Həmyerlimiz Asif Arif oğlu Səlimov 1987-ci ildə Bakıda
anadan olmuşdur. Orta təhsilinin ilk üç ilini
Azərbaycanda tamamladıqdan sonra 9 yaşında ikən -
1996-cı ildə atası professor Arif Səlimovun Türkiyənin
Atatürk Universitetində işə dəvət olunması ilə əlaqədar
bu ölkədə yaşamağa başlamışdır.
A.Səlimov Anadolu liseyini bitirdikdən sonra 2005-ci
ildə Türkiyə ali məktəblərində təhsil almaq istəyən
abituriyentlərin Bakıda keçirilən imtahanında (TCS) tibb
fakültəsini seçənlər arasında birinci yer tutaraq
Hacəttəpə Universitetinə daxil olmuşdur. Universitetə
daxil olduqdan sonra ingilis dili imtahanını da
müvəffəqiyyətlə verərək birillik ingilis dili hazırlığı
kursunda oxumadan birbaşa tibb təhsilinə başlamaq hüququ
qazanmışdır. Dördüncü kursda ilin ən uğurlu tələbəsinə
verilən daxili xəstəliklər üzrə "Professor Şərəf Zirəli"
plaketinə layiq görülmüşdür.
Asif Səlimov təhsilini 2011-ci ilin iyununda
müvəffəqiyyətlə başa vurduqdan sonra həmin il sentyabrın
25-də keçirilən rezidentura imtahanında Türkiyədə tibb
sahəsində təhsil alan xarici tələbələr arasında həm baza,
həm də klinik elmlər üzrə ölkə birincisi olmuşdur.
Həmvətənimiz bu nəticə ilə Hacəttəpə Universitetinin
tibb fakültəsi xəstəxanasında qulaq-burun-boğaz
xəstəlikləri üzrə ayrılmış yeganə yerə qəbul olunmuş,
hazırda orada təhsilini davam etdirir.
Həmyerlimiz deyir ki, rezidentura imtahanı sentyabrda
keçirildiyinə görə dövlət proqramına keçmək üçün bir il
gözləmək məcburiyyətindədir. Çünki dövlət proqramına
müraciət avqustun sonunda bitir. Buna görə də 2012-ci
ilin sentyabrından etibarən dövlət proqramına keçərək
təhsilimə davam edəcəyəm.
Təhsil aldığı müddətdə ona verilən dəstəyə görə
Azərbaycan dövlətinə və Türkiyə hökumətinə hər zaman
minnətdarlıq hissi duyduğunu bildirən Asif Səlimov
gələcək arzuları ilə bağlı deyir: "Təhsilimi başa
vurduqdan sonra Azərbaycana qayıdıb yüksək ixtisaslı
həkim kimi xalqıma xidmət etmək istəyirəm".
AzərTAc |