İmişli RTŞ-dan redaksiyamıza daxil olan məlumatda
bildirilir ki, Milli Kurikulumun tətbiqi yeni
qiymətləndirmə sisteminin yaradılmasını zərurətə çevirib,
"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin
aparılması qaydaları" hazırlanıb. 2012-2013-cü dərs
ilindən ibtidai təhsil pilləsi ilə yanaşı ölkəmizin
ümumu təhsil müəssisələrinin V siniflərində də yeni fənn
kurikulumlarının tətbiqi həmin siniflərdə dərs
deyənlərin, eləcə də bütün müəllimlərin bilik və
məlumatlılıq səviyyələrinin artırılmasını və bu işə
rəhbərliyin lazımi şəkildə qurulmasını tələb edir.
İmişli RTŞ-da ümumtəhsil məktəblərinin təlim-tərbiyə
işləri üzrə direktor müavinlərinin iştirakı ilə həmin
məsələnin müzakirəsinə həsr olunmuş "dəyirmi masa"
keçirilib. İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini
V.Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təhsilimizə böyük önəm verdiyini,
kurikulumun tətbiqinin mühüm mərhələyə qədəm qoyduğunu
qeyd edərək, "dəyirmi masa"nın nəticəyönümlü
kurikulumlarla işə, şagirdlərin təlim nəticələrinə,
qiymətləndirmənin xüsusiyyətlərinə həsr olunduğunu
bildirib.
Mövzu ətrafında çıxış edənlər yeni qiymətləndirmənin
dəqiq müəyyənləşdirilmiş standartlara və meyarlara
əsaslandığını vurğulayıblar.
İmişli RTŞ Metodik kabinetinin direktoru Sevdimalı
Hüseynov son illər kurikulum və yeni qiymətləndirmə ilə
bağlı metodik vəsait, praktik material və digər
ədəbiyyatların nəşr edilib yerlərə çatdırılmasının böyük
səmərə verdiyini, müəllimlər tərəfindən razılıqla
qarşılandığını diqqətə çatdırıb.
İmişli şəhər 1 nömrəli məktəb-liseyin təlim-tərbiyə
işləri üzrə direktor müavini, respublikanın əməkdar
müəllimi Ş.Məmmədova, təhsil şöbəsinin aparıcı
məsləhətçiləri Ə.Quliyev, A.Məmmədov, ibtidai siniflər
üzrə metodist K.Məmmədova, direktor müavinləri
Ş.Əmrahov, Q.Hümbətov, M.Orucov, A.Allahverdiyev,
S.Süleymanov, B.Əmirov və başqaları qiymətləndirmənin
aparılması ilə bağlı məktəblərdə görülən işlərdən,
tətbiq edilən diaqnostik, formativ və summativ
qiymətləndirmə formalarından, qabaqcıl müəllimlərin iş
təcrübəsindən, qarşıya çıxan çətinliklərdən danışıblar.
Çıxışlarda summativ qiymətləndirmələrin aparılmasının
planlaşdırılması və həyata keçirilməsi, sinif jurnalında
gündəlik qeydlər, musiqi, təsviri incəsənət, texnologiya
və informatika fənləri üzrə qiymətləndirmə formaları
kimi aktual məsələlər ətrafında fikirlər səsləndirilib.
"Dəyirmi masa" iştirakçıları qiymətləndirmənin təlim
prosesinin təşkili və təhsilin idarə olunmasında böyük
əhəmiyyətə malik olduğunu, bu işə nəzarətin daim diqqət
mərkəzində saxlanılmasının vacibliyini qeyd ediblər.
ƏDALƏT |