Təhsil
Nazirliyinin müvafiq təlimati məktubuna uyğun olaraq
yanvarın 8-də respublikanın bütün şəhər və rayonlarında
fənn olimpiadalarının rayon (şəhər) turunun ikinci
mərhələsi keçirilib. Bakı Şəhəri üzrə Təhsil
İdarəsindən aldığımız məlumata görə, olimpiadaların II
şəhər mərhələsində paytaxtın təhsil ocaqlarında oxuyan
1044 şagird iştirak edib. Onlar 7 fənn üzrə biliklərini
sınayıblar. Əvvəlki mərhələnin 8500-ə yaxın iştirakçısı
arasından seçilən şagirdlər Azərbaycan tarixi,
Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 42 nömrəli,
kimya və biologiya fənləri üzrə 258 nömrəli, fizika,
riyaziyyat və informatika fənləri üzrə isə 158 nömrəli
tam orta məktəblərində yaradılan mərkəzlərdə olimpiadaya
cəlb ediliblər.
IX-XI sinif şagirdləri 3 saat ərzində Təhsil
Nazirliyinin təqdim etdiyi sualları cavablandırıblar.
Cavablar fənn müəllimlərindən təşkil edilən komissiya
tərəfindən gün ərzində yoxlanılaraq Bakı Şəhəri üzrə
Təhsil İdarəsinə təqdim edilib. Nəticələr
ümumiləşdirildikdən və qaliblərin siyahısı bəlli
olduqdan sonra yanvarın 25-dək Təhsil Nazirliyinə
müvafiq məlumat göndəriləcək.
Fənn olimpiadalarının şəhər mərhələsində I yeri tutanlar
bu ilin martında keçiriləcək respublika mərhələsində
iştirak hüququ qazanacaqlar.
Məlumat üçün bildirək ki, olimpiadanın respublika
mərhələsində birinci yerə layiq görülən XI sinif
şagirdləri mərkəzləşdirilmiş buraxılış imtahanlarından
azad olunurlar.
Y.ƏLİYEV |