Dekabrın
27-də Bakıdakı 13 nömrəli tam orta məktəbdə
keçirilən tədbirdə riyaziyyat aylığına yekun
vuruldu. Tədbirdə məktəbin müəllim-şagird
kollektivi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
məsləhətçisi Fəttah Quliyev, valideynlər və
digər şəxslər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Rəfiqə Məmmədova iştirakçıları salamlayaraq qeyd
etdi ki, məktəbdə ənənəvi olaraq müxtəlif
fənlərin aylıqları təşkil olunur. Bu da həmin
fənlərə olan marağı artırmağa, istedadlı
şagirdləri aşkara çıxarmağa və tədrisin
keyfiyyətini yüksəltməyə xidmət edir. Bildirdi
ki, riyaziyyat aylığı ərzində divar qəzetləri,
xüsusi bülletenlər buraxılmış, test və yoxlama
yazı işləri vasitəsilə fənnin tədrisi vəziyyəti
yoxlanılmışdır. Riyaziyyat müəllimləri Dilşad
Bəşirova, Elmira Abdullayeva və Afaq Həsənovanın
"acıq dərs"ləri keçirilmişdir.
Tədbirdə çıxış edən BŞTİ-nin məsləhətçisi Fəttah
Quliyev bildirdi ki, dekabr ayı BŞTİ-nin
tabeliyində olan ümumtəhsil məktəblərində
riyaziyyat aylığı elan edilib. Belə tədbirlər
şagirdlərin əqli inkişafına müsbət təsir edəcək.
Aylıqda müxtəlif nominasiyalar üzrə seçimlər
aparılacaq. Tədbirin təşkil olunmasında əməyi
keçən hər bir şəxsə minnətdarlığını bildirən
F.Quliyev pedaqoji kollektivə gələcək işlərində
uğurlar arzuladı.
Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən
söz açdılar.
Sonra şagirdlər tərəfindən hazırlanan rəqəmlərin
və fiqurların dili ilə adlı şeirlər
səsləndirildi, riyazi məsələlər və onların həlli
nümayiş etdirildi. Tədbir məktəbin şagirdlərinin
ifasındakı musiqi nömrəsi ilə başa çatdı.
Niyazi RƏHİMOV |