Lənkəran Dövlət Universitetində (LDU) qış imtahan
sessiyası başlayıb.
Universitetdən AzərTAc-a bildirmişlər ki, əvvəlki
illərdə olduğu kimi, bu il də tələbələrin bilikləri
yazılı yoxlama və test üsulu ilə qiymətləndirilir. Bu
məqsədlə bütün akademik qruplar üzrə tələbələrin yazılı
cavabları nəzarətçi-koordinatorlar tərəfindən
kodlaşdırıldıqdan sonra fənlər üzrə yaradılmış imtahan
komissiyalarının üzvlərinə təqdim olunur. Bu cür yanaşma
neqativ halların qarşısının alınmasına kömək edir.
Biliklərin qiymətləndirilməsində şəffaflığı və
obyektivliyi təmin etmək və yarana biləcək neqativ
halların aradan qaldırılması məqsədi ilə universitetdə
operativ qərargah yaradılmışdır. Qərargaha LDU-nun
rektoru, ictimaiyyətin, mətbuat və informasiya
vasitələrinin nümayəndələri daxildirlər.
İmtahanların nəticələrindən narazılıqlara münaqişə
komissiyası tərəfindən baxılır, operativliyin təmin
edilməsi üçün universitetdə "Qaynar xətt" xidməti
fəaliyyət göstərir. |