| 
						
						 Heydər 
						Əliyev Fondu "Buta" sarayında uşaq evlərində və internat 
						məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn 
						himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar 
						üçün Yeni il şənlikləri keçirir. 
						
						Dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci 
						xanımı Mehriban Əliyeva və nəvələri, Heydər Əliyev 
						Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti bayram 
						şənliyində iştirak etmişlər.  
						
						Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif 
						illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 
						il bayramlarında uşaqlarla bir yerdə olmasından və 
						onlara qayğısından bəhs edən film göstərildi.  Şaxta 
						babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi 
						uşaqların gurultulu alqışları ilə qarşılandı. Şaxta baba 
						və uşaqlar birlikdə yolkanın işıqlarını yandırdılar. 
						
						Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün 
						istedad və bacarıqlarını göstərdilər, balacaların rəqs 
						və səhnəcikləri maraqla müşayiət olundu. Salona 
						toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara 
						bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti 
						Mehriban xanım Əliyevaya minnətdarlıq hissləri aydın 
						sezilirdi. 
						
						Respublikamızın tanınmış estrada müğənniləri, 
						məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, 
						gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə 
						bayram şənliyini daha da rövnəqləndirirdilər. 
						 
						
						Rəqqaslara qoşulan, al-əlvan yolka ətrafında yallı 
						gedən, məharətlərini göstərən, özlərini möcüzələr 
						aləmində hiss edən uşaqların sevinci hədsiz idi. 
						 
						
						Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və 
						oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın 
						ətrafında şəkillər çəkdirdilər.  
						
						Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA 
						uşaqları bayram münasibətilə təbrik edərək dedi: 
						
						- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli 
						müəllimlər! 
						
						Mən bu bayram günü sizinlə olmaqdan çox şadam. Heydər 
						Əliyev Fondu tərəfindən hazırlanmış bu Yeni il 
						bayramında həmişə olduğu kimi, sizi görməyə çox şadam. 
						Çox şadam ki, uşaqlar belə xoş əhvali-ruhiyyədədirlər, 
						sevinirlər, oynayırlar, oxuyurlar.  
						
						Başa çatan 2011-ci il ölkəmizin tarixində xüsusi yer 
						tutacaqdır. Əziz uşaqlar, siz hamınız yəqin bilirsiniz 
						ki, bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 
						20-ci ildönümünü qeyd edib. Bu 20 il ərzində ölkəmiz çox 
						böyük nailiyyətlər əldə edib. Ölkəmiz bütün sahələrdə 
						inkişaf edir, yeni proqramlar icra olunur, şəhərlərimiz 
						gözəlləşir, yeni yollar, körpülər, məktəblər, 
						xəstəxanalar, idman mərkəzləri tikilir. Ölkəmizdə bütün 
						sahələrdə böyük inkişaf gedir. Bunu hamımız görürük. 
						Hamımız fəxr edirik ki, biz belə bir qüdrətli və gözəl 
						ölkədə - Azərbaycanda yaşayırıq. 
						
						Əlbəttə, bütün bu işlərin məqsədi Azərbaycanı güclü, 
						müstəqil, qüdrətli ölkəyə çevirməkdir. Həm də əsas 
						məqsəd ondan ibarətdir ki, siz gələcəkdə belə ölkədə 
						yaşayasınız. Çünki ölkəmizin inkişafını siz davam 
						etdirəcəksiniz. Buna görə də siz bu gün, ilk növbədə, 
						gözəl təhsil almalısınız. Çünki gələcək yalnız və yalnız 
						təhsil, bilik, savad və ağılla bağlıdır. Mən bu bayram 
						axşamı, əlbəttə, sizə ilk növbədə, cansağlığı arzulamaq 
						istəyirəm. İstəyirəm ki, siz yaxşı oxuyasınız, savadlı, 
						bilikli olasınız. İstəyirəm ki, siz sabah müstəqil 
						Azərbaycanın qurucuları olasınız. Əlbəttə, bugünkü 
						nailiyyətlər hamımızı sevindirir. Bu gün hamımız fəxr 
						edirik ki, belə bir gözəl ölkədə yaşayırıq.  
						
						Yola saldığımız il bir neçə böyük qələbələrlə də yadda 
						qalacaqdır. Bu gün biz son mahnıda yenə də 
						"Eurovision-2011" müsabiqəsindəki qələbəmizi xatırladıq. 
						Yəqin ki, siz hamınız xatırlayırsınız, biz necə 
						sevinirdik! Bizim iki gənc ifaçımız Azərbaycana bu 
						qələbəni qazandırdı. Bütün Avropa bizə səs verdi. Bu, 
						Azərbaycanın böyük qələbəsidir. Gələn il "Eurovision" 
						mahnı müsabiqəsi ölkəmizdə keçiriləcək və mən əminəm ki, 
						bu, gözəl bir bayrama çevriləcəkdir.  
						
						Bundan başqa, ölkənin həm ictimai, həm də siyasi 
						həyatında digər nailiyyətlər də olub. Əlbəttə, bunlar 
						hamısı, ilk növbədə, gənclərimizin, uşaqlarımızın 
						gələcəyinə yönəlmiş addımlardır.  
						
						Əziz uşaqlar, əziz valideynlər, hörmətli müəllimlər, ona 
						görə bu gün mən sizi Dünya Azərbaycanlılarının Həmrəylik 
						Günü və Yeni il bayramı münasibətilə bir daha ürəkdən 
						təbrik edirəm. Sizə Yeni ildə, ilk növbədə, cansağlığı, 
						xoşbəxtlik, yeni uğurlar arzulayıram! Çox sağ olun! 
						
						
						*** 
						
						Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu 
						istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər 
						Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya 
						təşəkkür etdilər.  
						
						Balacalar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 
						və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 
						ilə xatirə şəkli çəkdirdilər.  
						
						Şənlikdə iştirak edən hər bir uşağa Heydər Əliyev 
						Fondunun bayram sovqatı, Yeni ilin rəmzi olan oyuncaq 
						əjdahalar hədiyyə olundu.  
						
						Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz 
						xatirəyə çevrildi. Fondun Yeni il şənliklərində 
						ümumilikdə 2 minə yaxın uşaq iştirak etmişdir. 
						
						Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 
						tövsiyəsi ilə uşaqların təhlükəsizliyi üçün bütün 
						tədbirlər görülmüş, onların "Buta" sarayına gəlib-getməsi 
						üçün rahat avtobuslar ayrılmışdır. 
						
						
						AzərTAc |