Dekabrın
27-də Azərbaycan Dövlət Neft Akademiyasının
əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50
illik yubileyinə həsr olunan tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra ali təhsil müəssisəsinin
akt zalında keçirilən mərasimi ADNA-nın rektoru,
akademik Siyavuş Qarayev açaraq bu gün əlamətdar
bir tarixi günün qeyd olunduğunu bildirdi.
Rektor rəhbərlik etdiyi ali məktəbdə 50 il öncə
əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin
yaradıldığını deyərək onun fəaliyyəti barədə
ətraflı məlumat verdi. İftixar hissi ilə
bildirdi ki, adıçəkilən fakültə Moskvadakı
Patris Lumumba adına Xalqlar Dostluğu
İnstitutundan sonra keçmiş SSRİ məkanında əcnəbi
vətəndaşlar üçün nəzərdə tutulmuş ikinci tədris
mərkəzi olub.
Qeyd olundu ki, 50 il ərzində 13 min məzunu olan
fakültə dünyanın 103 ölkəsi üçün dövlət və
aparıcı elm xadimləri, istehsalat rəhbərləri,
neft və neft-kimya mütəxəssisləri yetişdirib.
Siyavuş Qarayev rəhbər vəzifələrə çatmış və
fakültənin fəaliyyətini həmişə yüksək
qiymətləndirən məzunlar arasında daim doğma ali
təhsi müəssisəsi ilə əlaqə saxlayan Anqola
Respublikasının indiki prezidenti Joze Eduardu
Duş Santuşun, onlarla əməkdaşlıq edən "Petrovyetnam"
Dövlət Neft-Qaz şirkətinin rəhbərliyinin və
digərlərinin xüsusi yer tutduğunu dedi.
Çıxışının sonunda rektor qazanılan
nailiyyətlərdə əcnəbi vətəndaşlar üçün hazırlıq
fakültəsinin müəllimlərinin xüsusi əməyi
olduğunu söyləyərək onları fakültənin 50 illik
yubileyi münasibəti ilə təbrik etdi.
Sonra çıxış üçün söz təhsil naziri Misir
Mərdanova verildi.
İştirakçıları salamlayan təhsil naziri onları bu
tədbirdə görməsindən məmnunluq hissi keçirdiyini
bildirdi. Nazir ölkəmizdə ilk texniki ali təhsil
ocağı kimi çağdaş elm və təhsil tarixində
özünəməxsus yer tutan, respublikamızda sənaye və
iqtisadiyyatın müxtəlif sahələri üçün yüksək
ixtisaslı milli mühəndis kadrların
yetişdirilməsinə sanballı töhfələr verən
Azərbaycan Dövlət Neft Akademiyasının dövlət və
millət qarşısında böyük xidmətlərinin olduğunu
xüsusi qeyd etdi. Çıxışda ali təhsil
müəssisəsinin fəaliyyət göstərdiyi 91 il
ərzində təkcə Azərbaycan üçün deyil, keçmiş
Sovetlər Birliyinin müxtəlif respublikaları ilə
yanaşı, xarici ölkələr üçün də yüksək savada,
bacarığa malik elm və mühəndis kadrlarının
hazırlığı ilə bağlı mühüm işlər gördüyü
bildirildi. Bu gün 50 illiyi qeyd olunan ADNA-nın
əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin
fəaliyyət göstərdiyi müddətdə böyük inkişaf yolu
keçdiyini söyləyən təhsil naziri fakültənin
xarici ölkələr üçün peşəkar kadr hazırlığı
işindəki əhəmiyyətli rolundan danışdı.
Nazir yola salmağa hazırlaşdığımız 2011-ci ilin
ölkəmizin ictimai-siyasi həyatında bir sıra
əlamətdar tarixi hadisələrlə, o cümlədən bir çox
ali təhsil müəssisələrinin yubileylərinin
keçirilməsi ilə yadda qaldığını tədbir
iştirakçılarının diqqətinə çatdırdı. Nazir Misir
Mərdanov xüsusilə respublikamızın həyatında bu
il baş vermiş ən önəmli hadisənin-Azərbaycan
Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsini ölkə başçısı cənab
İlham Əliyevin apardığı daxili və xarici
siyasətin uğurlu nəticəsi olduğunu qürur hissi
ilə qeyd etdi.
Təhsil naziri Azərbaycan Dövlət Neft
Akademiyasına rəhbərlik edən Siyavuş Qarayevin
fəaliyyətini yüksək qiymətləndirərək əcnəbi
vətəndaşlar üçün hazırlıq fakültəsinin müəllim
və tələbələrini yubiley münasibəti ilə öz
adından, bütövlükdə Azərbaycanın təhsil işçiləri
adından təbrik edərək onlara yeni-yeni
nailiyyətlər arzuladı. Nazir Misir Mərdanov daha
sonra yüksək ixtisaslı kadrların hazırlanması
sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə
görə və akademiyanın əcnəbi vətəndaşlar üçün
hazırlıq fakültəsinin 50 illiyi münasibəti ilə
"Azərbaycan Respublikasının qabaqcıl təhsil
işçisi" döş nişanı və Fəxri fərmanlara layiq
görülmüş əməkdaşların adlarını açıqladı.
Səhnəyə dəvət olunan təhsil işçilərinə layiq
görüldükləri mükafatlar təqdim edildi.
Çıxış üçün söz alan əcnəbi vətəndaşlar üçün
hazırlıq fakültəsinin dekanı Rafiq Kazımov,
fakültənin dillər kafedrasının müdiri, əməkdar
müəllim Aida Yakovleva çalışdıqları ali təhsil
müəssisəsində əcnəbi tələbələrlə aparılan
işlərdən söz açaraq bundan sonra da yüksək
ixtisaslı kadrların hazırlanmasında var
qüvvələrini əsirgəməyəcəklərini dedilər.
Sonda əcnəbi gənclər çıxış edərək ali təhsil
müəssisəsində onların yüksək bilik və savad
almaları üçün yaradılan şəraitdən razılıq hissi
ilə danışdılar, göstərilən diqqət və qayğıya
görə ADNA-nın rəhbərliyinə, professor-müəllim
heyətinə öz minnətdarlıqlarını bildirdilər.
Samirə KƏRİMOVA |