Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Qocaman alim - təcrübəli pedaqoqun 85 illik yubileyi qeyd edildi

 

Naxçıvan Dövlət Universitetində Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının əməkdar müəllimi, filologiya elmləri doktoru, professor Yavuz Axundlunun anadan olmasının 85 illiyinə həsr edilmiş yubiley mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq professor Yavuz Axundlunun Azərbaycan ədəbiyyatşünaslığında, Naxçıvanda ali təhsil strukturunun formalaşmasındakı özünəməxsus xidmətlərindən danışdı. Rektor qocaman alimin Azərbaycan tarixi romanının təşəkkülü, inkişaf yolu, yaradıcılıq problemləri barədə çoxillik sanballı tədqiqatlarından, çoxşaxəli ədəbi və səmərəli pedaqoji fəaliyyətindən bəhs etdi. Qeyd olundu ki, bugünkü Naxçıvan elmi-ədəbi mühitində Yavuz Axundlu məktəbinin, bu məktəbin layiqli yetirmələrinin ayrıca yeri var. Məlumat verildi ki, universitetin elmi kitabxanası tərəfindən professor Yavuz Axundlunun şəxsi biblioqrafiyası çapa hazırlanmış, gələcəkdə isə əsərlərinin üçcildliyinin nəşri nəzərdə tutulur. Akademik, millət vəkili İsa Həbibbəyli yubilyarı universitetin fəxri fərmanı ilə təltif etdi, muxtar respublika ictimaiyyəti və NDU-nun kollektivi adından yaradıcılıq uğurları arzuladı.

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev Yavuz Axundlunun həyat yolu və elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məruzə etdi.

Qeyd olundu ki, 1927-ci ildə ziyalı ailəsində dünyaya göz açan Yavuz Axundlu 1952-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək həmin ildən Naxçıvanda pedaqoji fəaliyyətə başlamış, mətbuatda mütəmadi çıxış etmişdir. 1983-cü ildə filologiya elmləri doktoru alimlik dərəcəsi, 1985-ci ildə professor adı alan Yavuz Axundlu "Tarixi roman və müasirlik", "Azərbaycan sovet tarixi romanı", "Tarixi roman yeni mərhələdə", "Azərbaycan tarixi romanı: mərhələlər, problemlər" adlı sanballı monoqrafiyaların müəllifidir. Tanınmış ədəbiyyatşünas alim "Mənim ədəbi dünyam", "Naxçıvan - yurdum mənim", "Ədəbi yaddaşdan səhifələr", "İstiqlal şairləri", "Ədəbi portretlər", "Əlimdədir hələ qələm", "Ürəyimdən keçənlər", "Müəllimlərim və müəllim dostlarım" adlı kitablarında dövrün aktual ədəbiyyatşünaslıq problemlərinə toxunmuş, görkəmli şair və yazıçılarımızın, ziyalılarımızın ədəbi portretlərini yaratmışdır. "İstiqlalın əzablı yolu", "Qarabağ harayı" kitabları xaricdə nəşr olunaraq böyük maraqla qarşılanmışdır. Professor Yavuz Axundlunun taleyinin 40 ildən artıq bir dövrü məhz Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Universitetin ilk yaradıcılarından olan Yavuz müəllim burada tədris və elmi işlər üzrə prorektor, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışmış, milli ədəbiyyatımızın tədrisində, Naxçıvanın ictimai həyatında da əhəmiyyətli rol oynamışdır. Professorun elm və təhsilin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1966-cı ildə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı, 2007-ci ildə Prezident təqaüdü ilə təltif olunmuşdur.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Folklorşünaslıq" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Cəfərli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqoji elmlər doktoru, professor Oruc Həsənli, Naxçıvan Özəl Universitetinin rektoru, pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyev, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimov, tələbələr adından Türkan İbrahimzadə çıxış edərək yubilyara səmimi təbriklərini, xoş arzularını çatdırdılar.

Sonda professor Yavuz Axundlu tədbirin təşkilatçılarına, onun elmi yaradıcılığına, pedaqoji fəaliyyətinə yüksək qiymət verən muxtar respublika rəhbərliyinə və universitet rektorluğuna minnətdarlığını bildirdi.

Yubiley mərasimində alim-pedaqoq Yavuz Axundlunun həyat və fəaliyyətini əks etdirən slayd və kitab sərgisi nümayiş etdirildi.

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov