Şəfiqə
Axundova 21 yanvar 1924-cü ildə Şəkidə anadan olub. İlk
musiqi təhsilini Üzeyir Hacıbəyovdan alıb. 1956-cı ildə
Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasını
bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib.
40 il tamaşanın musiqi tərtibatı fənnindən Azərbaycan
Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti) dərs deyib.
1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti
adına layiq görülüb.
2004-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Prezident təqaüdçüsüdür.
Telefon dəstəyində, üzünü görmədiyi adamın səsinə bu
qədər sevinən səs tanımıram... Vədələşdik. Evində
görüşdük.
- Şəfiqə xanım, axırıncı görüşümüz yeddi il əvvəl
olub...
İnşallah, 90-a nə qalıb ki?
-
İndi yaşımı gizlətməyin mənası nədi ki? Ailədə dörd
bacıydıq, iki qardaş. Şəkidə atamı tanımayan yoxudu (bir
də gördüm Şəfiqə xanım heç özü də hiss etmədən keçib
Şəki ləhcəsinə - müəllif). Qoçaqlığına, düzgünlüyünə
görə "bolşevik Qulam" adnan deyilib. Mən ikinci sinifdə
oxuyanda köçmüşük Bakıya...
- Musiqi təhsiliniz...
- Musiqi təhsili harda görmüşdüm mən. Ancaq elə öz-özümə
çalıb-oxuyurdum. Məmməd Arif Dadaşzadə... məşhur
ədəbiyyat tənqidçisi... eşitmiş olarsan. Bax, mənim
böyük bacım Zümrüd onun həyat yoldaşı idi. Evləri həmişə
qonaq-qaralı olardı. O dövrün ən məşhur, ən tanınmış
adamlarını mən onlarda görmüşəm. Bacım özü də alim idi.
Dövlət Universitetində (indiki BDU) filologiyadan dərs
deyirdi. İndi onlar çoxdan haqq dünyasındadılar.
Hə... Zümrüdgilin pianosu vardı. Evdə qonaq-qara olanda,
bir də görürdün kimsə mənim çalıb-oxumağımı təklif elədi.
Sevinə-sevinə keçərdim piano arxasına...
- Bəs dahi bəstəkarımız Üzeyir bəylə tanışlığınız necə
başlayıb?
- 16 yaşım təzə tamam olmuşdu. Yazıçı Mirzə İbrahimov
həyat yoldaşıynan tez-tez bacımgilə gələrdi. Bir gün də
mən çalıb-oxuyanda Mirzənin yoldaşı bacıma dedi ki, ay
Zümrüd, qoy Mirzəyə deyim, zəng vursun Üzeyir Hacıbəyova...
vallah, bu qızın istedadı heyifdi...
...Beləliklə, məni apardılar Üzeyir bəyin yanına,
çaldım, oxudum, çox xoşuna gəldi, dedi səndə
əməlli-başlı yaradıcılıq hiss olunur...
Musiqiyə uşağı 6 yaşından götürüblər həmişə... Amma mən
artıq 17-nin içindəydim. Odur ki, məni verdilər Ağabacı
Rzayevanın tar sinfinə. 1942-ci ilə kimi
konservatoriyanın nəzdində muğamatın əsaslarını
öyrəndim. Mənim musiqi həyatımın təməl daşını Üzeyir
bəy qoyub.
Üzeyir bəyin iki cümləsi həmişə qulaqlarımdadı: "Şəfiqə,
sənə sərf elədiyim vaxta heyifim gəlmir". Bir də
"Şəfiqə, sənin oxumağın, çalmağınnan daha yaxşı alınır".
Həmişə fəxr eliyirəm ki, 8 il Üzeyirin tələbəsi olmuşam.
Yadıma düşmüşkən, bir şeyi də deyim. Yuxarıdan göstəriş
verilmişdi ki, Azərbaycanın himni yaradılsın. Himnə
musiqi bəstələyən çox idi. Amma əlbəttə ki, hər cəhətdən
Üzeyirin yazdığı seçildi. Baxış günü təyin olunanda
Üzeyir bəy mənə dedi ki, Şəfiqə, himni oxumağa ancaq
sənin səsini layiq bilirəm. Azərbaycanın himnini ilk
dəfə mən oxumuşam.
