Azərbaycan Respublikası Prezidenti Administrasiyası
rəhbərinin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi
ikinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"
təsdiq edilmişdir.
Sənəddə respublikanın bütün şəhər və rayonlarında, o
cümlədən müəssisə, idarə və təşkilatlarda 20 Yanvar
hadisələri ilə bağlı konfrans, "dəyirmi masa" və
mühazirələrin təşkil olunması, bu tədbirlərin mətbuatda
ətraflı işıqlandırılması, faciənin beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə
Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik
nümayəndəlikləri və Azərbaycan icmaları vasitəsilə
müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı
kütləvi informasiya vasitələrində, eləcə də televiziya
kanallarında və İnternet şəbəkələrində 20 Yanvar faciəsi
barədə materialların verilməsi nəzərdə tutulmuşdur.
Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı
şəhid olanların ailələrinə humanitar yardım veriləcək,
Şəhidlər xiyabanı ərazisində təmizlik-abadlıq işləri
aparılacaq, bütün tədris müəssisələrində yanvarın 19-da
faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda
təmsil olunan əsas dini konfessiya və qurumlar
tərəfindən faciə qurbanlarının xatirəsinə xüsusi dini
mərasimlər təşkil olunacaqdır.
Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin Şəhidlər
xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə
ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi, ardınca isə gəmilər, avtomobillər və
qatarlar vasitəsilə səs siqnallarının verilməsi,
respublikanın şəhər və rayonlarında, kənd və
qəsəbələrində matəm əlaməti olaraq və faciə
qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət
bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə
tutulmuşdur.
AzərTAc |