Hər
kəsin yeni başlayan ildən gözləntiləri olur. Hər
yeni il insanın hansısa arzusunu, diləyini
hasilə gətirir, ömür yoluna özünün naxışını
vurur.
Köhnə illə yeni ilin qovşağında dönüb arxaya -
ömür yoluma nəzər salanda 63 illik həyatımda
arzularımı göyərdən illəri az görmürəm. 1948-ci
ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq
kəndində dünyaya göz açmışam. Həmin il, təbii ki,
mənim yox, ata-anamın diləyi hasil olub.
Gölkənd kənd orta məktəbini medalla bitirdiyim
il, Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) mexanika-riyaziyyat fakültəsinə daxil
olduğum və oranı bitirdiyim 1973-cü il, çox
sevdiyim müəllimlik ixtisasına yiyələndikdən
sonra ilk dəfə əlimə jurnal alıb sinfə girdiyim
gün, daha neçə-neçə günlər, aylar, illər ömrümə
bəzək vurub, arzularıma qol-qanad verib.
Qərbi Azərbaycanın Krasnoselsk rayonunun Cil
kənd orta məktəbində işləmişəm. Daha sonra doğma
Ağbulaq kənd orta məktəbində müəllim, təşkilatçı
və dərs hissə müdiri kimi çalışmışam. Peşə
fəaliyyətimdə həmişə yaxşı mənada fərqlənmişəm,
çalışqanlığım, məsuliyyətim, daim öyrənmək
həvəsim həmişə təqdir olunub. Krasnoselsk Rayon
Təhsil Şöbəsinin inspektoru vəzifəsinə irəli
çəkilmişəm. 1988-ci ildə mənfur ermənilərin
məkrli siyasəti nəticəsində doğma ata-baba
yurdumuzdan didərgin düşüb Bakı şəhərinə pənah
gətirmişəm. O vaxtdan buradakı 82 nömrəli tam
orta məktəbdə riyaziyyat müəllimi işləyirəm.
Müxtəlif illərdə Bakı şəhəri Nərimanov Rayon
Təhsil Şöbəsinin ştatdankənar metodisti kimi
fəaliyyət göstərmiş, rayonda riyaziyyatın
tədrisi keyfiyyətinin yüksəldilməsi işində
müəllim həmkarlarıma bacardığım köməyi etmişəm.
Avqust, sentyabr konfranslarının bölmə
iclaslarının, olimpiadaların və digər bilik
yarışları və müsabiqələrin təşkilində səy
göstərmişəm. Yetirmələrim arasında olimpiada
iştirakçıları və qalibləri çox olub.
Müəllimlik sənətinə sevgim məni daim öyrənməyə,
ixtisasımı artırmağa sövq edib. 1999-cu ildə
Türkiyə Respublikasında müasir təlim metodlarına
aid seminarlarda iştirak edərək sertifikat
almışam. 2003-cü ildə Təhsil Nazirliyi ilə ABŞ
Təhsilin İnkişafı Mərkəzinin təşkil etdikləri "Fəal
və interaktiv təlim metodları", 2004-cü ildə "Tədrisin
keyfiyyətinin artırılması" komponenti
çərçivəsində həyata keçirilmiş treninq və
seminarlarda iştirak etmişəm, özüm müəllimlər
üçün öyrədici seminarlar təşkil etmişəm.
Əməyim həmişə qiymətləndirilib. 2006-2007 və
2007-2008-ci tədris illərində Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin fəxri fərmanı ilə, dəfələrlə
Nərimanov Rayon İcra Hakimiyyətinin fəxri
fərmanları ilə təltif olunmuşam.
Bütün bunlar hamısı ömür tariximə qırmızı
hərflərlə yazılan illər, aylardır. Lakin
bioqrafiyamın daha əlamətdar, sevinc anları ilə
dolu səhifələri də vardır. 4 övladım var.
Onların hər birinin doğum günü bir ata kimi
ömrümün ən sevincli günləri olub. 2008-2009-cu
tədris ilində möhtərəm Prezidentimizin
sərəncamına əsasən keçirilən "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuş və 5 min manat
məbləğində pulla mükafatlandırılmışam. 2011-ci
ili isə ömrümün ən uğurlu ili hesab edirəm.
Çünki məhz yola salmağa hazırlaşdığım bu ildə
mən möhtərəm Prezidentimizin sərəncamı ilə
müəllimə verilən ən yüksək fəxri ada - "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri adına
layiq görülmüşəm. Sadə, sıravi müəllimə
göstərdiyi diqqət və qayğıya görə möhtərəm
Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
Bu ilin mənə bəxş etdiyi bir sevinc payı da 7
nəvəmdən 2-nin I sinfə getməsidir. Çoxları üçün
bəlkə də önəm kəsb etməyən bu hadisə məni çox
sevindirir. Elm, təhsil yolunda atılan hər bir
addım əsl müəllimə, sözün əsl mənasında, qol-qanad
verir.
Yeri gəlmişkən deyim ki, 2011-ci il məktəbimiz
üçün də əlamətdar olub. Bakının bir çox təhsil
ocaqları kimi, işlədiyim 82 nömrəli tam orta
məktəb də 2010-2011-ci dərs ilində keçirilmiş "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi
olub və möhtərəm Prezidentimizin sərəncamı ilə
10 min manat məbləğində birdəfəlik mükafat alıb.
Təbii ki, bu da məni məktəbin fəal
müəllimlərindən biri kimi hədsiz sevindirir. Axı
məktəbin uğuru, ilk növbədə, onun direktorunun,
müəllimlərinin uğurudur.
Uğurlarımıız isə son illər çox olub. Bu il 4
məzunumuz ali məktəblərə qəbul imtahanlarında
600-dən çox bal toplayıb. Məhz bütün bunlara
görə mən belə hesab edirəm ki, bir neçə gündən
sonra tarixə qovuşacaq 2011-ci il mənim
yaddaşımda ən əlamətdar il kimi qalacaq.
Əli MƏMMƏDOV,
Bakıdakı 82 nömrəli tam orta məktəbin riyaziyyat
müəllimi,
əməkdar müəllim |