Müdriklərdən
birinin dediyi bu aforistik fikir ötən il dekabrın 24-də
Bakıdakı 311 nömrəli tam orta məktəbdə "Riyaziyyat və
poeziya" mövzusunda keçirilən ədəbi-bədii gecənin əsas
leytmotivini təşkil edirdi. Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müvafiq əmri ilə paytaxtın ümumtəhsil
müəssisələrində keçirilən "Riyaziyyat aylığı"
çərçivəsində təşkil olunmuş tədbirə tanınmış şairlər
İlyas Tapdıq, Musa Ələkbərli dəvət olunmuşdular.
Gecəni məktəbin direktoru Esmira Muradova açaraq
qonaqları salamladı, onları tədris ocağında görməkdən
məmnun qaldıqlarını bildirdi. Aylıqla bağlı məktəbdə
həyata keçirilən tədbirlərdən danışan direktor
riyaziyyat müəllimlərinin "açıq dərs"lər verdiyini,
riyaziyyata dair sinif divar qəzetlərinin buraxıldığını,
əyləncəli viktorinalar keçirildiyini, bütün bunların
şagirdlərin riyaziyyata marağını daha da artırdığını
söylədi.
Sonra şagirdlərdən biri sözləri və musiqisi tədbirin
əsas təşkilatçısı və ssenarisinin müəllifi, məktəbin
riyaziyyat və informatika müəllimi Vahid Aslana məxsus "Riyaziyyat"
mahnısını ifa etdi.
Gecənin aparıcısı, məktəbin VII sinif şagirdi Aytən
Həsənova məşhur alimlərin riyaziyyat, onun rolu və
əhəmiyyəti, elmlər sistemindəki yeri haqqında dedikləri
aforistik fikirləri səsləndirdi, riyaziyyat elminə böyük
töhfələr vermiş görkəmli alimlərin, o cümlədən
Azərbaycan riyaziyyatçılarının adlarını çəkdi. Müvafiq
videogörüntülər ekranda canlandırıldı. Görkəmli
Azərbaycan alimi, ABŞ-dakı Berkli Kaliforniya
Universitetinin professoru Lütfi Zadənin həyatından və
elmi fəaliyyətindən, onun məşhur qeyri-səlis çoxluqlar
nəzəriyyəsindən bəhs edən qısametrajlı film nümayiş
olundu.
Sonra səhnəyə sinələrində müxtəlif rəqəmlər və həndəsi
fiqurların adları yazılmış lövhələr asılmış şagirdlər
çıxdılar. Onlar riyaziyyat və informatika müəllimi, şair
Vahid Aslanın həmin rəqəmlərə və fiqurlara həsr etdiyi
şeirləri səsləndirdilər. Zalda əyləşmiş şagirdlər də
proqrama qatılaraq tanınmış alim və filosofların
riyaziyyata dair müdrik fikirlərini diqqətə çatdırdılar.
Gecədə çıxış edən məktəbin riyaziyyat və informatika
müəllimi Vahid Aslan, təlim-tərbiyə işləri üzrə direktor
müavini Mehparə Qurbanova və b. "Riyaziyyat aylığı"nın
əhəmiyyətindən danışdılar, ekranda aylıq çərçivəsində
aparılmış "açıq dərs"lərdən görüntülər nümayiş olundu.
V sinif şagirdlərindən bir qrupunun "Rəqəmlərin
mübahisəsi" mövzusunda təqdim etdikləri əyləncəli
kompozisiya, istedadlı şagirdlərdən birinin ifa etdiyi
saz havası tədbir iştirakçılarında xüsusilə xoş ovqat
yaratdı.
Aparıcının şairlər İlyas Tapdıq və Musa Ələkbərli
haqqında ekranda görüntülərlə müşayiət olunan
təqdimatından sonra söz qonaqlara verildi. Tanınmış
şair, uşaqların sevimlisi İlyas Tapdıq maraqlı
çıxışlarına görə şagirdlərə təşəkkürünü, gecənin
hazırlanmasında əməyi olanlara minnətdarlığını bildirdi.
Fəaliyyət göstərdiyi qısa müddət ərzində məktəbin böyük
inkişaf yolu keçdiyini qeyd edən şair burada yaradılan
yüksək təhsil mühitində, əldə olunan uğurlarda məktəbin
direktoru və müəllimlərinin böyük zəhmət payı olduğunu
vurğuladı. Riyaziyyatın elmlərin şahı olduğunu deyən
İlyas Tapdıq şagirdlərə bu elmi daha yaxşı öyrənməyi
tövsiyə etdi. Sonra o, ölkəmizin görkəmli riyaziyyatçı
alimlərinə həsr etdiyi şeirlərin yaranma şəraitindən söz
açdı, "Hesab" şeirini və digər şeirlərini oxudu.
Şair Musa Ələkbərli də dəvət üçün minnətdarlıq edib,
həyat və yaradıcılıq yolundan danışdı. Özünün poeziyaya
gəlməsində və şair kimi formalaşmasında ustadı İlyas
Tapdığın böyük rolu olduğunu bildirdi və çıxışını
şeirlərini oxuması ilə bitirdi.
Gecədə qonaq qismində iştirak edən şairlər Hacı Salman
Qazi, Hacı Loğman Qorqud, habelə Bakı Şəhəri üzrə Təhsil
İdarəsi Metodik Mərkəzinin Sabunçu-Xəzər metodik
bölməsinin müdiri Alı Məmmədov çıxışlarında riyaziyyatla
poeziyanın vəhdətindən, riyaziyyatı öyrənməyin
əhəmiyyətindən söz açdılar, şagirdlərə məktəbdə tədris
olunan bütün elmlərin əsaslarına, o cümlədən riyaziyyata
dərindən yiyələnməyi tövsiyə etdilər. Tədbirin təşkilini
yüksək dəyərləndirib belə görüşlərin şagirdlərin
yaddaşında dərin iz buraxdığını, onların tərbiyəsində
mühüm rol oynadığını bildirdilər.
Yusif ƏLİYEV |