Rusiyalı müəllimlər Vladimir Putinə məktub yazıblar
Rusiyalı müəllimlər ölkənin təhsil sisteminin durumundan
narahatdırlar. RF hökumət başçısı Vladimir Putinə
ünvanladıqları məktubda pedaqoqlar ölkənin təhsil
sisteminin dağılmasından bəhs edir və onun xilas
olunması üçün təxirəsalınmaz tədbirlərin görülməsini
tələb edirlər. "Uçitelskaya qazeta"nın yazdığına görə,
məktubda Rusiya təhsil sisteminin problemləri ciddi
surətdə təhlil olunur. Müəllimlər qeyd edirlər ki, son
bir neçə il ərzində təhsil sisteminin modernləşməsi
prosesində Rusiya məktəb sistemində duruş gətirmək
hədsiz dərəcədə çətinləşib.
Məktəblər əvvəlki kimi binaların təmiri üçün vəsait ala
bilmir. Yeni təhsil sistemi ilə əlaqədar olaraq
valideynlər öz uşaqlarının məktəblərdə müvəffəqiyyət
dərəcəsinə nəzarət edə bilmirlər. "İki yazmaq olmaz,
sinifdə saxlamaq qadağan olunub. Əgər şagird sinifdən-sinfə
keçmirsə, onda pis işləyirik. Məmurlara uşaqların
bilikləri deyil, müsbət statistika lazımdır. Əks halda
bu, məktəbin və konkret halda isə müəllimin taleyində
əksini tapacaq" deyən müəllimlər qeyd edirlər ki,
hökumət məktəb sistemindəki problemlər barədə pis
məlumatlandırılıb.
Əməkhaqlarının azlığından narazılıq edən müəllimlər qeyd
edirlər ki, ağır maddi vəziyyət üzündən pedaqoqlar əlavə
dərs yükü götürür, bu isə təhsilin keyfiyyətinə heç də
yaxşı təsir etmir. Ali məktəblərin məzunları heç bir
şərt altında məktəbdə işləmək istəmir. Mənzil problemi
həll olunmur. Dil və ədəbiyyat kimi fənlər üzrə dərs
saatlarının az qala 2 dəfə azaldılmasından narazılıq
edən pedaqoqlar qeyd edirlər ki, bütün dünyaya səs
salmış kompüter texnologiyaları canlı müəllim sözünü
əvəz edə bilməz. Müəllimlər bildirir ki, dövlət
hesabına vəd olunmuş yeni dərsliklər, vəsaitlər və
metodiki ədəbiyyatlar vəd olaraq qalır. Məktəb həyatına
daxil olmuş İnternet nəticə vermir: müəllimlərin
əksəriyyəti təhsilin keyfiyyətini əvvəlki kimi yazı
lövhəsi, tabaşir və əldə əski parçası ilə artırırlar.
İnteraktiv lövhə və proyektorlu kompüter bu günə kimi
hər bir müəllim üçün arzu olaraq qalmaqdadır.
Kağızda hər şey yaxşıdır, reallıqda isə hamı narazıdır:
müəllimlər iş şəraitindən, məktəblilər yüklənmədən,
valideynlər isə uşaqlarının təhsil şəraitindən.
Qocalar üçün universitet
Ukraynanın Kerç vilayətində təqaüdçülər üçün universitet
açılacaq. Ukrayna mətbuatının yazdığına görə, bu tip
universitetlər artıq Aluşte və Yalta şəhərlərində
fəaliyyət göstərir. Bu cür təhsil müəssisələri
pensionerlərin sosiallaşması məqsədilə yaradılır. Kerçdə
universitet 2012-ci ilin birinci yarımilində açılacaq.
İlk növbədə, 15 nəfərdən ibarət qruplar yaradılacaq.
Pensionerlər İnternetə çıxışı olan kompüter texnikası
ilə təchiz olunmuş Nekrasov adına kitabxananın nəzdində
tədrisə başlayacaq. Ahıl tələbələr kompüterdə işləməyə
öyrədiləcək, onlara müasir mobil telefonlardan istifadə
vərdişləri aşılanacaq. Universitetdə təhsil pulsuzdur.
Təhsili başa vuran tələbələrə diplomlar veriləcək.
Avropanın biznes məktəblərinin reytinq cədvəli
Böyük Britaniyanın Finansial Times jurnalı Avropanın ən
yaxşı biznes məktəblərinin reytinq cədvəlini açıqlayıb.
75 təhsil müəssisəsinin iştirak etdiyi reytinq
araşdırması MBA full-time, Masters in management,
Executive education, EMBA proqramları əsasında tərtib
olunub. Ötən il olduğu kimi, biznes məktəblərin
siyahısına Fransanın HEC təhsil müəssisəsi başçılıq
edir. Finansial Times-in versiyasına görə, Avropanın
digər ən yaxşı biznes məktəbləri aşağıdakılardır: 2.