- Şəfiqə xanım, daha hansı məşhurlarla çiyin-çiyinə
çalışmısınız?
- Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə 1956-cı
ildə B.Zeydmanın sinfini bitirmişəm. İlk əmək
fəaliyyətimə Opera və Balet Teatrında başlamışam...
Kimlər vardı bu dünyada... ay Allah... indi hər yerindən
duran bəstəkaram deyir.
Azərbaycanda simfonik musiqinin inkişafında ən böyük
rolu olan musiqi xadimi Fikrət Əmirov olub. Onun
"Şur"u, "Kürd ovşarı" bu günün bəstəçilərinə örnəkdi,
örnək...
Bəstəkarlığımla yanaşı, həm də Azərbaycan Dövlət
İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti) tamaşanın musiqi
tərtibatı fənnindən 40 il - 1982-ci ilə qədər dərs
demişəm.
- Birlikdə çalışdığınız sənətkarlardan həyatınızda
kimin yeri həmişə görünür?
- Nəzakət Məmmədovanın... Dəfələrlə evlərində də
olmuşdum. Bir anası vardı, kaş görmüş olaydın, əsl
müsəlman qadını, əsl ağbirçək... əliaçıq, süfrəsi
açıq... Xasiyyətdə Nazı elə anasına çəkmişdi... İmkanı
elə də böyük olmayıb Nazının, amma çox mərd idi.
Mənim "Gəlin qayası" operamı tamaşaya qoyanda baş rolu -
Gülbaharı Nəzakət Məmmədova oynadı. Nəzakət Üzeyir
Hacıbəyovun "Leyli və Məcnun"unda Leylini də oynayıb.
Amma mən elə bilirəm ki, Gülbahar obrazı operada
Nəzakətin oynadığı rollar içində zirvə oldu. Onun səsi
heç kəsin səsinə bənzəyən səs deyildi. Yoxluğu uzun
illər opera səhnəmizdə göründü. Əvəzsiz opera solisti
idi.
- Mahnı bəstələyəndə sözləri özünüz seçirdiniz, yoxsa
şeir müəllifləri?
- Özüm, özüm. Mən heç şairlərin seçimini bəyənmirdim.
Ömrümü operaya həsr etməsəydim, bəlkə də mahnılarım
indikindən iki dəfə çox olardı.
- Şərqin opera yazan ilk qadın bəstəkarına maneələr də
olubmu?
- Maneələr deyəndə ki... yoldaşım qısqanc idi.
Yaradıcılığıma əngəl törədirdi. Mən ailəmi, şəxsi
həyatımı yaradıcılığıma qurban verdim. Mən "Gəlin
qayası"nı 1971-ci ildə acqarına yazmışam. 50 manat
təqaüdüm idi. Özüm şəkər, oğlum epileptik... Evdə dilə
vurmağa heç nə yox.. Oturmuşam pianonun arxasında,
işləyirəm, işləyirəm...
Bir də gördüm ürəyim axdı... gözüm qaraldı... şəkər
xəstələrində belə hallar olur. Birtəhər yıxıla-dura
keçdim mətbəxə... Çörək qabına baxdım, bomboş. Başım
qarışıb işə, heç nə almamışam. Açdım su kranını, içdim
sudan, yaxşı ki, qəndqabında iki yumru qənd varmış,
onları da qoydum dilimin altına... özümə gəldim... Yenə
qayıtdım pianonun arxasına...
Neçə illər hamının yadından çıxmışdım mən. Allah rəhmət
eləsin Heydər Əliyevə. Bu böyük şəxsiyyətin sərəncamı
ilə 1998-ci ildə xalq artisti adı verildi mənə... Sonra
ev, sonra Prezident təqaüdü... İndi, şükür, təminatım
var. Hərdən yuxu kimi gəlir bu şeylər mənə... Axı, tamam
yaddan çıxmışdım mən... mahnılarım oxunurdu, ancaq özüm
yada düşmürdüm. Mən sənətin əzablı, nisgilli yollarını
keçə-keçə, illər uzunu kimsənin mərhəmətinə sığınmadım,
yuxusuz gecələrimə, alnımın tərinə minnətdaram buna
görə...
Həmişə öz əlimin çörəyini yedim... Xalqıma qurban olum,
xalq həmişə istədi məni, sevdi mənim mahnılarımı...
