| 
						
						 Dünya 
						elminin möhtəşəm simalarından biri olmuş görkəmli fizik 
						Albert Eynşteyn yazırdı: "Bəşəriyyətin gələcəyi elmi-tərəqqinin  
						sabahından bir o qədər asılı deyil, insani əxlaqın və 
						mənəviyyatın sabahkı mənzərəsindən asılıdır". İnsan 
						övladı ağlın və kamalın gücü ilə əldə etdiyi mənəvi 
						sərvətləri, bəşəri ideyaları qabarıq şəkildə 
						gerçəkləşdirib, ictimai fikrə, mənəvi iqlimə nəvaziş 
						göstərib, onun qayğısına qalarsa insan fenomeni, 
						cəmiyyət faktoru da yüksək və orijinal tərəqqi yoluna 
						düşmüş olar.  Təqdim olunan bu mülahizələr üzərində 
						düşünərkən, cəmiyyətin inkişafı yolunda, elm və 
						mədəniyyət işığında fədakarlıq nümunəsi göstərən, söz və 
						əməl etiqadında həmişə münəvvər görünən, həyatını milli 
						və ümumbəşəri məqsədlər yolunda şam kimi əridən mətin 
						insanlar yada düşür. Bir daha onların şəxsiyyətinə, 
						mənəviyyatına, fəlsəfi-humanist ideyalarına möcüzə 
						kredosu kimi baxır, sənət və ömür-gün yollarındakı 
						vüsətli inkişafa yüksək dəyər verir, idrak və ağıl 
						mülkündən süzülüb gələn müdrik, aforistik deyimlərinə, 
						əldə etdikləri elmi nailiyyətlərə görə onları dahi 
						adlandıranlara təkrarən haqq qazandırmalı olursan. 
						
						Doğma vətənimiz Azərbaycanda da belə nadir keyfiyyətlərə 
						qadir olan şəxsiyyətlər çoxdur. 
						
						85 illik mənalı ömrünün altmış ilini elmə, xalqının 
						maariflənməsinə həsr edən, pedaqogika elminin 
						korifeylərindən biri, öz dəyərli əsərləri ilə ölkəmizdə 
						və xaricdə yüksək nüfuz qazanan, milli və bəşəri 
						ideyaları ilə pedaqoji fikir tariximizi zənginləşdirən, 
						ictimai-siyasi, sosial-mədəni və ideya-əxlaqi 
						mühitimizin aparıcı ziyalılarından olan, xalqını, 
						vətənini dərin məhəbbətlə sevən, neçə-neçə nəsillərə 
						maarifləndirici çıraq tutan, nümunəvi övladlar ərsəyə 
						gətirən Prezident təqaüdçüsü, əməkdar elm xadimi, 
						pedaqoji elmlər doktoru, professor, Azərbaycan Dillər 
						Universitetinin pedaqogika kafedrasının müdiri Nurəddin 
						Mustafa oğlu Kazımov da belə bir ömür sahibi kimi 
						xalqımızın dərin rəğbətini qazanmışdır. 
						
						Ömrünün bu müdriklik zirvəsini halal əmək və saf əqidə 
						ilə fəth edən Nurəddin Kazımovun həyat və fəaliyyəti 
						haqqında oxuculara dəyər verəcək sonsuz sayda 
						biblioqrafik məlumatlar vardır. Lakin onun müasir oxucu 
						üçün maraqlı görünən həyat xronikasının bəzi 
						səhifələrini xatırlamaq, güman edirik ki, yerinə düşər. 
						
						N.Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində 
						anadan olmuşdur. 1933-cü ildə orada "III İnternasional" 
						adına orta ümumtəhsil məktəbinə daxil olmuş və 1943-cü 
						ildə həmin məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan 
						Dövlət Universiteti tarix fakültəsinin fəlsəfə şöbəsinə 
						daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci 
						ildə Leninqrad (Sankt -Peterburq) Dövlət Universitetinin 
						fəlsəfə fakültəsinin III kursuna köçürülərək, oranı 
						1950-ci ildə yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir.
						 
						
						1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun 
						pedaqogika və psixologiya kafedrasında baş müəllim 
						vəzifəsində işləmişdir. Onun sonrakı əmək fəaliyyəti 
						Bakı şəhəri ilə bağlı olmuşdur. Əvvəlcə Bakı Vilayət 
						Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin 
						sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə 
						Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta 
						pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində 
						çalışmışdır. 
						
						Elmi-pedaqoji fəaliyyətə olan sonsuz marağı onu 
						Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun 
						(indiki Azərbaycan Respublikasının Təhsil Problemləri 
						İnstitutu) aspiranturasına gətirmiş, 1953-1956-ci 
						illərdə burada aspirant ömrü yaşamışdır. 
						
						Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının 
						ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini 
						başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən 
						Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji 
						təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur. 
						
						Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna 
						yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə 
						M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı 
						İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə 
						Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda 
						elmi işlər üzrə direktor müavini, sonra isə direktoru 
						(1973-1976) olmuşdur.  
						
						Onun elmi-istehsalat fəaliyyətinin nəticələri yazmış 
						olduğu dissertasiyalarda daha bariz şəkildə öz ifadəsini 
						tapmışdır. Ona 1958-ci ildə "Müqayisə haqqında 
						K.D.Uşinskinin fikirləri və məktəb təcrübəsi üçün bunun 
						əhəmiyyəti" mövzusunda dissertasiyasına görə pedaqoji 
						elmlər namizədi, 1969-cu ildə isə "Məktəbdə müqayisə 
						üzərində işin nəzəriyyəsi və təcrübəsi" mövzusunda 
						yazdığı əsərə görə pedaqoji elmlər  doktoru elmi 
						dərəcəsi verilmişdir. 1963-cü ildə professor elmi adına 
						layiq görülmüşdür. 
						
						Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin 
						böyük mərhələsi isə ali məktəb həyatı ilə bağlı olmuşdur. 
						1976-1982-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki 
						Azərbaycan Dövlət Pedaqoji Universiteti) prorektor 
						vəzifəsində işləmişdir. 
						
						1984-cü ildən isə Azərbaycan Dillər Universitetinin 
						pedaqogika kafedrasının müdiri kimi öz şərəfli işini 
						davam etdirir. 
						
						Professor Nurəddin Kazımovun həyat salnaməsindən 
						gətirilən tərcümeyi-hal fraqmentləri bir daha sübut edir 
						ki, qəlbində paklıq, qurub-yaratmaq şövqü yaşadan İnsan 
						övladının əbədiyaşar keyfiyyətləri onu həmişə müdrik 
						saxlayır, ixtiyar çağında da "qocalmağa", "giley-güzar" 
						etməyə qoymur. Nurəddin müəllimin çoxcəhətli fəaliyyəti 
						və elmi təfəkkürü, məntiqi düşüncə tərzi, tədris və 
						idrak bacarığındakı metamorfozalar da təsdiq edir ki, o, 
						yaradıcılıq yoluna ehtişamlı görünmək üçün yox, real 
						gerçəklikləri olduğu kimi obyektiv baxım mövqeyindən 
						dəyərləndirdiyi üçün cəsur və iradəli görünür. O, tədqiq 
						etdiyi problemə, təhlilini apardığı fakt və hadisələrə 
						elmi nəzəri, qanunauyğun baxışlar sistemi ilə nəzər 
						saldığı üçün daima metodik təhkiyələrində, pedaqoji 
						mühakimələrində, iti zəkalı mükalimələrində sərrast 
						bilik və bacarıq nümayiş etdirə bilir. Onun mükəmməl və 
						novator ruhlu konseptual baxışlarında gerçək elmi 
						metodologiya, real ideya-nəzəri əsaslandırma yozumu çox 
						qüdrətlidir.  
						
						Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyət 
						yolu ilə tanış olanlar yaxşı bilirlər ki, o, apardığı 
						tədqiqatlar sahəsində birmənalı olaraq nüfuzlu alimə 
						çevrilmiş, pedaqoji problemlər üzrə xeyli sayda yeni 
						fikir və nəzəriyyələr formalaşdırmışdır. O, xüsusən son 
						illərdə qələmə aldığı monoqrafik nəşrlərində dinamik və 
						təşəbbüskar əməl nümayiş etdirərək pedaqoji elm və 
						təcrübəyə milli pedaqogika prizmasından yanaşmış, ən 
						böyük uğurlarını tarixi-müqayisəli şərhlərlə sübut 
						edərək, ənənəvi pedaqogikanın uğursuzluqlarının 
						səbəblərini tənqidi təhlil əsasında tam ortaya çıxararaq, 
						öz ideyalarındakı elmi yeniliklərə özü tərəfindən mənəvi 
						dəstək vermişdir. 
						
						Elm və təhsil yolunda fədakar ömür yaşamış professor 
						Nurəddin Kazımov daim yeni elmi axtarışlar sorağındadır. 
						Onun düşüncələrinin, həyat prinsiplərinin əsasını 
						dialektik təfəkkür inkişafı təşkil edir. Onun elmindən 
						hali olanlar yaxşı bilirlər ki, o, bütün bilik və 
						erudisiyasını "yaxşı insan", sağlam cəmiyyət ruhunda 
						kökləyən şəxsiyyət hazırlığına sərf edir, mövcud 
						cəmiyyət prinsiplərinə mübariz, vətəndaşlıq mövqeyindən, 
						lazımi hallarda isə tənqidi rakursdan, radikal 
						münasibətdən yanaşmağı da çox doğru-düzğün bacarır, elmi-diaqnostik 
						həqiqəti tam açmaq üçün fakt və hadisələrin obyektiv 
						təhlil süzgəcindən keçirilməsinə və dəqiqləşdirilməsinə 
						böyük rəvac verir. 
						
