Başa vurduğumuz 2011-ci il bir çoxları kimi, tələbə
yoldaşım və həmkarım, hazırda Şirvan şəhərindəki
M.İsrafilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü
məktəb-liseyin müəllimi işləyən Alik Rzayev üçün də
uğurlu olub. 18 kitab müəllifi olan Alikin 2011-ci ildə
daha iki kitabı işıq üzü görüb. Yaradıcı müəllimin
kitablarından 11-i təhsillə bağlı və təhsil işçiləri,
istedadları ilə seçilən şagirdlər, məktəbli idmançılar
haqqındadır. Ötən il çapdan çıxmış iki kitabından da
biri təhsilə aiddir və "Hacıqabulun məktəbli idmançıları"
adlanır. Kitabda son 20 ildə Hacıqabul Rayon Təhsil
Şöbəsinin nəzdindəki Uşaq Gənclər İdman və Uşaq Gənclər
Şahmat məktəblərinin yaranma tarixi və fəaliyyətindən,
bu təhsil ocaqlarında məşğul olan idmançı şagirdlərin
əldə etdikləri uğurlardan söz açılır. Kitabda həmçinin
rayonun ümumtəhsil məktəblərində oxuyan və müxtəlif
idman növləri üzrə bölmələrdə idmanın sirlərinə
yiyələnən yeniyetmə və gənc idmançılar, onların müxtəlif
yarışlarda qazandıqları nəticələr haqqında da məlumat
verilir. Kitabın məsləhətçisi Hacıqabul RTŞ-ın müdiri,
əməkdar müəllim Şükür Məmmədov, rəyçisi isə Hacıqabul
Rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh
Ələsgərovdur.
Yeri gəlmişkən qeyd edək ki, cəfakeş pedaqoq, istedadlı
jurnalist, 60 illik ömrünün 35 ildən çoxunu gənc nəslin
təlim-tərbiyəsinə həsr etmiş Alik Rzayev 1951-ci il
avqustun 3-də Qazıməmməd (indiki Hacıqabul) rayonunun
Qarasu kəndində anadan olub. Əli Bayramlı (indiki Şirvan)
pedaqoji məktəbinin bədən tərbiyəsi şöbəsini fərqlənmə
diplomu ilə bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) tarix fakültəsində ali təhsil alıb. Müxtəlif
illərdə məktəblərdə müəllim, təşkilatçı, direktor
müavini, direktor, təhsil şöbəsində metodist
vəzifələrində işləyib. 1969-cu ildən dövri mətbuatda
çıxış edir. Müxtəlif qəzetlərdə bölgə müxbiri, redaktor
müavini, redaktor, baş redaktor müavini vəzifələrində də
fəaliyyət göstərib. Hazırda həm də "Şərqin səsi", "Elm
və təhsil" qəzetlərinin müxbiridir. Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı
laureatıdır. 20 kitabın müəllifi,1 toplunun və 3
almanaxın tərtibçisi, 13 kitabın redaktorudur. 2011-ci
il həm də Alik Rzayevin 60 yaşı tamam olub. Yubileyi
işlədiyi kollektivdə qeyd olunub. Mətbuatda səmərəli
fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə
əlaqədar A.Rzayev Azərbaycan Jurnalistlər Birliyinin
diplomu ilə təltif olunub.
Yaradıcı müəllimi biz də 60 yaşı və yeni kitablarının
işıq üzü görməsi münasibəti ilə təbrik edir, yenicə
başlayan 2012-ci ilin və sonrakı illərin onun həyatında
əlamətdar hadisələrlə zəngin olmasını arzulayırıq.
Yusif ƏLİYEV |