"Riyaziyyat
aylığı" çərçivəsində Bakının Səbail rayonundakı 236
nömrəli tam orta məktəbin VII "a" sinfində "açıq dərs"
keçirildi.
Məktəbin direktoru Xanlar İmaməliyev çıxış edərək
bildirdi ki, müasir təhsil sistemində dünyəvi dəyərlər
özünü göstərməkdədir. Bütün bunlar da yeni nəslin
tərbiyəsində çox böyük əhəmiyyət daşıyır. Məktəbin
pedaqoji kollektivi mütərəqqi tədris metodlarından
istifadəyə həmişə üstünlük verir. Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin fəaliyyət planına uyğun olaraq dekabr
ayının ümumtəhsil məktəblərində "Riyaziyyat aylığı" elan
olunması şagirdlərin riyazi təfəkkürünün daha da
dərinləşməsində mühüm rol oynayacaq.
Sonra "açıq dərs" başlandı. Məktəbin riyaziyyat və
informatika müəllimi Şəhla Əhmədova siniflə
salamlaşandan sonra davamiyyəti yoxladı və bildirdi ki,
"açıq dərs"in mövzusu "Birhədlilər"dir.
Sonra motivasiya sayəsində şagirdləri düşündürmək üçün
söz assosiasiyasından istifadəyə üstünlük verdi. Lövhədə
"Birhədlilər" sözü yazıldı və sözün yaratdığı
assosiasiya yoxlanıldı.
Sinfin şagirdləri "Çempion", "Hazırcavablar", "Gənc
riyaziyyatçılar", "Xəmsə" və "Qələbə" adlı komandalara
bölünüb yarışa qatıldılar.
Lövhədə kağızdan düzəldilmiş bir ağac almalarla, iki
ağac isə almasız asıldı. Almaların üzərində birhədlilər
və ifadələr yazıldı. Hər qrupdan bir şagird birhədliləri
(alma) sağ ağaca, ifadələri isə sol ağaca yığmağa
başladılar. Lövhədə kağızdan düzəldilmiş çobanyastığı
çiçəyi asıldı. Onların ləçəklərində oxşar birhədlilər və
əks birhədlilər yazıldı. Şagirdlər oxşar birhədliləri
bir səbətə, əks birhədliləri isə o biri səbətə yığmağa
başladılar.
Növbəti mərhələdə şagirdlər lövhədə misallar həll
etdilər. Qruplara kartlar paylandı və misalların
həllindən sonra qruplar bir-birinin işini yoxlamağa
başladılar. Komandalar müzakirə və oyun, beyin həmləsi,
proyektorla verilmiş misalların həlli kimi üsullardan və
alma ağacları, çobanyastığı çiçəyi və kartlardan
resurslar kimi istifadə edirdilər.
Proyektorda verilən testlər həll ediləndən sonra düzgün
cavablar yoxlanıldı.
Ümumi nəticələrə görə "Gənc riyaziyyatçılar"
komandasının elmi biliklərinin səviyyəsi 7 balla
qiymətləndirilərək yarışmanın qalibi hesab olundu.
Ev tapşırığının verilməsi ilə "açıq dərs" başa çatdı.
Münsiflər heyəti tərəfindən "açıq dərs"də şagirdlərin
hazırlığı yüksək qiymətləndirildi.
Vasif SÜLEYMAN |