Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji təcrübənin təşkili tarixindən

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 90 illik fəaliyyəti dövründə özünəlayiq şərəfli bir yol keçmiş, nəinki respublikamız üçün,  hətta  qonşu, mərkəzi Asiya respublikaları və digər xarici ölkələr üçün də  yüksək ixtisaslı müəllimlər və elmi kadrlar yetişdirmişdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti zaman-zaman respublikamıza çox böyük  nüfuza malik ictimai xadimlər və tanınmış alimlər bəxş etmişdir. Elmi-texniki tərəqqinin, müasir informasiya texnologiyalarının, qloballaşmanın böyük vüsət aldığı bir dövrdə  son illər öz fəaliyyətində xeyli uğurlara müvəffəq olmuş Azərbaycan Dövlət Pedaqoji Universitetinə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov rektor təyin olunandan sonra universitetin bütün strukturlarında, eləcə də pedaqoji təcrübə sahəsində də əsaslı şəkildə dönüş yaranmışdır. 

Aydındır ki, müasir pedaqoji kadrlar qarşısında qoyulan əsas  vəzifə təhsilin keyfiyyətini daha da yüksəltməyi zəruri etməklə, bütün problemlərin əlaqəli  və kompleks şəkildə həllini tələb edir. Odur ki, təhsilalanlar, əslində elə həm də təhsilverənlər dövrün tələblərinə və şəraitinə uyğunlaşmalı, rəqabətqabiliyyətli olmalı, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərməyə, ünsiyyət yaratmaq bacarığına yiyələnməli, fasiləsiz təhsil almalı, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə, yeni texnologiyaya yiyələnməlidirlər. Deməli, təhsil prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası isə pedaqoji sahədə  qazandığı  praktik hazırlığından asılıdır. Bu isə ali təhsil müəssisələrində müasir pedaqoji kadrların hazırlanması prosesində pedaqoji təcrübənin nə dərəcədə əhəmiyyətli  olmasını aşkara çıxarır.

Pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olub, ali təhsil müəssisələrinin tədris planında xüsusi yeri olan bir prosesdir. Pedaqoji təcrübə  prosesində əvvəlki  semestrlər ərzində ixtisas fənlərinin,  pedaqogika və psixologiyanın əsaslarına yiyələnən gələcək bakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar. Onların ali məktəblərdə aldıqları bilik dərinləşir, möhkəmlənir və nəticədə gələcək təhsilverənlər pedaqoji iş sahəsində yeni bacarıq və vərdişlərə yiyələnirlər. Təhsilalanların yaxşı bir  mütəxəssis kimi  hazırlığı məhz praktik yolla başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində  icra oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur. Əslində pedaqoji təcrübə bütövlükdə təhsil müəssisəsi professor-müəllim heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Üstəlik, pedaqoji təcrübə sabahın müəllim kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsi olub, müəllim hazırlığı formalarından biridir.

ADPU-da pedaqoji təcrübənin keçirilməsi bu ali təhsil müəssisəsi yaranan gündən bu günə qədər diqqətdə olan məsələlərdən biri olub. Bir qayda olaraq bütün başlanğıc və yekun konfranslarda universitetimizin tədris işləri üzrə prorektoru, pespublikanın əməkdar müəllimi, fizika-riyaziyyat elmləri doktoru, professor Malik Cəbrayılovun şəxsən iştirak etməsi, öz lazımi tapşırıq və tövsiyələrini əsirgəməməsi dediklərimizə canlı bir nümunədir.