						Professor Nurəddin Kazımovun fəaliyyəti çoxcəhətlidir. 
						Ona görkəmli alim, ustad müəllim, mahir pedaqoq, müdrik 
						filosof, yenilikçi metodist, kamil insan, yenilməz 
						şəxsiyyət və nəhayət, böyük vətəndaş demək olar. Öz 
						fikrini formal məntiqə yox, dialektik məntiqə istinadən 
						qurmağı yaxşı bacaran professor Nurəddin Kazımov elmi 
						araşdırmalarını sırf yeni pedaqoji təfəkkürlə, nəzəri 
						konseptual baxışlarını müasir cəmiyyət psixologiyasına 
						uyğun zəmində hasilə gətirə bilir.  
						
						Alimin uğurlu axtarışlarının möhkəmlənməsinə xidmət edən 
						qənaətlərindən biri də onun pedaqogikada ilk dəfə olaraq 
						milli və dünyəvi zəmində pedaqoji proses anlayışlarının 
						tədqiqat prinsiplərini yeni texnologiya əsasında işləyib, 
						bu məzmunda inikas olunan təlim, tərbiyə, təhsil və 
						psixoloji inkişaf vəhdətini qarşılıqlı, əks əlaqə 
						yaradan, unikal obyektiv qanunauyğunluq kimi 
						dəyərləndirməsi olmuşdur. Yəni o, pedaqoji prosesin öz 
						əhəmiyyətinə görə bütün istiqamətlərdə və sahələrdə 
						məzmununa pedaqoji anlayış kimi baxaraq və bu 
						anlayışları daxil etməklə, müasir elmi pedaqogikanın 
						inkişaf dinamikasına təkan verəcək qüdrətli bir yenilik 
						gətirmişdir. 
						
						Professor Nurəddin Kazımovun milli pedaqogikaya 
						gətirdiyi elmi yeniliklərin əhatə dairəsi daha geniş və 
						rəngarəngdir. O, elmi və pedaqoji fəaliyyətində ilk dəfə 
						olaraq irsiyyət, mühit, tərbiyə və şəxsi əmək yolunun 
						qarşılıqlı vəhdəti ilə şəxsiyyət formalaşdırmağın 
						mümkünlüyünü; adamlarda qabiliyyətlərin formalaşması 
						mexanizmini; müqayisə probleminin elmi-nəzəri əsaslarını; 
						təlim texnologiyasının üsul, qruplaşma, mərhələlik 
						prosesləri ilə xarakterizə olunan ünsürlərlə vəhdət 
						nəzəriyyəsini; pedaqoji proses qanunauyğunluqlarını; 
						dünyagörüşü anlayışına elmi istiqamət verən 
						metodologiyanı; təlim zamanı müəllimin öz psixoloji 
						vəziyyətini tənzimləmə mexanizmini; "Müəllim kimdir?" 
						dilemmasının məntiqi-sosial köklərini; pedaqogikada 
						əyanilik prinsipinə yeni məzmunda - konkret anlayış və 
						təsəvvür yolu ilə gerçəkləşməsini və bir sıra digər 
						sanballı elmi axtarışları ilə bu elm sahəsinin 
						inkişafını daha yüksək mərhələyə qaldırmışdır. Onun 
						yaradıcılıq fəaliyyətinin parlaq təzahürləri olan "Nurlu 
						yol" (1983), "Tərbiyənin elmi-pedaqoji əsasları" (1983), 
						"Pedaqogika" (müştərək) (1996), "Ali məktəb pedaqogikası" 
						(1999), "Milli pedaqogika yollarında" (2001), "Məktəb 
						pedaqogikası" (2002), "Məktəb pedaqogikası sxemlərdə" 
						(2003), "Azərbaycan milli izahlı ensiklopedik pedaqoji 
						lüğət" (müştərək) (2005), "Müqayisənin nəzəri və əməli 
						problemləri" (ağlın sönməz məşəli) (2005), "Pedaqogika 
						kafedrası üzrə təhsil proqramı (kurikulum)" (müştərək) 
						(2005), "Mərhələli tərbiyə nəzəriyyəsi" (2007), "Pedaqoji 
						ustalığın problemləri" (2009), "Tətbiqi pedaqogika" 
						(2010), on altı cilddən ibarət "Seçilmiş əsərlər" (2011) 
						və bir çox digər kitabları respublika və dünya 
						ictimaiyyətinə təqdim edilmişdir. 
						
