2011-ci ildə Təhsil Nazirliyinin "Qaynar xətt"
xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks:
496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az)
30124 müraciət daxil olub.
Müraciətlərin 27135-i telefonla, 2989-u elektron poçt
vasitəsilə qəbul edilib. Daxil olmuş müraciətlərin böyük
əksəriyyəti, 28893-ü (95,9 faiz) sorğu, 1231-i isə (4,09
faiz) şikayət xarakterlidir.
"Qaynar xətt" xidmətində yanvarda 910, fevralda 2107,
martda 1707, apreldə 1824, mayda 2102, iyunda 4781,
iyulda 4153, avqustda 2479, sentyabrda 3956, oktyabrda
2256, noyabrda 2225, dekabrda isə 1624 müraciət qeydə
alınıb.
2010-cu illə müqayisədə 2011-ci il ərzində "Qaynar xətt"
xidmətinə 2,3 dəfədən çox müraciət daxil olub. Bu,
vətəndaşların Təhsil Nazirliyinin "Qaynar xətt"
xidmətinə etimadının artdığını deməyə əsas verir.
"Qaynar xətt" xidmətinin fəaliyyəti barədə kütləvi
informasiya vasitələrində vaxtaşırı hesabatların
verilməsi, nazirliyin nəşrlərində müvafiq məlumatların
dərc olunması, eyni zamanda xidmətin fəaliyyətinin
korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərlə əməkdaşlıq
şəraitində təşkili də müraciətlərin artmasına təsir edən
amillər sırasındadır.
"Qaynar xətt" xidmətinə daxil olan çoxsaylı
müraciətlərin təhlili göstərir ki, təhsil sahəsində
həyata keçirilən islahatlarla valideynlər, müəllimlər,
şagirdlər, tələbələr və geniş ictimaiyyət daha yaxından
maraqlanır. Belə ki, bütün sorğuların təxminən 70 faizi
ümumi təhsil məktəblərinin IX və XI siniflərində
buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada
keçirilməsi, müəllimlərin işə qəbulu üzrə yeni
mexanizmin tətbiqi ilə əlaqədar olub. Şagirdlərin
biliyinin qiymətləndirilməsi, IX və XI siniflərin sınaq
və buraxılış imtahanlarının təşkili, keçirilməsi,
nəticələrin öyrənilməsi ilə bağlı sorğular da çoxluq
təşkil edib. Digər sorğularda bütün pillələr üzrə
təhsilin təşkili və idarə edilməsi, xaricdə təhsil,
müəllimlərin yaş senzi, dərs yükü, əməkhaqqının
hesablanması, təhsil sənədlərinin alınması və tanınması,
məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali
təhsil müəssisələri ilə əlaqədar məsələlər öz əksini
tapıb.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan
bütün sorğular diqqətlə dinlənilərək cavablandırılıb.
Şikayət xarakterli müraciətlər isə nazirliyin müvafiq
şöbələri və aidiyyəti struktur bölmələri tərəfindən
araşdırılıb.
Qeyd olunduğu kimi, ötən il "Qaynar xətt" xidmətinə
daxil olan müraciətlərin 1231-i şikayət məzmunlu olub.
Həmin şikayətlər məktəbəqədər, ümumi, texniki peşə, orta
ixtisas və ali təhsil müəssisələri ilə bağlıdır. Bu
qəbildən olan müraciətlərin əksəriyyəti ümumi təhsil
müəssisələri ilə əlaqədardır. Müraciətlərin əksər
hissəsini Bakı, bir qismini isə Sumqayıt və Şirvan
şəhərlərindən daxil olan müraciətlər təşkil edir. Eyni
zamanda Yardımlı, Goranboy, Abşeron, Gədəbəy, Şəki,
Qəbələ, Saatlı, Şamaxı, Lerik, Lənkəran rayonlarından
digər rayonlara nisbətən daha çox şikayət daxil olub.
Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris
prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki
çatışmazlıqlar, məktəbdaxili idarəetmədə yol verilən
nöqsanlar və digər məsələlər öz əksini tapıb.
Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar daxil olan
müraciətlərdə, əsasən uşaqların qəbulu, verilən ərzağın
keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq
bağçalarının binalarının təmiri, qızdırılması və digər
problemlərdən bəhs olunur. Bu müraciətlərin çoxu Bakı,
Gəncə və Sumqayıt şəhərlərindən edilib.
Digər müraciətlərdə texniki peşə təhsili müəssisələrində
tədris prosesinin təşkili və idarə olunması, şagirdlərin
təqaüdlərinin və müəllimlərin əməkhaqqının
gecikdirilməsi və digər məsələlərdən bəhs olunur.
