Tokio
Xarici Dillər Universitetində Yaponiyanın Vaseda
Universitetinin magistri Emil Cəfərzadə və Tokio Xarici
Dillər Universitetinin doktorantı, türk dili üzrə
mütəxəssis Masahiro Okunun təşəbbüsü ilə Azərbaycan dili
dərnəyi fəaliyyətə başlamışdır.
Dərnəyin ilk məşğələsini açan Emil Cəfərzadə
bildirmişdir ki, dərnəyin təşkilində məqsəd, ilk
növbədə, yapon gənclərini Azərbaycan, onun tarixi,
mədəniyyəti, dili, milli adət-ənənələri haqqında
məlumatlandırmaqdan ibarətdir. Dərnək üzvlərinə türk
dilləri qrupuna daxil olan Azərbaycan dili haqqında
geniş məlumat veriləcəkdir.
İlk məşğələdə əsasən yapon tələbələrdən ibarət
iştirakçılara Azərbaycanın dövlətçilik tarixi,
ənənələri, hazırda qüvvədə olan dövlət atributları
barədə ətraflı məlumat verilmiş, bayrağımızda olan
rənglər, ay və ulduz haqqında danışılmışdır.
Dərnəyin ilk məşğələsini böyük maraqla qarşılayan yapon
tələbələrin Azərbaycan dili, Azərbaycanın görməli
yerləri, tarixi və mədəniyyəti ilə əlaqədar çoxsaylı
sualları ətraflı cavablandırılmışdır. İştirakçılara
Azərbaycan əlifbası haqqında məlumat verilmiş və özünü
təqdimetmə qaydaları izah olunmuşdur.
E.Cəfərzadə AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə
bildirmişdir ki, həftədə bir dəfə fəaliyyət göstərəcək
Azərbaycan dərnəyində yapon dilini öyrənən azərbaycanlı
tələbələrlə Azərbaycan dilini öyrənən yapon tələbələr
arasında dil və mədəniyyət mübadiləsinin daha sürətli
təşkilinə xüsusi diqqət yetiriləcəkdir. |