Ötən 90 il ərzində pedaqoji təcrübə də təhsilin başqa sahələri kimi inkişaf etmiş və bugünkü səviyyəyə gəlib çatmışdır. Bütün dövrlərdə həm əyani, həm də qiyabi şöbələrdə əsasən axırıncı iki kursda  iki təcrübə aparılmış, amma müəyyən vaxtlarda birinci və ikinci kurslarda passiv təcrübələr  də mövcud olmuşdur. Hazırda passiv təcrübə aktiv təcrübənin tərkibinə daxil olmaqla pedaqoji təcrübənin birinci həftəsi keçirilir. Son illər bütün fakültələrdə yeni bir təcrübə - informatika təcrübəsi tədris planına daxil edilmişdir ki, bu da günün tələbidir. Bundan başqa, müxtəlif fakültələrin tələbələri üçün  plener (çöl təcrübəsi), istehsalat təcrübələri də keçirilir. Əvvəllər pedaqoji təcrübələrin bir qismi Azərbaycanda, bir qismi isə respublikadan kənarda, hətta Rusiyanın müxtəlif şəhərlərində keçirildiyi halda, indi bütün təcrübələr doğma ölkəmizdə keçirilir. Araşdırmalarımız deməyə əsas verir ki, pedaqoji təcrübəyə maraq, onun təşkili, nəzarəti, uğurları heç vaxt bu səviyyədə olmamışdır. Onu da qeyd edək ki, şəxsən hörmətli rektorumuz Yusif Məmmədovun təşəbbüsü və göstərişi ilə əvvəlki illərdən fərqli olaraq təcrübə yerlərinin seçilməsinə  xüsusi  diqqət yetirilmiş və şəhərin metroya, nəqliyyata yaxın olan ən nüfuzlu, ən yaxşı, ən müasir məktəbləri ilə müqavilələr bağlanmış, orta məktəbin siniflərinə aid dərs vəsaitləri alınıb kitabxanaya verilmiş və təcrübəyə gedən bütün müəllim və tələbələr bu dərs vəsaitləri ilə təmin olunmuş və bunun da nəticəsində demək olar ki, tələbələrin hamısı pedaqoji təcrübədə yüksək nailiyyətlər qazanmışlar.

Məlum olduğu kimi, pedaqoji təcrübənin səmərəli təşkilində müxtəlif amillər əhəmiyyət daşıyır. Bunlardan bəlkə də birincisi təcrübə yerlərinin seçilməsidir.  Digər amillərdən biri də pedaqoji təcrübənin təşkilinə və keçirilməsinə nəzarətdir. Buraya həm orta məktəb, həm də ali məktəb rəhbərliyinin nəzarəti nəzərdə tutulur. Bizim həm metodist müəllimlərimiz, həm pedaqoqlarımız və həm də psixoloqlarımız təcrübənin gedişində lazımi səviyyədə bu işin öhdəsindən gəlmiş və nəticədə demək olar ki, bütün tələbələrimiz yüz faiz davamiyyətlə pedaqoji təcrübədə  iştirak etmişlər. Təbii ki, universitet rəhbərliyi tərəfindən göstərilən bu cür diqqət və qayğı nəticəsində tədris müəssisəsində məsuliyyət və yaradıcılıq əhvali-ruhiyyəsi daha da yüksəlmiş və orta məktəb rəhbərliyi tərəfindən yüksək qarşılanmışdır. Bu gün açıq şəkildə etiraf etmək lazımdır ki, məktəb rəhbərliyi və orta məktəblərin pedaqoji kollektivləri ilə bizim universitetin rektorluğu, tədris hissəsi və  fakültə dekanlıqları arasında hələ bu qədər çox geniş əlaqələr və imkanlar yaranmamışdır.

