| 
								
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin 5 may 2009-cu il tarixli, 260 
								nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2014-cü 
								illərdə Azərbaycanda şahmatın inkişaf 
								etdirilməsi Dövlət Proqramı" ölkəmizdə bu qədim 
								idman növünün kütləviliyinin təmin olunması, 
								şahmat müəssisələri şəbəkəsinin getdikcə 
								genişləndirilməsi və onların maddi-texniki 
								bazasının gücləndirilməsi, bu sahədə yüksək 
								peşəkarlıq səviyyəsinə malik mütəxəssis 
								korpusunun formalaşdırılması, beynəlxalq aləmdə 
								Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun 
								artırılması üçün böyük imkanlar açmışdır. 
								
								 Hazırda respublikamızın təhsil sistemində 
								fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat 
								məktəbinə 35 mindən artıq məktəbli cəlb 
								edilmişdir. Dövlət Proqramının təsdiqindən ötən 
								müddət ərzində həmin məktəblər Təhsil Nazirliyi 
								tərəfindən müvafiq mebel, elektron şahmat 
								saatları və şahmat fiqurları, nümayiş  lövhələri, 
								televizor, kompüter və digər zəruri vəsaitlərlə 
								təmin olunmuşdur. 
								
								2010-cu ildə uşaq-gənclər şahmat məktəblərinin 
								yetirmələri respublika yarışlarında 28, Avropa 
								və dünya birinciliklərində 15, müxtəlif 
								beynəlxalq turnirlərdə 62 medal, 2011-ci ilin 
								oktyabr ayınadək isə Avropa və dünya 
								çempionatlarında 11 medal  qazanmışlar. 
								2010-2011-ci illərdə 18 nəfər idman ustalığına 
								namizəd, 3 nəfər idman ustası hazırlanmışdır. 
								Təsadüfi deyil ki, ölkə üzrə 22 nəfər beynəlxalq 
								qrossmeysterdən 15-i, 14 nəfər beynəlxalq 
								dərəcəli idman ustasından 7-si, beynəlxalq 
								reytinqə malik və dünya reytinq cədvəlinə daxil 
								olan 100 azərbaycanlı şahmatçıdan 79-u 
								bilavasitə şahmat məktəblərinin yetirmələridir. 
								Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən 
								respublika birinciliklərində mükafata layiq 
								yerlərin, Avropa və dünya miqyaslı yarışlara 
								vəsiqələrin 80 faizdən çoxunu məhz şahmat 
								məktəblərinin yetirmələri qazanmışlar. 
								
								Bütün bunlarla yanaşı, Dövlət Proqramına uyğun 
								olaraq, ümumtəhsil məktəb şagirdləri arasında 
								şahmatın geniş təbliğ edilməsi, mədəni 
								səviyyənin yüksəlməsində mühüm rol oynayan bu 
								idman növünə onların meyil və marağının 
								gücləndirilməsi məqsədilə Beynəlxalq Şahmat 
								Federasiyası, Azərbaycan Şahmat Federasiyası və 
								Təhsil Nazirliyi arasında imzalanmış birgə 
								memorandumda şahmatın ümumtəhsil məktəblərində 
								tədris fənləri sırasına daxil edilməsi nəzərdə 
								tutulmuşdur. Bununla əlaqədar həmin fənnin 
								tədris proqramının, müvafiq dərslik, dərs 
								vəsaiti və metodik tövsiyələrin hazırlanması, 
								2012-ci ildən başlayaraq pilot layihə olaraq hər 
								rayon və şəhərdən seçilmiş bir ümumtəhsil 
								məktəbinin 2-ci siniflərində şahmat dərslərinin 
								tədris olunması qərara alınmışdır. Bu barədə 
								qərar qəbul edilərkən şahmatın zehni fəaliyyəti, 
								yaddaş və intellekti inkişaf etdirməsi, 
								şagirdlərdə problem həlletmə, qətiyyətlilik, 
								mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi 
								mənəvi keyfiyyətləri formalaşdırması, sağlam 
								həyat tərzi keçirmələrinə zəmin yaratması, 
								habelə dünyanın bir çox ölkələrində şahmatın bir 
								fənn kimi artıq məktəblərdə tədris olunması və 
								digər arqumentlər əsas tutulmuşdur.  
								
								Qeyd olunanları nəzərə alaraq    
								
								
								ƏMR EDİRƏM:  
								
								1. 2011-2012-ci dərs ilinin ikinci yarımilində 
								rayon və şəhərlər üzrə seçilmiş pilot 
								məktəblərin II siniflərində Təhsil Nazirliyinin 
								4 iyul 2011-ci il tarixli, 1207 nömrəli əmri ilə 
								təsdiq olunmuş ümumtəhsil məktəblərinin I-IV 
								sinifləri üçün tədris planlarına dair "Qeydlər"in 
								7-ci bəndində nəzərdə tutulan saat hesabına dərs 
								cədvəlinə daxil edilməklə həftədə bir saat "Şahmat" 
								fənni tədris edilsin. 
								
								2. "Şahmat" fənninin tədris proqramı, pilot 
								məktəblərin və həmin fənn üzrə müəllimlərin 
								siyahıları təsdiq edilsin (əlavə olunur). 
								 
								
								3. "Şahmat" fənnini tədris edəcək müəllimlər 
								üçün zonalar üzrə cari ilin dekabr ayında 2 
								günlük təlim kursu təşkil edilsin (təlim 
								kursları keçiriləcək rayon və şəhərlərin 
								siyahısı əlavə olunur). 
								
								4. Pilot məktəblərin fənn üzrə müvafiq avadanlıq 
								və ləvazimatlarla təminatı "2009-2014-cü illərdə 
								Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət 
								Proqramı" çərçivəsində həyata keçirilsin. 
								 
								
								5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təlim 
								kurslarının təşkili və pilot məktəblərin şahmat 
								siniflərinin avadanlıqlarla təmin edilməsi ilə 
								bağlı xərclərin ödənilməsini "2009-2014-cü 
								illərdə Azərbaycanda şahmatın inkişaf 
								etdirilməsi Dövlət Proqramı"nın maliyyə təminatı 
								üzrə nəzərdə tutulan vəsait hesabına həyata 
								keçirsin. 
								
								6. Strateji təhlil, planlaşdırma və kadrların 
								idarəolunması, Tərbiyə və məktəbdənkənar 
								müəssisələr şöbələri (F.Qədirov, A.İbrahimov) 
								tərəfindən "Şahmat" fənninin tədrisinin 
								nəticələri dərs ilinin sonunda təhlil edilsin və 
								rəhbərliyə məlumat hazırlansın. 
								
								7. Kənd rayonları üzrə ümumi təhsil, Strateji 
								təhlil, planlaşdırma və kadrların idarəolunması, 
								Tərbiyə və məktəbdənkənar müəssisələr şöbələri (A.Əhmədov, 
								F.Qədirov, A.İbrahimov) şahmat fənninin tədrisi 
								ilə bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) 
								lazımi köməklik göstərsinlər. 
								
								8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmri "Azərbaycan müəllimi" qəzetində dərc 
								etdirsin. 
								
								9. Ümumi şöbə (X.Fərəcov)  bu əmrin əlavələrlə 
								birlikdə çoxaldılaraq yerlərə göndərilməsini 
								təmin etsin. 
								
								10. Əmrin icrasına nəzarəti öz üzərimdə 
								saxlayıram.  
								
								
								Misir MƏRDANOV,Azərbaycan Respublikasının təhsil naziri
 29 dekabr 2011-ci il
 |