| 
								
								 Dekabrın 
								26-da  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar 
								İttifaqı Respublika Komitəsinin təşkilatçılığı 
								ilə ali məktəb tələbələri arasında təşkil olunan 
								futzal yarışının və "Nə? Harada? Nə zaman?" 
								intellektual oyununun qaliblərinin 
								mükafatlandırılması mərasimi keçirildi. 
								
								Azərbaycan Həmkarlar İttifaqları 
								Konfederasiyasının akt zalında keçirilən tədbiri 
								konfederasiyanın sədri, millət vəkili Səttar 
								Mehbalıyev açaraq respublikamızda həyata 
								keçirilən gənclər siyasətindən danışdı.Qeyd 
								olundu ki, əsası ümummilli lider Heydər Əliyev 
								tərəfindən qoyulan və ölkə başçısı cənab İlham 
								Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən 
								gənclər siyasəti  Azərbaycan gəncliyinin sürətli 
								inkişafına təkan verir, respublikamızın qüdrətli 
								dövlətə çevrilməsi prosesini stimullaşdırır. Bu 
								gün çoxlu sayda  azərbaycanlı gənc dünyanın 
								inkişaf etmiş ölkələrinin aparıcı ali 
								məktəblərində təhsil alır. Onların yüksək 
								ixtisaslı kadrlar kimi Vətənə dönərək fəaliyyət 
								göstərmələri üçün hər cür imkan və şərait 
								yaradılır.  
								
								Çıxışında ölkəmizdə gənclərlə bağlı digər 
								görülən işlər, həyata keçirilən tədbirlər barədə 
								də mərasim iştirakçılarına geniş məlumat verən 
								millət vəkili Səttar Mehbalıyev Azərbaycan 
								Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
								Respublika Komitəsinin gənclər siyasətinin fəal 
								iştirakçılarından biri olduğunu xüsusi vurğuladı. 
								Bildirildi ki, gənclərə diqqət və qayğı öz 
								sıralarında on minlərlə gənci birləşdirən 
								təşkilatın əsas fəaliyyət istiqamətlərindən 
								birini təşkil edir. ATİAHİ Respublika Komitəsi 
								tərəfindən hər il gənclərlə festivallar, 
								spartakiadalar, elmi-praktik konfranslar, fənn 
								olimpiadaları, inşa müsabiqələri, müxtəlif idman 
								yarışları keçirilir, istedadlı gənclərin üzə 
								çıxarılması və onların potensial imkanlarının 
								genişləndirilməsi, habelə sosial problemlərinin 
								həlli ilə bağlı tədbirlər təşkil olunur. 
								 
								
								Sədr S.Mehbalıyev daha sonra keçirilən tədbir 
								barədə məlumat verərək  ATİAHİ Respublika 
								Komitəsinin 5 ildən artıqdır ki, respublikamızın 
								ali təhsil müəssisələrinin tələbələri arasında 
								futzal yarışının və "Nə? Harada? Nə zaman?" 
								intellektual oyununun keçirilməsini təmin 
								etdiyini bildirdi. Hər il yarışın qalibləri 
								Respublika Komitəsi tərəfindən mükafatlandırılır. 
								Bu il keçirilən futzal üzrə yarışda I yeri 
								Azərbaycan Dövlət Pedaqoji Universiteti, II yeri 
								Azərbaycan Dövlət Aqrar Universiteti, III yeri 
								Azərbaycan Dövlət İqtisad Universiteti tutub. "Nə? 
								Harada? Nə zaman?" intellektual oyununun 
								qalibləri isə Bakı Dövlət Universiteti, 
								Azərbaycan Dövlət İqtisad Universiteti və 
								Azərbaycan Dövlət Neft Akademiyasının 
								komandalarıdır. 
								
								Səttar Mehbalıyev hər iki yarışın  qalibi olan 
								tələbələri əldə etdikləri uğur və qarşıdan gələn 
								31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü, Yeni il münasibəti ilə təbrik edərək 
								onlara ən xoş istəklərini çatdırdı.  
								
								Sonda qaliblərə diplom və hədiyyələr təqdim 
								olundu.  
								
								
								Samirə KƏRİMOVA |