						Onun orta ümumtəhsil məktəblərinin III, IV sinifləri 
						üçün "Ana dili" (1970-2003) və "Oxu" (1970-2005) 
						dərslikləri və 500-dən artıq müxtəlif səpgili əsərləri 
						təlim-tərbiyə nəzəriyyəsi və təcrübəsini xeyli 
						zənginləşdirmişdir. 
						
						O, elmi-pedaqoji fəaliyyətini bir qabaqcıl təhsil 
						təşkilatçısı kimi də şərəflə doğruldur. Neçə illərdir ki, 
						(1976) Respublika Pedaqoji Cəmiyyətinə başçılıq edir. 
						"Milli pedaqogika məktəbi" adlı (2006) elmi-nəzəri-metodik 
						jurnalın elmi məsləhətçisidir. 
						
						Nurəddin müəllim tələbələrin də sevimlisidir. Müstəqil 
						həyata vəsiqə alan gənclərlə daim təmas qurmaq, onlara 
						peşə və sənət yollarında məsləhətçi və munis olmaq onun 
						yüksək iradi-mənəvi keyfiyyətidir. Xüsusən tələbə 
						mənəviyyatına halallıq, pak və saf əqidə nuru çiləmək bu 
						müdrik şəxsiyyətin həyat kredosudur. 
						
						Professor Nurəddin Kazımovun bitib-tükənməyən həyat eşqi, 
						yaradıcılıq şövqü geniş və çoxşaxəlidir.  
						
						Müstəqilliyimizin ilk illərindən ta bu günədək o, 
						mübariz vətəndaş kimi mənfur erməni diasporasına qarşı 
						yüksək vətəndaş-alim mövqeyindən ciddi münasibət 
						bildirmiş, doğma Vətənimizin ayrılmaz tərkib hissəsi 
						olan Qarabağın azadlığı və müstəqilliyi yolunda axıdılan 
						qanların baiskarlarına və "sapı özümüzdən olan 
						baltalar"ın kütlüyünə, ətalətinə, nankorluğuna qarşı 
						çıxmışdır. 
						
						Onun pedaqoji fəaliyyətinin ən qaynar məqamları isə 
						hazırda çalışdığı Azərbaycan Dillər Universiteti ilə 
						bağlı olmuş, xarici dil ixtisası üzrə pedaqoji kadrların 
						hazırlığına həsr olunmuşdur. 
						
						Rəhbərlik etdiyi pedaqogika kafedrasında formalaşdırdığı 
						işgüzar mühit, çalışdığı tədris ocağında ağsaqqallıq 
						nüfuzu onu kollektivin sevimlisi etmişdir. 
						
						Nurəddin müəllimin valideynlik və ailə nüfuzu da 
						çoxlarına örnək olmuş, nəvə-nəticə, övlad tərbiyəsində 
						onun alicənab keyfiyyətləri həmişə nümunə göstərilmişdir. 
						Ali təhsil görmüş həyat yoldaşı Bikə xanım onunla, o da 
						Bikə xanımla fəxr edir. Ata yolunun sadiq davamçıları 
						olan övladlarından ikisi - Ayaz (əfsuslar olsun ki, 
						həyat onu sıramızdan vaxtsız apardı) və Nurlanə öz 
						fəaliyyətlərində alim pedaqoq qüdsiyyətini şərəflə 
						doğrultmuşlar.  
						
						Ailənin ilkin övladı Araz Kazımov isə Bakı şəhərinin iri 
						rayonlarından birinin xalq hakimi vəzifəsində çalışaraq, 
						ləyaqətlə öz dövlətinə və xalqına xidmət edir. 
						
						Nurəddin müəllimin əməyi dövlət və xalq tərəfindən 
						həmişə layiqincə qiymətləndirilib, bu şərəfli fəaliyyət 
						və uğurlarına görə "Qabaqcıl maarif xadimi", "SSRİ 
						maarif əlaçısı" döş nişanları, "Şərəf nişanı" ordeni ilə 
						təltif olunmuş, "Əməkdar elm xadimi" fəxri adını 
						almışdır.  
						
						Nurəddin müəllim ömrünün 85 illik zirvəsinə çatmışdır. 
						Bu müdrik və ixtiyar çağında da xalqına, vətəninə xidmət 
						amalı yenə də onu yazıb-yaratmaq məsuliyyətindən geri 
						qoymur. Fədakar əməyi sayəsində Azərbaycan elminə, 
						təhsilinə öz layiqli töhfələrini verir.   
						
						
						Vidadi BƏŞİROV,ADU-nun pedaqogika kafedrasının
 dosenti, pedaqogika üzrə fəlsəfə doktoru
 |