Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

"Riyaziyyat aylığı"na "dəyirmi masa" və əyləncəli gecə ilə yekun vuruldu

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2011-ci ilin dekabr ayı üçün elan etdiyi "riyaziyyat aylığı" başa çatıb. Aylığın məqsədi (fənnin tədrisi keyfiyyətini yüksəltmək, şagirdlərdə riyaziyyata marağı artırmaq, onların və müəllimlərin fəallığını yüksəltmək) və proqramı ("açıq dərs"lərin verilməsi, bilik yarışları və müsabiqələrin, tanınmış riyaziyyatçı alimlərlə görüşlərin təşkili) eyni olsa da onu paytaxtın ümumtəhsil məktəbləri bir-birindən fərqli məzmun və formada keçirmişlər.

Bu baxımdan 283 nömrəli tam orta məktəbin təcrübəsi xüsusilə diqqəti cəlb edir. Burada aylıq çərçivəsində bütün tədbirlərin təşkilinə yaradıcı yanaşılmış, dekabr ayı ərzində məktəbin riyaziyyat və ibtidai sinif müəllimləri arasında təlimə innovativ yanaşma üzrə əsl yarış getmişdir. Bu ovqatı təhsil ocağında keçirilmiş və aylığın yekun tədbirləri olan konfransda və "Riyaziyyatın işığında" adlı mərasimdə də görmək mümkün idi.

Dekabrın 23-də keçirilən konfrans "açıq dərs"lərlə başlandı. Məktəbin ibtidai sinif müəllimlərindən Nəzakət Allahverdiyevanın 1 "b" sinfində riyaziyyatdan "Ədədin ikiqatı", Məryəm Hüseynovanın 1 "ç" sinfində "Bucaqlar", Rəfiqə Əliyevanın II "a" sinfində "Məsələni tamamla və həll et", Yeganə Həsənovanın III "b" sinfində "Fikrində hesabla və yoxla" mövzularında yeni kurikulum üzrə fəal təlim metodları ilə, riyaziyyat müəllimlərindən Sevinc Əhmədovanın X "ç" sinfində "Triqonometrik tənliklərin həll üsulları", Elmira Hüseynovanın VIII "b" sinfində "Kvadrat kök daxil olan ifadələrin çevrilməsi" mövzularında apardıqları "açıq dərs"lər dinlənildi. Sonra dinlənilmiş dərslər "dəyirmi masa" ətrafında davam edən konfransda müzakirə olundu.

Müzakirəni məktəbin direktoru, təcrübəli pedaqoq Şükufə Axundova açaraq tədbir iştirakçılarını salamladı, dəvəti qəbul edib gəldikləri üçün qonaqlara minnətdarlığını bildirdi. Aylıq çərçivəsində gördükləri işlər barədə məlumat verən direktor məktəbdə bu məqsədlə hazırlanmış tədbirlər planına uyğun olaraq bütün riyaziyyat müəllimlərinin "açıq dərs"lər verdiklərini, onlardan bir neçəsinin seçilərək nümunəvi dərs kimi bugünkü tədbirin proqramına salındığını və qonaqların iştirakı ilə dinlənildiyini söylədi.

Sonra tədbirin proqramına uyğun olaraq məktəbin ibtidai sinif müəllimi İradə Həmzəyevanın "Şagirdlərin təfəkkürünün formalaşmasında riyaziyyat fənninin rolu", riyaziyyat müəllimi Z.Əliyevanın "Dərsin səmərə və keyfiyyətinin artırılmasında müasir təlim metodlarının imkanları" mövzularında məruzələri dinlənildi, dinlənilmiş dərslərin müzakirəsi aparıldı. Müzakirələrdə söz alan Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzinin metodisti Vaqif Fərəcov, BPKİYİ-nin təbiət elmləri  kafedrasının  müəllimi  Bənövşə Tağıyeva, həmin institutun riyaziyyat və informatika kafedrasının müəllimi Rövşanə Qəmbərova, Bakıdakı 135 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Vaqif Süleymanov dinlədikləri dərslərin təhlilini aparıb, onların  müsbət  cəhətlərindən  bəhs etdilər,  bəzi  kiçik  iradlarını  bildirib müəllimlərə   tövsiyələrini   verdilər.

Çıxışlarda ibtidai siniflərdə "açıq dərs" aparan müəllimlərin kurikulumun tələblərinə tam əməl etdikləri, dərslərdə fəal təlim metodlarına geniş yer verildiyi, qruplarla işin yaxşı təşkil olunduğu, şagirdlərin fəallığının təmin edildiyi, məktəbdə riyaziyyat aylığının mütəşəkkil keçirildiyi vurğulandı.

Ertəsi gün isə məktəbdə "Riyaziyyat aylığı"nın son tədbiri olan "Riyaziyyat işığında" adlı əyləncəli gecə keçirildi. Aparıcılar tədbiri açıq elan etdikdən sonra "Riyaziyyatsız həyatımızı təsəvvür edək" mövzusunda klip nümayiş etdirildi. Klip müxtəlif peşə sahiblərinin riyaziyyatı bilməsinin vacibliyinə həsr olunmuşdu.

Əyləncəli gecədə məktəbin şagirdləri riyaziyyata həsr olunan məzəli mahnılar, eləcə də digər musiqi nömrələri ifa etdilər. VII "a" sinfinin "Vahid", VII "d" sinfinin "Xəmsə", VII "b" sinfinin "Göy qurşağı" komandaları arasında keçirilən viktorina xüsusilə maraqla qarşılandı. Riyaziyyat-ədəbiyyatda, riyaziyyat-fizikada, riyaziyyat-coğrafiyada, riyaziyyat-tarixdə mövzularında olan viktorina həmin fənlər üzrə müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi, qaliblərə hədiyyələr təqdim olundu.

Sonra aylıq çərçivəsində məktəbdə keçirilmiş divar qəzetləri, ən yaxşı referat, əl işi müsabiqələrinin nəticələri elan olundu. I, II və III yerləri tutan sinif və şagirdlər diplom və hədiyyələrlə təltif olundu.

Bakı Dövlət Universitetinin riyaziyyatçı alimləri Arif Heydərov, Feyruz Həsənov və digər qonaqların da iştirak etdikləri tədbiri məktəbin direktoru Şükufə Axundova yekunlaşdıraraq qalibləri təbrik etdi. Tədbirin hazırlanmasında xüsusi əməyi olan riyaziyyat müəllimləri Zülfiyyə Əliyeva və Rəna Nağıyevaya fəxri fərmanlar təqdim etdi. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov