Xalq
şairi Məmməd Araz xatirələr işığında
Məmməd Araz 1933-cü il oktyabrın 14-də Naxçıvanın Şahbuz
rayonunun Nurs kəndində dünyaya göz açıb. Orta təhsilini
Nursda başa vurub. Məktəb illərində ən çox oxuduğu aşıq
şeirləri, bir də Aşıq Ələsgərin kitabı olub. Şagird
yoldaşlarından birinin qoltuğunda Səməd Vurğunun "İstiqlal
təranəsi" kitabını görənə qədər, oradakı şeirləri
oxuyana qədər, bir misra belə yazmayıbmış. Sonralar
baharın tərənnümünə həsr etdiyi ilk şeirini yazıb.
Məktəbin divar qəzetində həmin şeir ədəbiyyat
müəlliminin rəhbərliyi ilə işıq üzü görüb. 1950-1954-cü
illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
coğrafiya fakültəsində təhsil alan Məmməd İbrahimov
yenidən doğma kəndə qayıdıb, bir neçə il müəllim işləyib.
Poeziya aləminə 1952-ci ildə "Üanın, işıqlarım" şeiri
ilə qədəm basıb. İlhamından çağlayan şeirlər onu bir də
Bakıya - paytaxtın ədəbi mühitinə gətirib. 1957-ci
ildən 1959-cu ilə qədər Azərbaycan SSR Nazirlər Soveti
yanında çalışan gənc şair, 1959-1961-ci illərdə Moskvada,
keçmiş SSRİ Yazıçılar İttifaqı nəzdindəki ali ədəbiyyat
kurslarında təhsilini artırıb. Məmməd Araz Moskvadan
döndükdən sonra "Maarif" nəşriyyatında, "Ulduz"
jurnalında, "Ədəbiyyat və incəsənət" qəzetində,
Azərbaycan Dövlət Nəşriyyatında məsul vəzifələrdə
çalışıb. 1974-cü ildən başlayaraq uzun illər "Azərbaycan
təbiəti" jurnalına rəhbərlik edib. Poeziyamızda "çağdaş
ekoloji təfəkkürün təməl daşını" (Yaşar Qarayev) Məmməd
Araz qoyub. 2004-cü il dekabrın 1-də çağdaş
poeziyamızın təməlini yaradıcılığının çiynində
daşıyanlardan ən seçkini bu dünyaya gözlərini qapadı.
Doğmaları və uzun illər ünlü şairlə təmasda olan sənət
adamları onu belə xatırlayırlar.
Aqil ABBAS, Milli Məclisin üzvü, yazıçı
- Mən ilk dəfə Məmməd Arazı 1973-cü ildə - Yazıçılar
İttifaqının yanında gördüm. Tanışlığımız o gündən
başladı. Sonra da qohum olduq. Şairin ilk övladı İradə
xanımla ailə qurduq. 1990-cı ilə qədər, düz doqquz il
eyni mənzildə yaşadıq. Övladlarım Toğrul, Tuncay elə
onun yanında, onun sevgisinin istisində böyüdülər...
Məmməd Araz nəvələrinə ithaf etdiyi şeirdə onlara "Mənim
validolum"deyirdi...
...Sonra kiçik qızı Şəlalənin Yılmazı dünyaya gəldi.
Uşaqlar bir yerə düşəndə onlarla öz övladları kimi
rəftar edər, acıqlanmazdı. Əksinə, nəvələri otaqda o yan-bu
yana qaçışanda tez əllərini mebelin künclərinə qoyardı
ki, yıxılsalar, baş-gözləri əzilməsin.
Çox mehriban, həssas, əyilməz, gözü, nəfsi tox insandı
Məmməd Araz...
Azərbaycanda şairlərdən ilk "İstiqlal" ordeni Məmməd
Araza verildi. Ulu öndər Heydər Əliyev həmişə onu
diqqətində saxlayırdı. Sonralar şairə dövlət xəttilə ev
də verildi, maşın da. Əlbəttə o, bu diqqətdən əvvəllər
kənarda qalmışdısa da, heç zaman bundan
şikayətlənməmişdi.
Xəstəliyi onu sevdiyi işindən, yaradıcılığından ayıra
bilmədi...
Biz onunla doğma ata-bala olduq. İndi çətindi deyim ki,
mən ona əsil oğul ola bildim, ya yox? Desəm də bu qeyri-təvazökar
yozular. Amma onu dəqiq bilirəm ki, o məni doğma balası
kimi istəyirdi.
Bu gün Məmməd Arazın yoxluğu fiziki yoxluqdu. O, böyük
insan kimi də, sevilən şair kimi də yenə aramızda,
sıramızdadı...
Ramiz
MİRİŞLİ, bəstəkar
- Məmməd Arazla mən cavanlıq dostu idik. O, 1933-cü ilin
oktyabrından idi, mən 1934-cü ilin aprelindən. Aradakı
altı ayı nəzərə almasaq yaşıd sayılırdıq. Sözümüz-söhbətimiz
yaxşı tuturdu. Tez-tez görüşər, dəniz sahilində gəzə-gəzə
söhbətləşər, dərdləşərdik.
İllər keçdikcə bu dostluq bəstəkarla şairin
əməkdaşlığına çevrildi. Bir-birinin ardınca 12 mahnı
bəstələdim Məmməd Arazın sözlərinə:
"Azərbaycan dünyam mənim", "Ata", "Əsgər andı", "Dünya
gözəl dünyadır", "Zaqatala", "Ana torpaq", "Bakının
gecəsi", "Qızlar bulağı", "Ana qəlbi", "Doğma diyarım".
A qızım, ürəyimdən bir neçə aydır ki, əməliyyat
olunmuşam, bəzi mahnıların adını yadıma sala bilmirəm.
Hə... o mahnıları zamanında Şövkət Ələkbərova, Rəşid
Behbudov kimi böyük sənətkarlar ifa ediblər.
Mən Məmməd Arazın sözlərinə irihəcmli kantatalar da
yazmışam. Mənim dostum çox səmimi, çox da qayğıkeş
insandı. Həmişə, hər zaman gözüm Məmmədi axtarır.
Söhrab
TAHİR, xalq şairi, Prezident təqaüdçüsü
- Məmməd Arazın yaradıcılığı barədə çox yazılıb.
Fikrimcə, onun özü ilə bağlı xatirələr oxucu üçün daha
maraqlı olar.
Məmməd gördüyü predmetdən yaza bilmirdi. O, haqqında
eşitdiyini öz təxəyyülündə canlandırıb daha yaxşı, daha
sanballı yazırdı. Belə bir əhvalat yadımdadı. Moskvada
ədəbiyyat kursunda hər ikimiz təhsil alırdıq. İki ildən
sonra kursu bitirdik. Bizi iki həftəliyə o vaxt
Leninqrad adlanan şəhərə təcrübəyə göndərdilər. Elə
vağzaldaca Məmmədi qrip tutdu, yüksək temperaturla
xəstəxanaya düşdü. İki həftə yatdı, mən də şəhəri təkcə
gəzdim, axşamlar da yanına gedəndə gördüklərimi Məmmədə
poetik tərzdə təsvir etdim. Özünə də dedim ki, heç
narahat olma, iki bloknot almışam, birində özüm üçün
qeydlər aparıram, ikincisində də sənin üçün. Xülasə, iki
həftədən sonra qayıtdıq Moskvaya. Bloknotu da verdim
Məmmədə. Litfond Vətənə qayıtmaq üçün bizə 200 manat pul
verdi. Və elə oradaca bizə təklif etdilər ki, Məmməd
Moskva radiosunun Türk verilişləri şöbəsində, mən də
Şərq ədəbiyyatı şöbəsində qalıb işləyək. Biz hər ikimiz
birağızdan dedik ki, bizə bir gün möhlət verin, sabah
sizə cavab verərik. Gecə Məmməd mənim otağımda qaldı.
Səhər mən tez oyanmışdım. Radionu açdım, Moskvadan "Koroğlu"
uvertürasını səsləndirirdilər. Sonra da "Orta Cəlili"
aşıq havasını verdilər. Yad şəhər ola, sən də qərib
olasan, ağladım, nə ağladım... Məmməd mənim hıçqırığıma
ayıldı... Onu da deyim ki, bəlkə də Məmmədin gözlərindən
mənalı, gözəl göz görməmişdim. Gördüm o gözəl gözləri də
yaşarıb... Dedi mənə ki, neyniyək, qalıb Moskvada
işləyək, yoxsa qayıdaq Bakıya? Dedim, Məmməd, burada
bizə "can qardaş", "can bala" kim deyəcək, gəl qayıdaq
Bakıya...
Razı oldu. Döndük Bakıya. İki gündən sonra Məmmədin
Leninqradla bağlı "Ədəbiyyat və incəsənət"də yeddi dənə
çox güclü şeiri çıxdı. Mənimkilər elə güclü alınmamışdı.
Məmməddə təsəvvür, təxəyyül çox güclü idi.
1950-ci ildən ailə dostu olmuşuq. Bizi birləşdirən şeir,
poeziya deyildi, tale idi. Təbriz həsrəti, Araz ayrılığı,
qəribçilik hissləri idi. Məmməd o tayın simasını məndə
görürdü, mən buralarda qonaq idim, deyə, Məmmədin
sayəsində, Məmmədin gözüynən tanıyırdım bu tayı... Hər
gördüyümü, hər ürəyimdən keçəni də, qərib idim deyə,
yaza bilmirdim. Amma Məmməd yazırdı, daha həssas, həm də
daha sərt yaza bilirdi.
Məmmədin özündə başqa bir xüsusiyyət də vardı ki, özünü
hər yerdə qərib hiss edirdi. Bu, nəylə bağlı idi,
demirdi. Atası İnfil kişi Sibirdə sürgündə olmuşdu, özü
isə bir vaxtlar böhtana düşmüşdü. Elə xəstəliyi də ondan
sonra şiddətləndi...
...Tez-tez qəbri üstə gedirəm. Elə vaxt seçirəm ki,
orada tək özüm olum. Onda sanki təbəssümlə baxır mənə,
danışırıq elə bil, sonra da oradan çıxana qədər yanaşı
addımlayır mənimlə... xəyalən...
- Dost itkisinin çəkisi ölçüyə gəlmir, Söhrab əmi...
- Elədir qızım, mən Məmməddən səkkiz yaş böyük olsam da,
ruhən yaşıd kimiydik. Bir-birimizi bir nəzərdən başa
düşürdük. Cənnətiməkandır, Məmməd Araz, gündəkindən dinc
yatsın...
İradə TUNCAY, qızı
- Ötən il dekabrın 1-də atamın ölümündən 7 il keçdi.
Deyirdilər ki, vaxt hər şeyi sağaldır. Zaman keçəcək,
ağrıların azalacaq, o, işıqlı xatirələrlə dönəcək.
Mənimçün vaxt heç nəyi dəyişməyəcək. Mən onun ölümünə
yox, həyatına ağlamışam. Sağlığında ağlamışam.
Gördüklərimə ağlamışam. Elə bilirdim ki, özümü hər şeyə
kökləmişəm. Və... labüd sona da hazıram. Axır
vaxtlarında çox zəifləmişdi, heç iki addım da atmaq
istəmirdi. Anlayırdım ki, qüvvəsi tükənib, hər şey bitir.
Ürəyimdə bircə dilək diləyirdim - heç olmasa bir neçə
günlüyə, bir neçə saatlığa dili açılsın, ürəyindəkini
desin...
İndi fikirləşirəm ki, bizim münasibətlərimiz ata-qız yox,
ustad-mürid münasibətləri idi. Mən onun necə böyüklüyünü
dərk edir, onun kim olduğunu bilirdim.
Atam deyirdi ki, danışmaq da yükdü, susmaq da yükdü.
Atam xəstələnəndə 14-15 yaşındaydım. Uşaqlığımla erkən
vidalaşdım. Atamın həyatda qalmasını təmin etmək üçün,
bir Allah bilir ki, nə eləyə bildiksə, etdik. Səhhətinə
görə cəmiyyətdən təcrid olub öz dünyasına qapılanda
atamın cəmi 41 yaşı vardı. Mən böyük anlamda atama Övlad
ola bildim. Mən istəyirəm ki, bu xalqa işıq gətirənlərin
çırağı gur yansın.
Tahir
TALIBLI, əməkdar jurnalist, Azərbaycan Televiziya
və Radio Verilişləri QSC-də Xalq yaradıcılığı
redaksiyasının baş redaktoru
- 1968-1972-ci illərdə APİ-nin (indiki ADPU) filologiya
fakültəsində oxuduğum vaxt şairlərlə, yazıçılarla tez-tez
görüşlər, disputlar keçirilirdi. O vaxt bizə millətin
siması sayılan, tanınmış elm xadimləri dərs deyirdilər.
Qonağımız Məmməd Araz olanda müəllimli-tələbəli hamımız
sevinərdik. Məmməd Araz şeir oxuyanda zal silkələnər,
bütün dinləyici auditoriyası şairi ayaqüstə alqışlayardı.
Məmməd əmi ilə tanışlığımız 1969-cu ildə başladı.
Sonralar bu tanışlıq doğmalığa çevrildi. Tez-tez
işlədiyi redaksiyaya gedərdim. Məmməd Arazla
söhbətlərimizin birindən (24 yanvar 1991-ci ildə) bəzi
məqamları oxuculara təqdim etmək istəyirəm:
- Sizə əsərlərinizi yenidən yazmaq imkanı verilsəydi,
yaradıcılığınızda hansı mövzuları daha önə çəkərdiniz?
- Vətəndaşlıq mövzusuna daha çox müraciət edərdim,
xalqın oyanışına xidmət edərdim. Gecikmələrin içində ən
ağırı oyanışa gecikmədir.
Ədəbiyyat ilk addımda bədii zövqdü, sonra isə hər şeydi.
- Yarı yolda qalan, unudulan və bu gün təəssüflə
xatırladığınız imza olubmu?
- Elə bir imza xatırlamıram. Ancaq təəssüf edirəm ki, bu
gün Əli Kərim sıramızda yoxdur. Tay-tuşları içərisində
hamımızdan istedadlı idi. Az yaşadı. Qısa ömürdən
yadigar qalan əsərləri böyük bir şair ömründən xəbər
verir. Qəribə ürəyi vardı. Onu bircə gün də olsa unuda
bilmirəm. Dursun Məmmədov adlı bir alimimiz də tez getdi.
O da orijinal qələm sahibi idi.
- Sizə də, Söhrab Tahirə də ədəbi ictimaiyyət "əmi" deyə
müraciət edir. Bunun bəlkə maraqlı bir tarixçəsi var?
- Bu "əmi"liyin elə bir tarixçəsi yoxdur. Cavanların
həmişə qayğısını çəkməyə çalışmışam. İlk addımlarını
izləmişəm, yeri gələndə əl tutmuşam, yaradıcılıqlarına "uğur
olsun" demişəm, kitablarına ön söz, rəy yazmışam.
Müxtəlif zəmanətlər imzalamışam. Bir sözlə, əmilik
borcumu həmişə yerinə yetirməyə çalışmışam.
Nə zamanın təlatümlərinin, nə də sağlamlığına balta
çalan amansız xəstəliyinin qarşısında əyilmədi Məmməd
Araz. Amma bir şeirində oxucularına elə məhəbbətin özü
boyda bir etiraf etdi.
"Məhəbbət önündə qəddim əyildi..."
"Mənli də, mənsiz də bu dünya vardı..."
- deyən Məmməd Araz 71 illik ömrünün 50 ilini poeziyaya
həsr etdi və bu yolda yorulmadı, bezmədi, sevdi, sevildi,
şairin ən böyük təbliğatçısı elə öz lirikası, öz
şeiriyyəti oldu.
Sağlığında "ey dəvə yol, düşdüm sənin belindən" demişdi
şair. Amma özü o dəvənin belindən düşüb əbədiyyətə köç
etsə də, poeziyamızda bir dəvə karvanı çəkə bilməyəcək
sanbalda şeir xəzinəsi qoyub getdi.
Hazırladı: Ellada UMUDLU |