Dekabrın
26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasında bu təhsil ocağının 90 illik
yubileyinə həsr olunmuş təntənəli mərasim
keçirildi. Tədbirdə nazirlər, dövlət adamları,
millət vəkilləri, rektorlar, tanınmış ziyalılar,
mədəniyyət və incəsənət xadimləri, musiqi
təmayüllü təhsil müəssisələrinin nümayəndələri
və KİV təmsilçiləri iştirak edirdilər.
Yubiley mərasimi Azərbaycan Respublikasının
Dövlət himninin səslənməsi ilə açıldı.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri
Misir Mərdanov Azərbaycan xalqının böyük oğlu
Üzeyir Hacıbəylinin adını şərəflə daşıyan Bakı
Musiqi Akademiyasının 90 illiyi münasibətilə
kollektivin hər bir üzvünü təbrik etdi və bu gün
onlarla bir arada olmasından məmnunluq duyduğunu
bildirdi.
Bu günün, əslində Azərbaycan musiqisinin,
incəsənətinin bayramı olduğunu vurğulayan təhsil
naziri qeyd etdi ki, bu bayramı ikiqat təntənəli
edən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin yubileylə bağlı imzaladığı
sərəncamlardır.
Yubiley ərəfəsində ölkə Prezidentinin 20 dekabr
2011-ci il tarixli sərəncamları ilə Azərbaycanda
musiqi təhsilinin inkişafındakı xidmətlərinə
görə Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının 46 əməkdaşının müxtəlif fəxri
adlar və "Tərəqqi" medalı ilə təltif olunduğunu,
2 nəfərin Prezident təqaüdünə layiq görüldüyünü
deyən Misir Mərdanov ölkənin bütün təhsil
ictimaiyyəti adından dövlət başçısına
minnətdarlığını bildirdi.
Akademiyanın binasının müasir tələblərə uyğun
əsaslı təmir olunmasını ölkə Prezidentinin
təhsilə, milli mədəniyyətimizə göstərdiyi
xüsusi qayğının təzahürü kimi dəyərləndirən
nazir hazırda burada Azərbaycan musiqisini
inkişaf etdirmək üçün hər cür şəraitin
yaradıldığını söylədi. Misir Mərdanov qeyd etdi
ki, akademiya fəaliyyət göstərdiyi 90 il ərzində
bir çox dünya şöhrətli musiqiçilər yetirmiş,
minlərlə yüksək ixtisaslı kadr hazırlamış, onun
yetirmələri arasında saysız-hesabsız görkəmli
musiqi xadimləri olmuşdur. Bu təhsil ocağına
müxtəlif illərdə Üzeyir Hacıbəyli, Qara Qarayev,
Əşrəf Abbasov, Cövdət Hacıyev, Soltan Hacıbəyov
və başqaları rəhbərlik etmiş, 1991-ci ildən isə
bu şərəfli, eyni zamanda çox məsuliyyətli
vəzifəni professor Fərhad Bədəlbəyli yerinə
yetirir.
Nazir çıxışının sonunda dahi Üzeyir bəyin
yaratdığı ən böyük mədəniyyət məbədinin
əməkdaşlarını bir daha təbrik edərək onlara
möhkəm cansağlığı, ailə səadəti arzuladı. Tədbir
iştirakçılarını qarşıdan gələn bayramlar
münasibətilə təbrik edərək 2012-ci ilin
bütövlükdə millətimiz və dövlətimiz üçün daha
uğurlu və düşərli olmasını dilədi.
Azərbaycan Respublikasının mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev qeyd etdi ki, dövlətimiz
bu təhsil ocağına həmişə çox böyük diqqət və
qayğı ilə yanaşıb. Çünki buranın yetirmələri
Azərbaycan mədəniyyətinin, Azərbaycan
incəsənətinin tarixini yaradanlardır. Məhz bu
diqqətin sayəsində bu gün Azərbaycan mədəniyyəti
hüdudları aşaraq dünya səviyyəsində tanınır.
Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi
Akademiyası arasında mövcud olan sıx əməkdaşlıq
əlaqələrindən söz açan nazir təhsil
müəssisəsinin çox böyük uğurlar qazanmağa qadir
olduğunu vurğuladı. Ə.Qarayev akademiyanın
Azərbaycanın müxtəlif bölgələrində çalışan və
bugünkü mərasimdə iştirak edə bilməyən
yetirmələrini də yubiley münasibətilə təbrik
etdi, təqdimata, eləcə də binanın əsaslı
təmirinə görə ölkə Prezidenti cənab İlham
Əliyevə təşəkkürünü bildirdi.
Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və
Azərbaycan Respublikasının xalq artisti,
professor Fərhad Bədəlbəyli hamını salamladı və
"Üzeyir Hacıbəylinin ocağına xoş gəlmisiniz"
dedi. Rektor təhsil ocağının yubileyinin dövlət
səviyyəsində qeyd edildiyinə görə möhtərəm
Prezidentə akademiyanın bütün professor-müəllim
heyəti və tələbələri adından dərin
minnətdarlığını bildirdi. F.Bədəlbəyli qeyd etdi
ki, bu illər ərzində Bakı Musiqi Akademiyası
Azərbaycanın musiqi sənətinə dahi bəstəkarlar,
ifaçılar bəxş edib, görkəmli musiqişünas alimlər
yetişdirib, beynəlxalq müsabiqələrdə ölkəmizin
adını yüksəklərə ucaldıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamları ilə
akademiyanın əməkdaşlarına verilmiş fəxri
adların və medalların təqdimatı oldu.
Mərasim Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının Tələbə Kamera Orkestrinin
konserti ilə başa çatdı.
Hicran ƏKBƏROVA |