Yevlax ŞTŞ Metodmərkəzinin direktoru Xaləddin
Niftəliyevin bizə ünvanladığı məlumatda bildirilir ki,
bu günlərdə şəhər şahmat məktəbinin geniş foyesində
şagirdlərin istedadından xəbər verən "Dünya uşaqların
gözü ilə" adlı sərgi açılıb.
Sərgidə şəhərin bütün məktəbəqədər tərbiyə
müəssisələrinin, məktəblərin yaradıcı şagirdləri iştirak
edib.
Tədbiri giriş sözü ilə Yevlax Şəhər İcra Hakimiyyəti
təhsil, səhiyyə və mədəniyyət məsələləri şöbəsinin böyük
məsləhətçisi Vaqif Əliyev açaraq, buraya seyrçi marağı
ilə gələnləri salamlayıb və onları uşaqların yaradıcı
dünyasına səyahətə dəvət edib.
Sərgidə nümayiş etdirilən balacaların əl işləri,
məktəbli rəssamların daxili aləmlərini şərtləndirən,
rəng çalarları ilə hiss və duyğularını əks etdirən al-əlvan
tablolara baxış seyrçilərin sonsuz marağına səbəb olub.
Bağça uşaqlarının kibritdən, kartondan, kağızdan,
çubuqlardan, yüngül taxta materiallarından düzəltdiyi,
rənglədiyi müxtəlif əşyalar, meyvələr, sevimli ev
heyvanlarının, flora və faunamızın bəzəyi olan
canlıların maketləri tamaşaçılar tərəfindən böyük
maraqla qarşılanıb.
Həmin gün şahmat məktəbində kiçikyaşlı şahmatçıların
qatıldığı yarışlara da start verilib.
Ə.DAŞDƏMİRLİ |