Azərbaycan
Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli,
2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata
keçirilməsi üzrə tədbirlər planının 5.10-cu maddəsində
texniki peşə təhsili müəssisələrinin büdcədənkənar
gəlirlərinin artırılması üzrə təşviqləndirici
tədbirlərin görülməsi, tədris emalatxanaları və təlim
təsərrüfatının fəaliyyətinin təkmilləşdirilməsi, "Təhsil
haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının
1.28-ci bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil
müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul
olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin
müəyyən edilməsi haqqında" 19 yanvar 2010-cu il tarixli
10 nömrəli qərarı ilə təhsil müəssisəsinin öz
nizamnamələri çərçivəsində və fəaliyyət istiqamətinə
uyğun olaraq, əlavə gəlir gətirmək məqsədi ilə məşğul
olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti
müəyyən edilmişdir:
- ödənişli əlavə təhsil;
- məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi;
- təhsil məhsulları (təhsil sahəsində
innovasiyalar,orijinal təhsil və fənn proqramları, təlim
metodları sistemi, təhsil modulları, təhsil layihələri)
satışı;
- elmi tədqiqat və təcrübi-konstruktor işləri;
- elmi-praktiki tədbirlərin təşkili;
- nəşriyyat-poliqrafiya işləri;
- tədris prosesində əldə olunan məhsulların satışı.
Bu qərar bazar iqtisadiyyatı və azad sahibkarlıq
şəraitində tədris müəssisələrinin təlim-tərbiyə
fəaliyyətləri ilə yanaşı, həm də istehsal fəaliyyətinə
də geniş imkanlar yaradır. Peşə məktəb və liseylərində
mövcud olan tədris emalatxanaları, alət və avadanlıqlar,
istehsal proseslərini yaxşı bilən mühəndis-pedaqoji
işçilər məktəbin sahibkarlıq fəaliyyətinin təşkil
edilməsinə imkan verir.
Başqa sözlə, peşə tədris müəssisələri nəzdində kiçik
müəssisələrin, mini zavod və fabriklərin yaradılması
yeni şəraitdə ən aktual məsələlərdən biridir.
Məktəbin sahibkarlıq fəaliyyəti elmi əsaslara söykənməli,
mövcud qanunvericilik prinsiplərinə uyğun olmalı, tədris
müəssisəsinin iqtisadi inkişafına xidmət etməlidir.
Əksinə, məktəb öz daxili imkanlarını, ehtiyatlarını, öz
marketinq fəaliyyətinin effektliyini nəzərə almadan,
hansı məhsulu nə qədər, hansı bazar üçün istehsal
edəcəyini müəyyən etmədən sahibkarlığı yaratmaq xatirinə
bu işə başlayarsa, onun fəaliyyəti uduzmaqla nəticələnə
bilər.
Sahibkarlıq dedikdə xüsusi şəxslərin, müəssisə və
təşkilatların istehsal, xidmət göstərilməsi, məhsulun
satılması və digər məhsullarla mübadiləsi ilə bağlı
həyata keçirdikləri fəaliyyət növü başa düşülür.
Sahibkarlıq fəaliyyətinin müxtəlif növləri mövcuddur.
Hər hansı bir biznes fəaliyyəti bu və ya digər dərəcədə
məhsul və xidmət istehsalı, mübadiləsi, məhsulun bölgüsü
və istehlak ilə bilavasitə bağlıdır.
Sahibkarlıq fəaliyyətinin ən aparıcı növü istehsal hesab
edilir. Burada məhsul, əmtəə istehsalı həyata keçirilir,
xidmətlər göstərilir. Müəyyən mənada dəyər yaradılır.
Sahibkarlıq fəaliyyətinin müasir təşkilat formalarından
biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat
cəmiyyətlərinin aşağıdakı növləri fərqləndirilir: məhdud
məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətlər, əlavə
məsuliyyətli cəmiyyətlər və s.
Müasir şəraitdə sahibkarlığın ən geniş yayılmış
formalarından biri səhmdar cəmiyyətidir. Səhmdar
cəmiyyətlərinin əksəriyyəti dövlət müəssisələrinin
özəlləşdirilməsi yolu ilə yaradılır.
Bazar iqtisadiyyatına keçidin ilkin dövrlərində
kommersiya sahibkarlığı daha geniş inkişaf etmişdir.
Kommersiya sahibkarlığı alqı-satqı əməliyyatını
xarakterizə edir. Sahibkarlığın bu növündə fəaliyyətin
nəticəsi daha tez əldə edilir.
İstehsal fəaliyyəti ilə məşğul olan hər hansı sahələr
hər şeydən əvvəl konkret olaraq hansı məhsul istehsal
edəcəyini, hansı xidmətlər göstərəcəyini əvvəlcədən
planlaşdırır. Sahibkar sonra marketinq fəaliyyəti ilə
məşğul olur. Sahibkar əmtəə və xidmətlərə olan tələbatı
və ehtiyatları öyrənmək məqsədilə əmtəənin alıcıları
ticarət təşkilatları ilə əlaqə yaradır.
Sahibkarlıq fəaliyyəti müəyyən təşkilati-hüquqi formaya
malik müəssisələrin əmlak məsuliyyəti çərçivəsində,
onların etdikləri risklər baxımından həyata keçirilir.
Sahibkarlıq təcrübəsində risklərin aşağıdakı növləri
formalaşır: maliyyə (kredit), investisiya və bazar.
İstehsal riskləri məhsul istehsalı və satışı, istehsal
fəaliyyətinin hər hansı növünün həyata keçirilməsi ilə
bağlıdır.
Müasir şəraitdə öz səmərəli fəaliyyəti üçün sahibkar
iqtisadiyyat, psixologiya, siyasət, hüquq, istehsalın və
əməyin təşkili sahəsində zəruri biliklərə malik
olmalıdır. Onlar həm də alıcılar, marketinq üzrə
mütəxəssislər və kapital sahələri ilə əməkdaşlıq etməyi
bacarmalıdırlar. Bir sözlə, sahibkar işgüzar
aləmdə universal qabiliyyətə malik olmalıdır.
Sahibkarlıqda münasib qərarların qəbul edilməsi
mütləqdir. Münasib qərar dedikdə şəraitə uyğun olaraq
bir neçə variant arasında mümkün olanının seçilməsi başa
düşülür. Belə qərarlar istehsal şəraitinə uyğun, həm də
əlverişli və səmərəli olmalıdır. Qərarların düzgün
olaraq qəbul edilməsi sahibkarlıq fəaliyyətində
müvəffəqiyyətin əldə edilməsinə mühüm təminatdır.
Hazırda peşə məktəbi və liseylərində kiçik və orta
müəssisələrin təşkil edilməsi olduqca önəmlidir. Kiçik
və orta müəssisələrin fəaliyyətinə əsaslanan kiçik
sahibkarlıq ictimai-zəruri əməyin təşkilinin yeni
forması olub bütün ölkələrdə sosial-iqtisadi mənafelərə
cavab verir.
Bu fəaliyyət növü istər bütövlükdə ölkənin iqtisadiyyatı,
istərsə də fərdi qaydada ayrı-ayrı vətəndaşlar üçün eyni
dərəcədə əlverişli olduğundan dövlət tərəfindən tanınır
və yardım edilir. Çünki kiçik sahibkarlıq bu gün də,
gələcəkdə də səmərəli iqtisadi inkişafın ən mühüm
mənbəyi hesab edilir. Məlumat üçün bildirək ki, inkişaf
etmiş ölkələrdə məşğul əhalinin təxminən 80%-i kiçik və
orta müəssisələrdə çalışır.
Kiçik müəssisələrdə hüquqi şəxs olmadan belə sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də nəzərdə
tutulur. Kiçik müəssisələr mülkiyyətin dövlət, xüsusi və
qarışıq formaları əsasında yaradılır.
Təcrübələr göstərir ki, sahibkarlığın hər hansı bir
formasının inkişafı əsas etibarı ilə iki şərtdən -
bütünlükdə ölkədəki daxili iqtisadi şəraitdən və
konkret sahibkarın təsərrüfat məqsədlərini reallaşdırmaq
üçün öz hüquqlarından istifadə etməsi imkanlarından
asılıdır.
Kiçik müəssisələr öz təsərrüfat fəaliyyətlərinin həyata
keçirilməsində tam sərbəstliyə malikdirlər. Belə ki,
onlar mənfəətdən vergilər çıxıldıqdan sonra qalan
hissəsindən sərbəst şəkildə istifadə edə bilirlər.
Qiymətlərin liberallaşdığı hazırkı şəraitdə müəssisə
istehsal etdiyi məhsul və yerinə yetirdiyi xidmətlərin
qiymətlərini müstəqil olaraq və ya müqavilə əsasında
müəyyənləşdirir.
Pul vəsaitlərinin saxlanılması və müəssisələrin
hesablaşma əməliyyatlarının həyata keçirilməsi üçün
banklarda hesablar aça bilərlər.
Peşə məktəbi və liseylərinin nəzdində fəaliyyət göstərən
kiçik müəssisələrdə işləyənlərin əməkhaqqı müstəqil
şəkildə müəyyənləşdirilir. Eyni zamanda qanunvericilik
əsasında müəyyən edilmiş digər sosial vəzifələri də
həyata keçirir. Bu baxımdan kiçik müəssisənin işçiləri
sosial və tibbi sığortaya cəlb edilir və dövlət
müəssisələrinin işçiləri üçün nəzərdə tutulan bütün növ
sosial təminat hüququna malikdirlər.
Qərb ölkələrində dövlət tərəfindən kiçik biznesə xüsusi
strukturlar və fondlar vasitəsi ilə güclü maliyyə-kredit
yardımı göstərirlər. Bu gün respublikamızda kiçik
müəssisələr informasiya xidmətinə, güzəştli bank
kreditlərinə və digər köməkliklərə ehtiyac hiss edirlər.
Respublikamızda kiçik və orta sahibkarlığın inkişafı ilə
bağlı Dövlət Proqramı təsdiq edilmiş və bu məsələyə həsr
edilmiş bir sıra dövlət tədbirləri həyata keçirilmişdir.
Lakin bununla belə bəzi bürokratik-inzibati
strukturların qeyri-normal münasibəti, maliyyə
çatışmazlığı, təchizat imkanlarının kifayət qədər
olmaması sahibkarlığın inkişafına dəstək verməli olan
strukturların fəaliyyətsizliyi və s. bu problemin
həllində müəyyən maneçilik yaradır.
Bununla bərabər, istehsal fəaliyyəti ilə birbaşa
əlaqədar olan müəssisənin yaradılması zamanı müəssisənin
texniki-iqtisadi cəhətdən əsaslandırılıb hazırlanması
məqsədəuyğun hesab edilir. Bu məqsədlə aşağıdakılar
nəzərdən keçirilir və dəqiqləşdirilir:
* İstehsal proqramının müəyyən edilməsi;
* Alət, avadanlıqlar, xammal, materiallar;
* İstehsal gücünün həcmi;
* Məhsul satışından əldə olunan pul gəlirləri;
* Əməkhaqqı fondu;
* Texniki sənədlərin növü və siyahısı.
Əsas məsələlərdən biri də sahibkarlıq fəaliyyətində
biznes planının tərtib edilməsidir. Əvvəlcə bir sıra
hazırlıq işləri həyata keçirilir. Bura aiddir:
1. Təsisçilərin tərkibinin müəyyən olunması;
2. Müəssisənin nizamnaməsi;
3. Bankda hesabın açılması;
4. Müəssisənin qeydiyyatdan keçirilməsi;
5. Müəssisənin vergi müfəttişliyində qeydiyyatdan
keçirilməsi;
6. Möhür və künc ştampının hazırlanması.
Sahibkarlıq fəaliyyətinin əsas məsələlərindən biri
təsərrüfat məkanının seçilməsidir. Bu məqsədlə sahibkar
bazarın vəziyyətini, regionda bu və ya digər məhsula
olan tələb və təklifin səviyyəsini öyrənməlidir. Həm də
bazarda rəqabət apara biləcək müəssisələrin imkanları
öyrənilməli, məhsul istehsalına kömək edən texnika və
texnologiya müəyyənləşdirilib əldə edilməlidir.
Peşə tədris müəssisələrinin sahibkarlıq fəaliyyətində
digər bir mühüm məsələ istehsal edilən məhsula qiymət
qoyulmasıdır. Adətən qiymətlər alıcı və satıcı
arasındakı razılaşmaların gedişində müəyyən olunur.
Qiymətqoyma bazarın ən mürəkkəb və çevik alətidir.
Peşə tədris müəssisələri qiymətqoyma məqsədilə əmtəə
bazarını və istehsal etdiyi məhsulun bazarda hərəkət
dinamikasını diqqətlə və sistemli şəkildə
öyrənməlidirlər. Heç kəsin iradəsindən asılı olmayaraq
bazarda rəqabət daim mövcud olur. Müəssisə bazarda o
zaman rəqabətdə uduş əldə edə bilər ki, o ictimai
tələbatı təmin edə bilsin. Bu mənada rəqabətə davam
gətirmək üçün əsas məqsəd müəyyən edilir və iki suala
cavab axtarmaq lazım gəlir: "İstehsal olunan məhsulun
müştərisi kimlər olmalıdır?" və "Bu müştərilərin
tələbatları nədən ibarətdir?". Göstərilən suallara
düzgün cavablar verildikdə müəssisə öz işini hansı yol
və vasitələrlə daha effektli qurmaq planı üzərində
işləyir.
Sahibkarlıq əməliyyatlarının məqsəd və vəzifələri
müəyyən olunmalıdır. Sonra biznes planda əsas
parametrlər və göstəricilər öz əksini tapmalıdır.
Məsələn, məhsulun qısa xarakteristikası, məqsədəçatma
yolları, gözlənilən səmərə və nəticələr, rentabellik və
s. göstərilir.
Məhsulun satışının, tələbin, bazarın konyunkturunun
qiymətləndirilməsi və təhlili də mühüm əhəmiyyət kəsb
edir.
Kiçik və orta sahibkarlıq yeni iş yerlərinin açılmasına
və işsizliyin azaldılmasına imkan verir. Hazırda
dünyanın inkişaf etmiş ölkələrində kiçik və orta
müəssisələr ümumilikdə götürdükdə bütün müəssisələrin
praktik olaraq 80%-ni təşkil edir. Ancaq Avropa İttifaqı
ölkələrində isə bütün müəssisələrin 98%-ni kiçik və orta
müəssisələr təşkil edir.
Yeni iş yerlərinin yaradılması təşkilatın
xüsusiyyətindən və kiçik müəssisənin
genişləndirilməsindən asılıdır. Sahibkarlar yeni
ideyalar irəli sürür, yeni məhsul istehsalı həyata
keçirir və xidmət növləri təklif edir. Bununla biznesin
yeni forması əldə edilir ki, bu da, öz növbəsində, yeni
iş yerlərinə zərurət yaradır.
Yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması
üçün işlənilmiş iqtisadi inkişaf proqramlarının
əksəriyyəti cəmisi bir neçə böyük müəssisələrə
yönəldilmişdir. Ancaq şəhər yerlərində heç o qədər də
məlum olmayan minlərlə daha kiçik və özündə 20 nəfərdən
də az işçini birləşdirən müəssisələr mövcuddur və bu
müəssisələr ölkənin sənaye mallarına olan ehtiyacının
bir hissəsini ödəməklə iqtisadiyyatın inkişafında xüsusi
əhəmiyyətə malikdirlər.
Hazırda tədris-istehsalat prosesində məşğulluq
xidmətinin iştirakı, özəl sektorun müəssisələrinin
sifarişinin yerinə yetirilməsi, istehsal edilən məhsulun
satışı, məktəblərin fəaliyyətinin bazar tələblərinə
uyğun qurulması ilə şərtlənir. Kənd peşə məktəblərinin
iqtisadi dirçəlişi torpağın becərilməsi, aqrotexniki
işlərin artırılması və heyvandarlığın inkişafı ilə
bağlıdır. Əldə edilən gəlir məktəbin sosial-iqtisadi
inkişafına xərclənir.
Kənd peşə məktəblərinin təsərrüfatlarının dirçəldilməsi
üçün indi onlarla dövlətdən, müxtəlif banklardan
uzunmüddətli kreditlər alınması imkanı əldə edilməlidir.
Belə olan halda hər bir məktəb özünün sosial-iqtisadi
inkişaf proqramını həyata keçirə bilər.
Kamil AĞAMALIYEV,
Təhsil Nazirliyi Texniki peşə
təhsili şöbəsinin baş məsləhətçisi |