Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi

 

Yanvarın 10-da Təhsil Nazirliyində gənc meşəçilərin "Meşələri qoruyaq" adlı respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq şöbələrinin əməkdaşları, respublika üzrə fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin, uşaq yaradıcılıq mərkəzlərinin ekoloji dərnəklərinin, "gənc meşəçilər" dəstələrinin nümayəndələri və müsabiqə qalibləri iştirak edirdilər.

Qeyd edək ki, ümumtəhsil məktəbləri şagirdləri arasında "Meşələri qoruyaq" mövzusunda respublika ekoloji müsabiqəsi 2011-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Turizm ili" və BMT tərəfindən beynəlxalq "Meşə ili" elan edilməsi ilə əlaqədar məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə təşkil olunub. Təhsil nazirinin "Respublika ekoloji müsabiqəsinin keçirilməsi haqqında" 25 noyabr 2011-ci il tarixli əmrinə əsasən keçirilən müsabiqə 3 nominasiya üzrə (məktəb meşəçiliyi, meşənin ekoloji müxtəlifliyi, ekoturizm) təşkil edilib.

3 mərhələdə - məktəb, rayon (şəhər) və respublika üzrə keçirilən müsabiqədə orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, dərnək üzvləri, "gənc meşəçilər" dəstələrinin üzvləri iştirak ediblər.

Müsabiqənin məktəb və rayon mərhələlərində iştirak edən yüzlərlə məktəbli ölkəmizin meşələrinin, təbiət abidələrinin bioloji müxtəlifliyini, qorunması, bərpası məqsədilə görülən işləri referat və ekoloji layihələrdə əks etdiriblər.

Respublika mərhələsinə 53 rayon və şəhərdən təqdim olunmuş 300-ə qədər yaradıcılıq işində məktəblilər meşələrin əhəmiyyətini, fauna və florasını, nadir bitki və heyvan növlərini, meşənin ekoloji vəziyyətinə dair ekoloji tədqiqatların nəticələrini, təbii sərvətlərə və canlılara qayğıkeş münasibətin zəruriliyini təsvir ediblər. Təqdim olunmuş referatlar və ekoloji layihələrdə meşədə ekoloji cığırın yaradılması, turistlərin ekoloji maarifləndirilməsi, meşənin qırılmasının qarşısının alınması, yeni meşə zolaqlarının salınması, meşə ehtiyatlarının davamlı istifadəsi və bərpa olunması, meşə bitkilərinin tədris - təcrübə sahəsində artırılması üçün məktəblilər tərəfindən görülən işlər şərh olunub. Respublikada fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin, uşaq yaradıcılıq mərkəzlərinin, ekoloji dərnək üzvlərinin, həmçinin "gənc meşəçilər" dəstələrinin həyata keçirdikləri yaşıllaşdırma və abadlaşdırma işlərinə aid yazılarda məktəblilərin bu sahədə ekoloji fəaliyyəti geniş əksini tapıb.

Tədbiri açaraq iştirakçıları  salamlayan təhsil nazirinin müavini Qulu Novruzov müasir dövrdə ekoloji problemlərin həllinin vacibliyi haqqında danışaraq vurğuladı ki, hazırda ekoloji problemlərə diqqət yetirməyən, ekoloji siyasət həyata keçirməyən dövlət sivil, inkişaf etmiş dövlət sayıla bilməz.

Azərbaycanda ətraf mühitin qorunması istiqamətində görülən işlərdən bəhs edən nazir müavini xatırlatdı ki, hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə bu məsələyə xüsusi diqqət yetirilirdi. Xüsusilə Bakıda  və Abşeron yarımadasında, magistral yolların kənarında yaşıllıq zolaqları, meşə massivləri salınırdı.

Müasir dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında da ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində mühüm addımların atıldığını deyən Qulu Novruzov bu sahədə yürüdülən siyasətin parlaq nəticələr verdiyini bildirdi.

Qeyd olundu ki, dövlət başçısı 2010-cu ili "Ekologiya ili", 2011-ci ili isə "Turizm ili" elan etmişdi. Təbii ki, turizmin inkişafı bilavasitə meşələrlə, yaşıllıqla bağlıdır. Azərbaycanda da yalnız meşə örtüyünə və zəngin təbiətə malik olan regionlarda turizm daha çox inkişaf edib. Çünki insanlar gözəl təbiət mənzərəsi olan yerlərdə istirahət etmək istəyirlər. Təəssüf ki, ölkəmizin ərazisinin yalnız 12 faizi meşə örtüyünə malikdir. Digər ölkələrlə müqayisədə (Rusiya 44%, Latviya  41%, Gürcüstan 39% və s.) bu çox azdır. Bu faktın özü meşələrin salınmasının vacib olduğunu bir daha sübut edir.

Nazir müavini ekologiyanın qorunması və ekoloji problemlərin həlli məsələsində bütün cəmiyyətin fəallıq göstərməsinin zəruri olduğunu bildirdi və son illər Heydər Əliyev Fondunun həyata keçirdiyi ekoloji layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Çıxışının sonunda qalibləri təbrik edən Qulu Novruzov onlara gələcəkdə də bu sahədə fəaliyyətlərini davam etdirərək belə müsabiqələrdə daha fəal iştirak etməyi tövsiyə etdi və yeni-yeni uğurlar qazanmağı arzuladı.

Sonra çıxış edən Ekologiya və Təbii  Sərvətlər Nazirliyi İxtisasartırma və İxtisaslaşdırma İnstitutunun Meşəçilik şöbəsinin müdiri Allahverdi Dolxanov, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin "Biomüxtəlifliyin davamlı idarə olunması" Proqramının Cənubi Qafqaz ofisi üzrə baş assistenti Natiq İsmayılov, ENPİ FLEG Proqramının əlaqələndiricisi Azər Qarayev və BDU-nun dosenti Rəhilə Ağabəyova qalibləri təbrik edərək məktəblilərin ekoloji maarifləndirilməsinin çox vacib bir məsələ olduğunu və bu baxımdan həyata keçirilən belə layihələrin önəmli rol oynadığını bildirdilər.

Sonda mükafatlandırma mərasimi keçirildi. Qaliblərə diplomlar və hədiyyələr təqdim olundu. 

Hicran ƏKBƏROVA 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov