| 
						
						 - 
						Hörmətli xanımlar və cənablar! 
						
						Əziz həmvətənlər! 
						
						Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən 
						təbrik etmək istəyirəm.  
						
						2011-ci il arxada qalır. 2011-ci il ölkəmiz üçün uğurlu 
						il olmuşdur. 2011-ci ildə ölkə qarşısında duran əsas 
						vəzifələr öz həllini tapmışdır. Azərbaycanın uğurlu 
						iqtisadi inkişafı təmin edilmişdir. Çox sevindirici hal 
						ondan ibarətdir ki, 2011-ci ildə ölkə iqtisadiyyatının 
						qeyri-neft sektoru böyük templərlə artmışdır. Qeyri-neft 
						iqtisadiyyatımız 10 faizdən çox artmışdır və bu da 
						əvvəlki illərdə aparılan islahatların bariz nümunəsidir.
						 
						
						İqtisadiyyatın bütün sahələri inkişaf edir. Ölkəmizdə 
						böyük quruculuq-abadlıq işləri aparılır. Azərbaycan 
						bölgədə öz mövqelərini möhkəmləndirir. İqtisadi inkişafı 
						göstərən bütün statistik göstəricilər çox müsbətdir. 
						Ölkəmizin valyuta ehtiyatları artır. Artıq bizim 40 
						milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. 
						Ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya 
						qoyulur və bu proses davam edir. İldən-ilə investisiya 
						qoyuluşu daha da artır. 
						
						Bölgələrin inkişafı uğurla aparılır. Bu il ölkədə 100 
						minə qədər yeni iş yeri açılmışdır. Bütövlükdə son 
						səkkiz il ərzində bir milyondan artıq yeni iş yeri 
						açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş 
						yeridir. Əhalinin pul gəlirləri təxminən 20 faiz 
						artmışdır. İnflyasiyanın səviyyəsi təxminən 8 faiz 
						civarındadır. Yoxsulluğun səviyyəsi aşağı düşür. 2011-ci 
						ilin yekunlarına görə, yoxsulluq 8 faizdən aşağı 
						olacaqdır. İşsizlik aşağı düşür. Azərbaycanda işsizlik 
						5,5 faizdir. Bütün bu göstəricilər onu deməyə əsas verir 
						ki, ölkəmiz çox dinamik və uğurla inkişaf edir. Dünyada 
						və Avropada iqtisadi sahədəki mənfi proseslərə 
						baxmayaraq, Azərbaycan inamla qabağa gedir.  
						
						Ölkədə bütün sosial məsələlər öz həllini tapmaqdadır. Bu 
						il 900 minə yaxın pensiyaçının orta pensiyası təxminən 
						40 faiz artmışdır. Dekabrın 1-dən minimum əməkhaqqı 
						artmışdır. Digər sosial proqramlar uğurla icra edilir. 
						Məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir. 
						Yəni Azərbaycan hərtərəfli və dinamik şəkildə inkişaf 
						edir. Siyasi islahatlar uğurla aparılır. Azərbaycanda 
						demokratiya uğurla inkişaf edir. Ölkənin 
						modernləşdirilməsi üçün konkret addımlar atılır. 
						Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə 
						aparılır. Biz bu mübarizənin gözəl nəticələrini görürük. 
						Gələcək illərdə bu mübarizə daha da məqsədyönlü və ciddi 
						olmalıdır. Bütün lazımi göstərişlər verilmişdir. Bir 
						sözlə, biz müasir dövlət qururuq. Dərin milli mənəvi 
						dəyərlər, köklər üzərində müasir, dünyəvi, gələcəyə 
						inamla baxan dövlət qururuq. Bu proses uğurla davam edir.
						 
						
						Bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq 
						Qarabağ münaqişəsinin həll olunmamasıdır. Azərbaycan 
						bütün dövrlərdə, xüsusilə son dövrdə öz səylərini daha 
						da gücləndirir. Ancaq bildiyiniz kimi, bu məsələnin 
						həlli təkcə bizdən asılı deyildir.  
						
						Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv 
						mövqeyi, danışıqlar prosesində göstərdiyi riyakarlıq, 
						danışıqlardan faktiki olaraq imtina etməsi bu prosesə 
						böyük zərbə vurmuşdur. Əfsuslar olsun ki, hələ də dünya 
						birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər 
						birmənalı şəkildə danışıqların pozulmasında günahkarın 
						kim olduğunu açıq demirlər.  
						
						Müsbət bəyanatlar vardır. Biz bu bəyanatları eşidirik, 
						onları dəstəkləyirik. Xüsusilə bu il yenilik ondan 
						ibarətdir ki, həmsədr ölkələr status-kvonun qəbuledilməz 
						olduğu haqqında dəfələrlə bəyanatlar vermişlər. Biz bu 
						bəyanatları dəstəkləyirik. Ancaq bəyanatlardan sonra 
						konkret addımlar atılmalıdır. Əfsuslar ki, bu addımlar 
						atılmır.  
						
						Biz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik. 
						Danışıqlarda bizim prinsipial mövqeyimiz vardır. Biz bu 
						mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ 
						əzəli, tarixi Azərbaycan torpağıdır. Beynəlxalq birlik, 
						Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi 
						bütövlüyünü tanıyır, dəstəkləyir. Dağlıq Qarabağ 
						beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi 
						tanınır. Münaqişə məhz bu prinsiplər üzərində öz həllini 
						tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. 
						İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan 
						çıxarılmalıdır. Azərbaycan vətəndaşları işğal edilmiş 
						bütün torpaqlara, o cümlədən Dağlıq Qarabağa, Şuşaya 
						qayıtmalıdırlar. Ancaq ondan sonra uzunmüddətli sülh 
						təmin edilə bilər. Biz heç vaxt imkan verə bilmərik ki, 
						ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma 
						erməni dövləti yaradılsın. Bu, bizim prinsipial 
						mövqeyimizdir. Bir daha demək istəyirəm ki, bu mövqe həm 
						tarixə, həm hüquq normalarına, həm də ədalətə əsaslanır.
						 
						
						Bununla bərabər, biz iqtisadi sahədə olduğu kimi, hərbi 
						sahədə də köklü islahatlar aparırıq. Bizim hərbi gücümüz, 
						hərbi potensialımız artır. 2011-ci ildə hərbi 
						xərclərimiz 3 milyard dolları keçmişdir. Bu, 
						Ermənistanın bütün xərclərindən çoxdur. Gələn il hərbi 
						xərclər yenə də artacaqdır. Ən müasir silahlar, 
						texnikalar, döyüş təyyarələri, döyüş helikopterləri, 
						sursatlar gətirilir və gətiriləcəkdir. Bununla bərabər, 
						bir neçə il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi 
						Nazirliyinin xətti ilə Azərbaycanda artıq 600 növ hərbi 
						yönümlü məhsullar istehsal edilir. Biz gələcəkdə də 
						hərbi potensialımızı gücləndirmək üçün səylərimizi 
						əsirgəməyəcəyik. Bu gün Azərbaycanın hərbi potensialı 
						bizə imkan verir ki, doğma torpaqlarımızı işğalçılardan 
						istənilən yolla azad edək. Sadəcə olaraq, danışıqlara 
						hələ ki, ümidlərimiz tükənməyib və bu danışıqlar hələ ki, 
						davam etdirilməlidir. 
						
						2011-ci ildə ölkəmiz üçün çox vacib olan enerji 
						sahəsində böyük uğurlar əldə edilmişdir. Azərbaycan öz 
						mövqelərini möhkəmləndirə bilmişdir. İlin əvvəlində 
						Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji 
						əməkdaşlığına dair çox vacib Bəyannamə imzalanmışdır. 
						Azərbaycan artıq Avropanı enerji, xüsusilə təbii qazla 
						təmin edə biləcək ölkə kimi tanınır. Bizim imkanlarımız 
						artır.  
						
						Bu il aşkar etdiyimiz yeni qaz yataqları və keçən il 
						aşkarlanan qaz yataqlarımız qaz potensialımızı böyük 
						dərəcədə artıra bilmişdir. Biz uzun illər bundan sonra 
						böyük qaz dövləti kimi dünyada öz sözümüzü deyəcəyik.
						 
						
						2011-ci ildə bütün lazımi tranzit müqavilələri 
						imzalanmışdır. Artıq Azərbaycan qazını dünyaya müxtəlif 
						yollarla nəql etmək üçün bütün imkanlar vardır. Hesab 
						edirəm ki, 2012-ci ildə bizim zəngin qaz yataqlarımıza 
						yeni böyük investisiyalar qoyulmalıdır. Bir neçə ildən 
						sonra bizim qaz potensialımız ölkəmiz üçün çox böyük 
						dəyər kimi özünü göstərəcəkdir.  
						
						İqtisadiyyatın digər sahələrində inkişaf vardır. Kənd 
						təsərrüfatı, sənaye və qeyri-neft sənayesi artır. 
						Bununla bərabər, 2011-ci ildə Azərbaycanda humanitar 
						məsələlər də çox uğurla öz həllini tapmışdır. Artıq 
						Azərbaycan tolerant, dözümlü ölkə kimi dünyada öz sözünü 
						deyir. Bu il Birinci Beynəlxalq Humanitar Forumu 
						keçirilmişdir. Forumda iştirak etmiş bütün qonaqlar 
						ölkəmizdən çox gözəl təəssüratlarla ayrılmışlar. 
						Azərbaycanın nadir təcrübəsi - dinlərarası, 
						millətlərarası, sivilizasiyalararası dialoqun aparılması 
						üçün bizim nadir təcrübəmiz dünyanın diqqətini cəlb edir. 
						Əlbəttə ki, bizim müsbət təcrübəmiz, Azərbaycanda, 
						cəmiyyətdə yaşanan gözəl ab-hava, bütün millətlərin, 
						bütün konfessiya nümayəndələrinin bir ailə kimi yaşaması 
						indiki dünyada nadir hadisədir. Əfsuslar olsun ki, 
						dünyanın müxtəlif bölgələrində, müxtəlif qitələrdə 
						ayrı-seçkilik, qarşılıqlı inamsızlıq, apatiya meyilləri 
						güclənir. Bu, çox təhlükəli meyillərdir. Azərbaycanın 
						müsbət təcrübəsi öyrənilməlidir və geniş mənada bu 
						təcrübədən başqa ölkələr də istifadə etməlidirlər.
						 
						
						2011-ci ildə ölkəmiz üçün çox vacib hadisə baş vermişdir. 
						İlk dəfə olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatı 
						Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, böyük tarixi 
						qələbədir. Hesab edirəm ki, 20 illik müstəqillik 
						dövründə ən böyük qələbəmizdir. Çətin mübarizədə biz 
						bütün dünya birliyinin inamını qazana bilmişik. İlk 
						turdan başlayaraq sonuncu tura qədər Azərbaycan bu 
						səsvermədə liderlik edirdi. Nəticə etibarilə dünyanın 
						155 ölkəsi Azərbaycana öz səsini verdi, Azərbaycana 
						inandı, bizim siyasətimizi dəstəklədi. Azərbaycana çox 
						böyük inam, etimad vardır. Bizim siyasətimiz 
						dəstəklənir. Çünki bizim siyasətimiz ədalətə söykənir. 
						Bizim siyasətimiz müstəqil siyasətdir. Mən son səkkiz il 
						ərzində dəfələrlə bu barədə demişəm ki, Azərbaycan 
						müstəqil siyasət aparır. Azərbaycanın öz yolu vardır. Bu, 
						inkişaf, tərəqqi, demokratiya yoludur. Bu yol Azərbaycan 
						xalqının iradəsi ilə seçilibdir. Bizim bütün 
						addımlarımız Azərbaycan xalqının iradəsinə əsaslanır.
						 
