblər) təsis olunub. Həmin məktəblər 1982-ci ilə qədər fəaliyyət göstərib. Bu məktəblərin fəaliyyəti sayəsində yaşlıların təhsili imkanlarının artırılması baxımından xeyli uğurlar qazanılıb.

Hazırda yaşlıların təhsili məsələləri ilə əsasən icma və yerli qurumların təhsil ehtiyaclarından xəbərdar olan yerli mərkəzlər məşğul olur. Müəyyən səbəblər üzündən ibtidai və orta məktəb mərhələlərini başa vurmayan şəxslər üçün məktəblərin nəzdində müvafiq kurslar təşkil olunur. Belə hallarda yaşlıların təhsili mərkəzlərinin əlaqələndiricisi vəzifəsi məktəb direktorlarına həvalə edilir.

Ölkədə yaşlıların təhsili dedikdə, əsasən iki istiqamət nəzərdə tutulur. Məktəblərdə təşkil edilən yaşlıların təhsili mərkəzləri, 25 və daha yuxarı yaş qruplarını əhatə edən peşə təlimi kursları.

Ümumilikdə isə yaşlıların təhsili qeyri-rəsmi təhsil sahəsi hesab olunur. Təhsil səviyyəsinin və təhsilin keyfiyyətinin yüksək olması İtaliyada yaşlıların təhsili proqramlarının hədəfinin dəyişilməsinə gətirib çıxarıb. Belə ki, yaşlıların təhsili proqramları əsasən, yaşlıların əmək bazarına daxil olmasına, öz təhsil və karyera məqsədlərinə çatmalarına yardımçı olur. Onu da qeyd edək ki, yaşlıların təhsili proqramlarına müraciət edənlər, əsasən evdar qadınlar, işsizlər və immiqrantlardan ibarətdir. 

Elmi tədqiqatlar 

İtaliyada Təhsil, Universitet və Elmi-Tədqiqat İşləri Nazirliyi milli və beynəlxalq elmi tədqiqatları əlaqələndirir, universitetlər və tədqiqat mərkəzlərinə maliyyə vəsaiti ayırır. Nazirlik həmçinin dövlət və özəl tədqiqat mərkəzlərinə, eləcə də texnoloji inkişafa dəstək olmaq məqsədilə təlimatlar hazırlayır. Bundan əlavə, Təhsil, Universitet və Elmi-Tədqiqat  İşləri Nazirliyi hökumətin milli elmi tədqiqat sistemi üzrə strategiyasının hazırlanması prosesində yaxından iştirak edir.

İtaliyada elmi tədqiqatların əsas hissəsi universitetlərdə aparılır. Hələ 2006-cı ildə bu sahəyə ayrılmış ümumi xərclərin 30,3 faizi universitetlərdə aparılan tədqiqat işlərinə sərf olunub.

Universitetlərlə yanaşı Dövlət Tədqiqat Təşkilatı da İtaliyanın tədqiqat proqramlarında mühüm rol oynayır. Universitetlər elmi-tədqiqat institutlarından yüksək ixtisaslı mütəxəssisləri dəvət edir, dünyanın müxtəlif ölkələrindən istedadlı tələbələrin cəlb olunması üçün stimullaşdırıcı üsullara əl atır. Bəzi ali məktəblər məzunların işlə təminatı və tədqiqat işlərinin maliyyələşdirilməsi kimi vəzifələri də öz üzərinə götürürlər.

İtaliyanın ən böyük dövlət tədqiqat qurumu olan Milli Tədqiqat Şurasının nəzdində bir sıra institutlar fəaliyyət göstərir. Milli Tədqiqat Şurası innovativ yenilikləri dəstəkləyir, milli sənayenin rəqabətədavamlılıq imkanlarının və tədqiqat sahəsində beynəlxalq əlaqələrin genişlənməsini təmin edir. Bu qurum, həmçinin dövlət və özəl sektorun mövcud iqtisadi tələblərinə uyğun olaraq texnoloji imkanlar yaradır, hökumətə və digər dövlət qurumlarına müvafiq məsləhətlər, tövsiyələr verir.

Milli Tədqiqat Şurası qeyd edilənlərlə yanaşı, işçi qüvvəsi və kadr potensialı üçün mütəmadi təlimlər də təşkil edir. Şura 11 Milli Departament, 108 institutla birgə layihələr həyata keçirir, texniki və elmi sahələrdə çalışan mütəxəssislər qrupu ilə əməkdaşlığı genişləndirir.

Milli Tədqiqat Şurasının 8000 nəfərə yaxın işçisi var. Onların yarısından çoxunu yerli tədqiqatçılar və mütəxəssislər təşkil edir.

Bəşarət MƏMMƏDOV,

Dilrubə BAYRAMOVA 

Yazının hazırlanmasında İtaliyanın Təhsil, Universitet və Elmi-Tədqiqat İşləri Nazirliyinin rəsmi məlumatlarından istifadə olunub.

 
 
 
Səhifənin başına qalx "Dünya təhsili" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov