Yanvarın
5-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru,
millət vəkili, professor Səməd Seyidov regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsinin I-III kurslarında
keçirilən imtahanların gedişini izlədi. ADU-nun rektoru
S.Seyidov "Azərbaycan dili və nitq mədəniyyəti", "Azərbaycan
dili", "Alman dili", "Fransız dili", "İngilis dili", "İvrit
dili", "Hind dili", "İndoneziya dili", "Yapon dili", "Ərəb
dili", "Norveç dili", "İnformatika və kompüter
texnologiyası", "Beynəlxalq münasibətlər tarixi", "Beynəlxalq
münasibətlər nəzəriyyəsi", "ABŞ-ın iqtisadiyyatı", "Böyük
Britaniyanın iqtisadiyyatı" fənləri üzrə keçirilən
imtahanların gedişi ilə tanış oldu. Normativ sənədlərə
baxış keçirən ADU-nun rektoru imtahan sessiyasının
şəffaf, obyektiv və qaydalara uyğun keçirildiyini
bildirdi. Rektor şikayətlərlə bağlı universitetdə
Operativ Qərargahın, eyni zamanda "Qaynar xətt"in
fəaliyyət göstərdiyini tələbələrin diqqətinə çatdırdı.
Universitetdə tədris üçün bütün imkanların yaradıldığını
nəzərə çatdıran S.Seyidov imtahanlarda tələbələrə
uğurlar arzuladı.
Qeyd edək ki, yanvarın 5-dən universitetdə qış imtahan
sessiyası başlayıb. Qış imtahan sessiyası 5 fakültənin (tərcümə,
fransız dili, alman dili, filologiya, regionşünaslıq və
beynəlxalq münasibətlər) gündüz, 1 saylı ingilis dili
fakültəsinin əyani və qiyabi şöbələrində, 2 saylı
ingilis dili fakültəsinin isə gündüz və axşam
şöbələrində aparılır. Qiyabi şöbədə sessiya müddəti isə
5 yanvar 2012-ci ildən 6 fevral 2012-ci ilədək müəyyən
edilib. Sessiya ərzində veriləcək imtahanların ümumi
sayı 750-dir. Dünən 1 saylı ingilis dili, alman dili,
fransız dili, tərcümə, regionşünaslıq və beynəlxalq
münasibətlər fakültələrinin tələbələri ilk imtahanlarını
veriblər.
Fakültə dekanları və kafedra müdirlərinə tapşırılıb ki,
imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun
təşkil olunmasını təmin etsinlər. Tədris hissəsinə isə
fakültələrdə imtahan yazı işlərinin kodlaşdırılmasını
təmin etmək, həmçinin bütün fakültələr üzrə imtahan
sessiyasının vahid təqvim cədvəlini hazırlayıb müvafiq
nəzarət qurumlarına təqdim etmək tapşırılıb.
ADU-nun Mətbuat xidməti |