Insead (Fransa), 3. London Business School (Böyük
Britaniya), 4. Iese Business School (İspaniya), 5. IMD (İsveçrə),
6. IE Business School (İspaniya), 7. Rotterdam School of
Management, Erasmus University (Niderland), 7. Esade
Business School (İspaniya), 7. SDA Bocconi (İtaliya),
10. Essec Business School (Fransa), 10. Said Business
School, University of Oxford (Böyük Britaniya).
Almaniya məktəblərində İslam icbari fənn kimi tədris
olunacaq
Almaniya məktəblərində İslam icbari fənn kimi tədris
olunmağa başlayacaq. Ölkənin dövlət məktəblərində İslam
digər əsas fənlərin sırasına daxil olub. Hazırda İslam
fənn kimi Şimali Reyn-Vestfaliya və Aşağı Saksoniya
federal torpaqlarda tədris olunur. Alman siyasətçiləri
tərəfindən yenilik birmənalı qəbul olunmayıb. Ölkənin
daxili işlər naziri Qas-Piter Fridrix, Xristian Demokrat
Birliyinin üzvləri təşəbbüsü dəstəkləmir. Şimali
Reyn-Vestfaliya torpağının rəhbərliyi alman dili kimi
İslamın icbari fənn kimi tədris olunmasına dair sərəncam
imzalayıb. Növbəti dərs ilində məktəblərdə İslamın
əsasları tədris olunacaq və bu proses yerli
administrasiyanın nəzarəti altında olacaq. Şimali
Reyn-Vestfaliya məktəblərində 320 min müsəlman uşağı
oxuyur. Yeni fənn İslam tədqiqatları pilot layihəsini
əvəz edəcək. Aşağı Saksoniyanın ümumtəhsil məktəblərində
isə İslamın tədrisi 2014-cü ildə gözlənilir. Alman
mətbuatının yazdığına görə, gələcəkdə Almaniyanın digər
federal torpaqları da bu layihəyə qoşulacaq.
Hazırda İslam müəllimləri Almaniyanın ali məktəblərində
hazırlanır. Yaxın vaxtlarda Tyubinq, Münster, Osnabryük,
Erlangen-Nürnberq, Ştutqart, Frankfurt və digər
universitetlərdə İslam dini üzrə kurslar açılacaq.
Kursları bitirən tələbələr alman məscidlərində imam kimi
fəaliyyət göstərə bilərlər. Təhsil Nazirliyinin
məlumatına görə, yaxın illər ərzində müsəlman
ailələrindən olan 700 min uşağın təhsil alması üçün 2
min müəllim hazırlanması tələb olunur.
Amerikada əcnəbi tələbələrin sayı 10 ildə 3 dəfə artıb
2010-2011-ci
dərs ilində Amerikanın universitet və kolleclərində
təhsil alan əcnəbi tələbələrin sayı 2009-cu illə
müqayisədə 4,7 faiz, 2000-2001-ci illə müqayisədə isə 32
faiz artaraq 723 mini keçib. Beləliklə də əcnəbi
tələbələrin sayı son 10 ildə 3 dəfə artıb. Xarici
tələbələrin sayı ABŞ-da tələbələrin ümumi sayının 3,5
faizini təşkil edir. Bu barədə "Open Doors 2011"
Beynəlxalq Təhsil İnstitutunun (Institute of
International Education) hazırladığı illik hesabatda
bildirilir. 2010-cu ilin payızında 2009-cu illə
müqayisədə 5,7 faiz çox xarici abituriyent təhsilə qəbul
olunub. Amerikaya daha çox tələbə göndərən ölkələr Çin
(xarici tələbələrin 21,8 faizi), Hindistan (14,4 faiz),
Cənubi Koreya (10,1 faiz)dır. 2010-2011-ci dərs ilində
çinli tələbələrin artımı 23,3 faiz təşkil edibsə,
hindistanlı tələbələrin azalma tempi 1,0 faiz təşkil
edib. Nə Rusiya, nə də postsovet məkanı ölkələri
tələbələrin sayına görə ilk 25-liyə daxil ola bilməyib.
Avropa ölkələri arasında Almaniya liderlik edir (12 yer),
Böyük Britaniya (13 yer), Fransa (17 yer). Hesabata
görə, əcnəbi tələbələr Amerikada daha çox biznes və
menecment (21,5 faiz), mühəndis elmləri (18,7 faiz),
riyaziyyat və kompüter elmləri (8,9 faiz), təbiət və
biologiya elmləri (8,8 faiz), ictimai elmlər (8,8 faiz)
öyrənməyə üstünlük verirlər.
Xarici tələbələrin əksəriyyəti təhsil üçün daha çox
Kaliforniya ştatında yerləşən ali məktəbləri seçirlər.
Ötən dərs ilində burada 96,5 min əcnəbi tələbə təhsil
alıb. Nyu-York və Texasdakı ali məktəblər də populyardır.
Daha çox əcnəbi tələbələri olan universitetlərin
siyahısına Los-Ancelesdəki Kaliforniya Universiteti
(8,6 min), İllinoys Universiteti (8 min), Nyu-York
Universiteti (8 min) başçılıq edirlər.
Xarici mətbuat materialları əsasında hazırladı: Oruc
MUSTAFAYEV |