Bayram
İdris oğlu Səmədov 1996-cı ildə Masallı
rayonunda anadan olub. O, 7 yaşından idmanın
qaydasız döyüş növü ilə AHİTA idman zalında
məşğul olur. Bakının Nərimanov rayonundakı 45
nömrəli tam orta məktəbin IX sinif şagirdidir.
Uşaq yaşlarından idmana böyük həvəs göstərən
Bayram təcrübəli məşqçi müəllim Azad Əsgərovun
yetirməsidir. O, 2008-2009 - cu illərdə
Azərbaycan çempionu, 2010-cu ildə isə Dağıstanın
Mahaçqala şəhərində keçirilən beynəlxalq
turnirdə I yerə layiq görülüb. Onun ən böyük
uğuru 2011-ci ildə Macarıstanın Tomasi şəhərində
30-a yaxın ölkənin iştirakı ilə keçirilən dünya
çempionatında bütün yarışlarda qələbə qazanaraq
I yerə çıxması olub.
Bayram Səmədovun dediklərindən:
-Sevinirik ki, ölkəmiz bütün sahələrdə olduğu
kimi idman sahəsində də dünya ölkələri
içərisində öz sözünü deyir. İdmançılarımız dünya
arenalarında ölkəmizi layiqli təmsil edirlər.
Xoşbəxt bir xalqıq ki, bizim gənc və
yeniyetmələrimiz pis vərdişlərə deyil, məhz
idmana maraq göstərirlər. Məndə idmana marağı
idmançılarımızın parlaq qələbələri oyatdı. Arzu
edirdim ki, mən də onlar kimi ölkəmizi
beynəlxalq yarışlarda layiqincə təmsil edim,
üçrəngli bayrağımızı zirvələrə ucaldaraq
himnimizi səsləndirim. Mənə elə gəlir ki,
idmançı üçün bundan əziz heç nə ola bilməz.
2011-ci il mənim həyatımda çox düşərli və uğurlu
oldu. Bu ildə mən dünya çempionu oldum.
Fürsətdən istifadə edib qarşıdan gələn 31 dekabr
- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibəti ilə xalqımızı təbrik edirəm.
Arzu edirəm ki, 2012-ci il xalqımıza yola
saldığımız ildən yaxşı uğurlu il olsun. Düşmən
tapdağı altında olan torpaqlarımız tezliklə geri
qaytarılsın.
Rəşad ZİYADOV |