2006-cı ildən etibarən davamlı olaraq tətbiq edilən "Həyati
bacarıqlara əsaslanan təhsil" kursu şagirdlər arasında
sağlam həyat tərzini təbliğ edir. Kursun müəllimlər üçün
nəzərdə tutulmuş dərsliklərində qarşılıqlı münasibət,
xüsusən də bacarıqların inkişaf etdirilməsi vasitəsilə
sağlam fərdi və fərdlərarası münasibət mühitinin
yaradılmasına xidmət edən mövzulara toxunulmuşdur.
Bundan başqa, dərslikdə sosial və sağlamlıq bölmələri də
vardır ki, burada da uşaqların ictimai münasibətlərindən,
hüquqlarının qorunması sahəsində və sağlam inkişafı
üçün lazımi şərait yaradılması, ailə və cəmiyyətin digər
təbəqələri ilə düzgün dialoqun qurulmasından, uşaqların
maraq dairəsindən, əqli, mədəni və sosial inkişaf
səviyyəsindən, eləcə də gender problemlərinin mümkün
həlli yollarından bəhs edilir.
Ümumilikdə bu təhsil təhsilin bütün pillələrində
gənclərin sağlamlığı sahəsində yaranan problemlərin
qarşısının alınmasına xidmət edir. Tam sağlam həyatı
dərk edən, hüquq və vəzifələrini lazımi şəkildə yerinə
yetirən, hər cür zərərli vərdişlərə qarşı mübarizə
aparmağı, lazım gəldikdə özünə və yoldaşlarına yardım
etməyi bacaran şəxsiyyət yetişdirmək bu təhsilin əsas
məqsədidir.
Bu gün "Həyati bacarıqlara əsaslanan təhsil" kursu
Naxçıvan MR daxil olmaqla respublikamızın bütün
regionlarını əhatə edir. Bakı şəhərində və rayonlarda "Reproduktiv
sağlamlıq", "Zərərli vərdişlər", "Sağlam rəqabəti necə
qurmalı?" "YOX! demək bacarığı" mövzularında tədbirlər
və "açıq dərs"lər keçirilməkdədir. Habelə Bakı, Gəncə,
Sumqayıt və Mingəçevir kimi şəhərlərin orta
məktəblərində "1 dekabr - Beynəlxalq QİÇS-lə mübarizə
günü"nə həsr olunmuş tədbirlər təşkil olunur.
Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən "Həyati
bacarıqlara əsaslanan təhsil" üzrə fakültativ kursun
tədrisi ilə əlaqədar müəllimlərlə təlimlərin təşkili
məqsədilə təlimçilər bölgələrə ezam olunurlar.
Bundan başqa, hazırda layihənin işçi qrupu "Həyati
bacarıqlara əsaslanan təhsil" kursunun müəllimlər üçün
nəzərdə tutulmuş vəsaitinin mövzularını təkrar işləmiş
və yeni məlumatlarla zənginləşdirmişlər ki, bu da
vəsaitin növbəti dəfə təkmilləşərək işıq üzü görməsi
deməkdir.
A.HACIYEVA,
Layihənin əlaqələndirmə qrupunun direktoru
|