						
						Gördüyümüz bütün işlərin təməlində Azərbaycan 
						vətəndaşıdır, Azərbaycan maraqlarıdır. Biz dövlət 
						quruculuğu prosesində böyük uğurlar əldə etmişik. İndi 
						bütün dünya Azərbaycanı dəstəkləyir. Dünya ictimaiyyəti 
						deyəndə, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı yada 
						düşür. Çünki budur dünya ictimaiyyəti. Dünya 
						ictimaiyyətinin rəyi hər hansı bir kiçik təşkilatın, 
						regional təşkilatın, yaxud da ki, hər hansı bir 
						qeyri-hökumət təşkilatının rəyi deyildir. Dünya 
						ictimaiyyətinin rəyi BMT-nin rəyidir, 155 ölkənin 
						rəyidir. Bu dəstək, bu inam bizi daha da ruhlandırır. 
						Biz növbəti iki ildə Təhlükəsizlik Şurasında ədalət 
						prinsiplərini müdafiə edəcəyik.  
						
						Bu il müstəqilliyimizin bərpasının 20 illik ilidir. 
						İyirmi il ərzində ağır günlərimiz də, gözəl günlərimiz 
						də olub. Gözəl günlərimiz daha da çox olub. Mən tam 
						əminəm ki, gələcəkdə bizi ancaq gözəl günlər gözləyir. 
						Azərbaycan daha da inkişaf edəcək, öz gücünü daha da 
						artıracaqdır. İyirmi il müstəqillik onu göstərdi ki, 
						Azərbaycan xalqı müstəqil xalq kimi yaşaya bilər və 
						yaxşı yaşaya bilər. Azərbaycan dövləti bu gün bölgədə 
						sabitləşdirici amil kimi özünü təqdim edir. Azərbaycanın 
						iştirakı olmadan bölgədə heç bir layihə icra edilə 
						bilməz. Son illərin təcrübəsi onu bir daha göstərir. 
						İqtisadi, enerji, siyasi, diplomatik, regional 
						əməkdaşlıq məsələlərində bölgədə Azərbaycan söz 
						sahibidir. Biz bunu yaratmışıq, biz bunu qorumalıyıq. 
						Ölkəmizi qorumalıyıq və qoruyacağıq.  
						
						Əziz dostlar!  
						
						Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının 
						Həmrəyliyi Günüdür. Mən bu gün dünyada yaşayan bütün 
						azərbaycanlıları salamlayıram, onlara hörmət və 
						məhəbbətimi ifadə edirəm. Azərbaycan xalqı böyük 
						xalqdır. Bizim böyük tariximiz və gözəl gələcəyimiz 
						vardır. Dünyada yaşayan bütün azərbaycanlılar bilirlər 
						ki, dünyada müstəqil və güclü Azərbaycan dövləti vardır. 
						O dövlət ki, öz soydaşları haqqında daim düşünür, 
						onların problemləri ilə yaşayır və onların rahat 
						yaşaması üçün öz səylərini göstərir. Mən bütün dünya 
						azərbaycanlılarını bu gözəl bayram münasibətilə təbrik 
						edirəm.  
						
						Əziz həmvətənlər! 
						
						2012-ci il başlayır. Mən tam əminəm ki, 2012-ci ildə də 
						ölkəmizi yalnız və yalnız uğurlar gözləyir. Bizim 
						gördüyümüz bütün işlərin məqsədində, bir daha demək 
						istəyirəm ki, Azərbaycan vətəndaşı, Azərbaycan ailəsi 
						dayanır.  
						
						Mən bütün vətəndaşlara, bütün Azərbaycan xalqına 
						cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram. 
						 
						
						Bayramınız mübarək olsun! |