Orta məktəblərdə pedaqoji təcrübədə iştirak edərkən tələbələrimizin şagirdlərlə birgə müxtəlif ünvanlara, o cümlədən  bizim universitetə də ekskursiyalar təşkil etməsi  artıq bir ənənə halını almışdır. Orta məktəb şagirdlərinin universitetimizin  həyatında baş verən yeniliklərlə yaxından tanış olmaları, müxtəlif fənlər üzrə  dərslərdə iştirak və bu təhsil ocağı  haqqında geniş məlumatlar əldə etmələri təbii ki, onlarin ali məktəblərə daxil olarkən seçim turunda öz müsbət təsirini göstərəcəkdir.  Son zamanlar təcrübəçi tələbələrimiz yeni təlim texnologiyalarından, interaktiv və inteqrativ metodlardan istifadə bacarığını aşkara çıxarmaqla özlərini yaxşı tərəfdən göstərə bilmiş və nəticədə orta məktəblərdə "təcrübəçi tələbələrin dərsləri" adlı stend tərtib olunmuş, təcrübənin sonunda universitetin ünvanına belə gənclərə yazılı təşəkkürnamələr göndərilmişdir. Ümumiyyətlə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  tələbələrinin  respublikamızın ictimai-mədəni həyatında çox yaxından iştirak etmələri hər bir kəsi sevindirməyə bilməz. Xüsusən, ötən ilin dekabrın 10-da ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım  mərasimində təcrübəçi tələbələrimiz yüksək səviyyədə azərbaycançılıq ideyalarına həmişə sadiq qalacaqlarını nümayiş etdirdilər.

Ümumiyyətlə, aparılan təhlillər göstərir ki, təcrübə zamanı nəzərdə tutulan bütün məsələlər kifayət qədər  yüksək səviyyədə yerinə yetirilmişdir. O cümlədən keçilmiş dərslərin miqdarı (icmal və plan ilə), dərslərin tipləri üzrə dərs növləri, dərslərdə müvəffəqiyyətli cəhətlər və nöqsanlar, bunların səbəbləri, fənn üzrə sinifdənkənar keçirilən tədbirlər - dərnək məşğələləri, ekskursiyalar, əlavə məşğələlər, maraq dərsləri və s. sinifdənkənar tərbiyəvi işlər, onların mövzusu, məqsədi, tərbiyəvi təsir qüvvəsi, şagirdlərlə aparılan fərdi işlər, onların nəticəsi, təcrübəçi tələbələrin məktəbə və təhkim olunduğu sinfə göstərdiyi əməli köməklik (əyani vəsaitlər hazırlanması, fənn kabinetindəki avadanlıqların təmiri və s.), valideynlərə aparılan işlər, onların mahiyyəti, forma və metodları, təcrübə müddətində metodistlərin, pedaqoqların, psixoloqların, həmçinin məktəbin pedaqoji kollektivinin  - direktorun, onun müavinlərinin, fənn müəllimlərinin, sinif rəhbərinin köməyinin məzmunu və forması, şəxsi bacarıq və vərdişlərin qiymətləndirilməsi, dərsin icmalının (planının) tərtibi, dərs üçün lazım olan ədəbiyyat və əyani vasitələrin seçilməsi, dərsdə təlimin prinsip, üsul və priyomlarının düzgün seçilməsi,  təlimin texniki vasitələrdən istifadə səviyyəsi, laboratoriya məşğələlərinin və praktik işlərin aparılması,  ev tapşırıqları üzərində nəzarətin olması, biliklərin cari hesabının aparılması,  fənn üzrə tapşırıqlar və digər çalışmaların yerinə yetirilməsi,  yazı işlərinin aparılması və sair məsələlərin demək olar ki, əksər hissəsi  öz müsbət həllini tapmışdır. Sevindirici haldır ki, bu gün bizim tələbələrin çoxu müasir dərs metodlarından istifadə etməklə öz sınaq dərslərini aparmış, müasir dərslərdə nəzərdə tutulan fəal dərsin quruluşu, o cümlədən motivasiya, tədqiqatın aparılması, məlumat mübadiləsi, məlumatın təşkili və müzakirəsi, nəticənin çıxarılması, refleksiya (əksetdirmə),   reproduktivlik və sairə öz əksini tapmışdır.

Bu gün bir çox universitetlər ADPU-nun bu sahədə əldə etdiyi nailiyyətlərin səbəblərini öyrənir, bizdən lazımi məsləhət  və tövsiyələr almağa çalışırlar. Pedaqoji təcrübə zamanı əldə olunan bu cür uğurlara görə isə təbii ki, ilk növbədə, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədova öz dərin təşəkkürümüzü bildiririk. 