- Şəfiqə xanım, yaradıcılığınızdan danışdıq, şəxsi
həyatınız kölgədə qaldı...
- Mənim şəxsi həyatım olub ki... Bu uzun ömürdə tək
bircə dəfə sevdim, tək bircə dəfə. Sevdiyimlə də nə ailə
qurduq, nə də sonralar görüşdük. Valideynləri qoymadı
oğullarını musiqiçi qızla evlənsin. Elə öz rayonumuzdan,
Şəkidən idilər.
...Mənə ailə səadəti vermədi Allah... 1967-ci ildən
sonra sənətimə dəxli olmayan bircə zəng olmayıb mənə ki...
"Şəfiqə, özün necəsən?". Bir dəfə də... lap çoxdan olub
bu əhvalat. Şəkidən bir kişi zəng vurmuşdu ki, sənin
sənətinə baş əyirəm, qızım. Biz şəkililər səninlə fəxr
edirik. Bilirsən kim idi?! Sevdiyim oğlanı mənimlə ailə
qurmağa qoymayan atası... Sağ ol deyib, dəstəyi qoydum
yerə... Alın yazısına nə demək olar?!
Bu dünyada xoşbəxtəm ki, öz zəhmətimin bəhrəsini
görmüşəm. 80 illiyimdə mənə "Şöhrət" ordeni verildi.
Televiziyalar, radiolar, qəzetlər hamısı 80 illiyimi
qeyd etdi. Səkkiz ildi, gözüm qapıdadı...
Bacım Rəfiqəgil yanımda qalırlar. Özüm də məəttələm ki,
bir ömürü içimdə tək-tənha neçə yaşadım?
- Şəfiqə xanım, yaradıcılığınızı tam şəkildə xatırlaya
bilirsiniz?
- Qızım, gələn həftə 88 yaşım tamam olur. Yaşdı da,
təsirini göstərir...
500-dən artıq mahnı və romans bəstələmişəm. Böyük
Simfonik Orkestr üçün süitaların, xor üçün silsilələrin,
"Gəlin qayası" operasının, "Ev bizim, sirr bizim"
operettasının, Puşkinin, Səməd Vurğunun sözlərinə
kantataların, simli kvartet üçün pyeslərin, dramatik
teatr tamaşalarının ("Aydın", "Əlvida Hindistan", "Nə
üçün yaşayırsan?" və s.) "Təlxəyin nağılı", "Dovşanın ad
günü" və b. uşaq tamaşalarının musiqisinin müəllifiyəm.
Amma... (...Bu yerdə Şəfiqə xanımın gözləri dolur).
- Dünyanın işini bilmək olmaz, qızım.
90-a hələ iki il var... Kaş mənim də əsərlərimi bir yerə
toplayıb albom kimi nəşr etdirəydilər... Mən öləndən
sonra hamısı it-bat olacaq... Heç bilmirəm hansı əsərim
hardadı...
- Narahat olmayın, Şəfiqə xanım, ümid yaxşı şeydir.
- Bir oğlum vardı, Taleh... üç il əvvəl rəhmətə getdi.
Qaldım lap tək. Yenə Nazı (Nəzakət Məmmədova - müəllif)
sağ olsaydı, mən bu qədər darıxmazdım...
İllər ötüb keçir, kiminin yanından, kiminin canından,
kiminin içindən... Nə olur-olsun, yaş öz sözünü deyib...
Möhtəşəm bir bəstəçi ömrü, möhtəşəm bir qadın gözəlliyi
xəzan mövsümündədi...
Şəfiqə xanım Azərbaycan analarının himnini - "Lay-lay"ı
yazan bəstəkardı... Azərbaycanın himnini də öz səsi ilə
ilk oxuyan Azərbaycan vətəndaşı Şəfiqə xanımdı... Zəng
edək, xətrini soraq, musiqisi ilə "Bu ayrılıq nədən oldu?"
- deyən Şəfiqə xanımı bundan belə "Can deyib, can
eşidərdik, bu ayrılıq nədən oldu?" deməyə qoymayaq.
Vallah, 88 yaşın Şəfiqə xanımın ürəyinə, səsinə,
səmimiyyətinə dəxli yoxdu.
Söhbəti apardı: Ellada UMUDLU |