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci
tədris ilinin qış və yay imtahan sessiyalarında
tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin
təmin edilməsi, yarana biləcək neqativ halların aradan
qaldırılması məqsədilə "Qaynar xətt" xidmətinə
müraciətlər edilib. Müvafiq məsələlərlə əlaqədar "Qaynar
xətt" xidmətinə və Təhsil Nazirliyinin Korrupsiyaya
qarşı mübarizə üzrə işçi qrupuna 2011-ci ilin yanvar və
iyun aylarında daxil olan müraciətlər nazirliyin
əməkdaşları, həmçinin bir sıra qeyri-hökumət
təşkilatlarının könüllüləri tərəfindən araşdırılıb.
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci
tədris ilinin qış və yay imtahan sessiyaları dövründə
özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil olan
müraciətlərin sayı dövlət ali və orta ixtisas
məktəblərindən daxil olan ünvanlı şikayətlərdən daha çox
olub. Fəaliyyəti dayandırılmış özəl ali təhsil
müəssisələri tələbələrinin köçürülməsi ilə əlaqədar
2010-2011-ci tədris ilində də bir sıra şikayət
xarakterli müraciətlər qəbul edilib.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan
bütün müraciətlər əsasında aparılmış araşdırmalar
nəticəsində nöqsanı olanlar tənbeh edilib, töhmət
verilib, eləcə də digər inzibati cəzalar tətbiq olunub.
İşində nöqsan aşkarlanmış təhsil müəssisəsi rəhbərlərinə
müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan
bir sıra ümumi təhsil müəssisələrinin direktorlarına
rəhbərlik etdikləri məktəblərdə mənəvi-psixoloji iqlimin
sağlamlaşdırılması, əmək intizamına nəzarətin
artırılması tövsiyə olunub.
"Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin
araşdırılmasının nəticələrinə əsasən Ağcabədi rayonu
Qiyamadinli kənd tam orta məktəbinin müəllimi
N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta
məktəbinin müəllimi A.Əmrahovanın diplomlarının saxta
olduğu müəyyənləşdirilib, sənədlər müvafiq qaydada
tədbir görülməsi üçün Respublika Baş Prokurorluğuna
göndərilib. Həmin müəllimlər işdən azad ediliblər. Eləcə
də digər müraciətlər əsasında Bakı şəhərindəki 37
nömrəli məktəbin direktoruna xəbərdarlıq olunub, həmin
məktəbin direktor müavininə və 153 nömrəli körpələr
evi-uşaq bağçasının müdirinə sonuncu xəbərdarlıqla
şiddətli töhmət verilib.
Digər müraciətlər üzrə aparılmış araşdırmalar
nəticəsində qaldırılmış məsələlər də həllini tapıb. Belə
ki, İ.Əfəndiyev adına "Elitar" gimnaziyanın informatika
müəlliminin şagirdlərin biliyinin qiymətləndirilməsində
qeyri-obyektivliyə yol verdiyi müəyyənləşdirilib və
təhsil müəssisəsinin rəhbərliyi tərəfindən ona töhmət
verilib. Digər bir müraciətin araşdırılması nəticəsində
isə şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı
vermiş Xəzər rayonundakı 183 nömrəli məktəbin sinif
rəhbərinə ciddi xəbərdarlıq edilib.
Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi
şagirdin biliyinin qiymətləndirilməsində səhvə yol
verdiyi üçün ona töhmət verilib.
İşdə yol verdikləri nöqsanlara görə bir neçə nəfərə
inzibati cəza tətbiq edilib. Belə ki, Bakı şəhərindəki
74 nömrəli orta məktəbin müəlliminə töhmət, işə üzrsüz
səbəbdən gəlmədiyinə görə 249 nömrəli orta məktəbin
müəllimi ilə bağlanmış əmək müqaviləsinə isə xitam
verilib və digər inzibati cəza tədbirləri görülüb.
Şikayət daxil olan digər təhsil müəssisələrinin
rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün
müvafiq tövsiyələr verilib.
Qeyd etmək lazımdır ki, araşdırmalar zamanı yenə də
xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi
göstərilsə də, onların anonim olduğu aşkarlanıb, başqa
bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini
tapmayıb.
2011-ci il ərzində "Qaynar xətt" xidmətinə daxil olan
müraciətlər və aparılan araşdırmaların nəticələri barədə
məlumatlar müntəzəm olaraq Təhsil Nazirliyinin İnternet
saytında, "Azərbaycan müəllimi" qəzetində, "Təhsil
xəbərləri" məcmuəsində, digər mətbu orqanlarda dərc
olunub. Televiziya və radio kanallarında il ərzində
"Qaynar xətt" xidmətinin fəaliyyəti ilə əlaqədar 20-dən
çox xəbər verilib, maarifləndirici çıxışlar təşkil
edilib. |