Sözsüz ki, bütün bu uğurlarımıza baxmayaraq qloballaşmanın geniş vüsət aldığı vaxtda fəaliyyətimizi davam etdirir və gələcək işlərimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Birləşmiş Millətlər Təşkilatının XXI əsri "Təhsil əsri" elan etməsi təbii ki, bizim də boynumuza müəyyən məsuliyyət hissi qoyur. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da insan kapitalının formalaşmasında ali təhsilin rolu danılmazdır. Bu baxımdan informasiya texnologiyalarının hazırkı səviyyəsi mövcud təhsil sisteminə yeni sahələrin əlavə olunmasını, yeni problemlərin həllini  tələb edir. Cəmiyyətdə informasiya texnologiyaları ilə bağlı biliklərin durmadan inkişaf etdiyi bir dövrdə yeni-yeni ideyalar, metodlar, nəzəriyyələr yaranır. Hazırda yeni informasiya texnologiyalarından istifadə etməklə qüvvədə olan pedaqoji təcrübənin aparılmasının modernləşdirilməsi nəticəsində İnternetdən istifadə etməklə virtual pedaqoji təcrübə dünyada geniş yayılmaqda olan təcrübələrdən biridir. Bu gün dünyada kifayət qədər bu sahədə təcrübə qazanılmış, xüsusi virtual pedaqoji təcrübə saytlarında pedaqoji təcrübənin təşkil edilməsi üçün müxtəlif normativ sənədlər, materiallar və metodik göstərişlər yerləşdirilmişdir. Məlumat üçün bildirmək istəyirəm ki, virtual pedaqoji təcrübə bir neçə mərhələdə aparılır. Birinci mərhələ hazırlıq mərhələsidir. Bu mərhələnin ilkin diaqnostikası əsasında (bu diaqnostika həm şifahi, həm də yazılı aparıla bilər) metodistlər təcrübəçi tələbələrin gələcək fəaliyyətləri üçün virtual təcrübəyə daxil olmalarını planlaşdırırlar. Bir qayda olaraq, tələbə qruplarına İnternetdən, internet-texnologiyanı kifayət qədər yüksək səviyyədə bilən aktiv istifadə edənlər və İnternetdən istifadə etmək imkanı olmayanlar daxil olur. Təcrübə başlayana qədər bütün tələbələr üçün "virtual pedaqoji təcrübə" saytının prezentasiyası təşkil edilir və tələbələrə lazımi informasiyalar və vacib anlayışlar verilir. Əgər tələbələrin bu sahədə təcrübəsi kifayət etmirsə, onda  əlavə seminarlar təşkil edilir və onlara  müasir texnologiyalarla bağlı bilgilər öyrədilir. Birinci mərhələ bütün tələbələr arasında, yaxud tələbələrin çox hissəsi ilə virtual əlaqə müəyyən edilməklə yekunlaşdırılır və ikinci mərhələyə başlanılır. Əlbəttə, bu məqalədə virtual pedaqoji təcrübənin necə təşkil edilməsinin texnologiyasını tamamilə şərh etmək imkan xaricindədir. Amma qeyd etmək istəyirəm ki, virtual pedaqoji təcrübənin keçirilməsi zamanı bir çox problemlərin yaranması labüddür. Lakin zaman keçdikcə bu problemləri həll etmək mümkün olacaqdır.

Yekunda qeyd edək ki, son illər insan kapitalına yüksək dəyər verilən ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununa və təşkilinə qloballaşma və informasiyalaşdırma tələbləri baxımından yanaşılması, yeni ideyaların, metodların və nəzəriyyələrin yaradılması zamanın tələbidir. Bu isə bizdən daha çox və daha yaxşı çalışmağı tələb edir. 

Xankişi MƏMMƏDOV,
ADPU-nun pedaqoji təcrübə
üzrə rəhbəri, texnika elmləri
üzrə fəlsəfə doktoru, dosent

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov