Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

Orta məktəblərdə  biologiya fənninin tədrisində nəzəri-təsviri məsələlər

 

Təlim metodları uzun illərdən bəri pedaqoq və metodistlərin diqqət mərkəzində olmuş, zaman keçdikcə təkmilləşdirilmiş və yeniləşdirilmişdir. Yalnız yeniləşən və getdikcə təkmilləşən təlim metodları əsasında şagirdlərin idrak fəaliyyəti, bilik və bacarıqlarını inkişaf etdirmək, dünyagörüşünü formalaşdırmaq və onları həyata hazırlamaq olar.

Biologiya fənninin təlim metodlarını təkmilləşdirməyin başlıca yolları haqqında məlumat verməzdən əvvəl məktəblərdə istifadə olunan müasir təlim metodlarına nəzər salaq. Bunlar əsasən 3 qrupa bölünür:

1. Dünyəvi metodlar;  bir sıra bioloji anlayışların, proseslərin mahiyyətini dərk etmək üçün bu metodlardan istifadə olunur.

2. Təcrübi metodlar; burada orqanizmlərin davranışını, quruluşunu müşahidə etmək, orqanizmə fiziki, kimyəvi və ekoloji amillərin təsirinin öyrənilməsi metodları nəzərdə tutulur.

3. Nəzəri metodlar; buraya tarixi, statistik və modelləşdirmə metodları aiddir.

Şagirlərdə elmi dünyagörüşü yaratmaq, yaradıcı təfəkkür formalaşdırmaq üçün fənlərarası əlaqə mühüm əhəmiyyət kəsb edir. Fənlərarası əlaqə tətbiq etmədən bir sıra bioloji proseslərin fiziki, kimyəvi, fəlsəfi mahiyyətini açmaq imkan xaricindədir.

Fizika və kimyanın nailiyyətləri nəticəsində çox mürəkkəb quruluşa malik olan bir sıra zülalların (məsələn, insulin) sintezi mümkün olmuşdur.

"Ümumi biologiya" kursunda "fotosintez" prosesinin mahiyyətini izah etmək üçün kimya kursundan məlum olan fotokimyəvi reaksiyaların gedişinə, fizika kursundan işıq kvantı və kvant enerjisi haqqında şagirdlərə ümumi məlumat vermək, işıq şüasının təsiri ilə karbon dioksid və suyun reaksiyasından qlükozanın əmələ gəlməsini xatırlatmaq lazımdır.

Müasir dövrümüzdə orta məktəblərdə şagirdlərin bilik və bacarığının üzə çıxarılmasında və onlarda texniki imkanlardan istifadə etmək vərdişlərinin formalaşdırılmasında İKT-nin tətbiqi ilə interaktiv metodlardan istifadə olunur. Bu zaman müəllim qruplara bölünmüş şagirdlərə müstəqil iş tapşırır və onun yerinə yetirilməsində birgə fəaliyyətə üstünlük verir. İnteraktiv metodlar vasitəsilə müəllim şagirdlərin əqli, fiziki və əmək bacarıqlarının fəallaşmasına, müstəqilliyinin inkişaf etməsinə nail olur. Təlim prosesində şagirdlərin yaradıcı fəallığına diqqət verilməlidir. Aparılan tədqiqatlar göstərir ki, şagirdlərdə təfəkkür müstəqilliyinin inkişafı baxımından "şagird-şagird" əlaqəsi, "müəllim-şagird" əlaqəsindən az əhəmiyyətli deyildir. Bu baxımdan ayrı-ayrı qruplara test tapşırıqları, paylama materialları, İKT-nin köməyi ilə müstəqil təqdimat işləri və s. verilir, onların qabiliyyət və bacarıqlarını göstərməyə imkan yaradılır. Müəllim tərəfindən qoyulan motivasiyanın - problemin həllində şagirdlərin meyil və maraqlarını da nəzərə almaq lazımdır. Müasir texnoloji tədris vasitələrindən (elektron dərsliklər, slaydlar və s.) istifadə etmək dərsə marağı artırır.

Nəzərə almaq lazımdır ki, müəllimin izahı ümumi sözçülükdən uzaq olmalıdır. O, elmi sübutlara, materiallara əsaslanmalıdır. Biologiyanın tədrisi prosesində şagirdlərdə dünyagörüşü formalaşdırmaq üçün elmin əsaslarını öyrətmək kifayət deyildir. Elə etmək lazımdır ki, şagirdlərin aldıqları biliklər onların əqidəsinə çevrilsin.

Dünyagörüşü formalaşdırmaq üçün biologiya dərslərinin məzmununda böyük imkanlar vardır. Çünki, biologiya elmi canlı materiyanı, onun yaranmasını, molekulyar hüceyrə, orqanizm, populyasiya, növ, biosenoz səviyyəsində öyrənir.

Göründüyü kimi, müəllimlik peşəsi çox oxumağı, öyrənməyi tələb edir. Hər bir müəllim öz biliyini, pedaqoji ustalığını artırmaq üçün daim axtarışda olmalıdır. Müəllimin əməyi oxutmaq, öyrətməkdirsə, əmək alətləri elmi-pedaqoji ədəbiyyat olmalıdır. Hər bir şagird kəşf olunmamış dünyadır. Görkəmli şairimiz Səməd Vurğunun dediyi kimi: "Şagird insandır. Onun sadə görünən daim xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur". Təsadüfi deyil ki, alman pedaqoqu Disterveq müəllimə qiymət verərkən onun şagirdinə hansı düşüncə tərzini formalaşdırmasını əsas götürürdü: "Yaxşı müəllim təkcə həqiqəti çatdırmır, həm də onu tapmağı öyrədir".

Şübhəsiz, qeyd olunan cəhətlərin nəzərə alınması müəllimin işinə müsbət təsir göstərir. 

Mələk ƏKBƏROVA,
Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin biologiya müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov