Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - ¹51

 

Bir peşə liseyi kontekstində real inkişaf tendensiyaları

 

(Əvvəli qəzetimizin 50-ci sayında) 

Bəzi hallarda ilk peşə-ixtisas təhsili müəssisələrində genişprofilli kadr hazırlığına ikili münasibət səsləndirildiyinin şahidi oluruq. Bizim liseydə 6 istiqamət üzrə - inşaat, kompüter texnikası, mühasibatlıq, avtomobil təmiri, ictimai iaşə və ticarət sahələri üzrə peşə klassifikatoruna uyğun kadr hazırlığı həyata keçirilir. Bütün dünyada birmənalı qəbul olunur ki, peşə ixtisas təhsili ölkənin əmək bazarının tələbatının çevik şəkildə təminatçısı rolunu oynamalıdır. Belə olan təqdirdə, əgər bu və ya digər ixtisasa real tələbat varsa, bunun üçün müvafiq baza yaradıla bilirsə, niyə də həmin sahələr üzrə kadr hazırlığı həyata keçirilməsin? Məgər hamı hüquqşünas və ya həkim olmalıdır? Bəs kiçik səviyyədən olan əsl iş icraçılarının qısamüddətli tədris proqramları çərçivəsində hazırlığını kim və harada həyata keçirməlidir? Diqqət yetirin: bu ilin yay aylarında bizim qəbul komissiyasına 320 qəbul (onlardan 5 qrupda 100 nəfər ödənişli əsaslarla) yerinə qarşı 814 nəfər müraciət etmişdir. Onların arasında valideynlərin iştirakı ilə test imtahanları keçirdik. Bilik səviyyəsinə uyğun aparılmış seçimin nəticəsində 500 nəfərə yaxın yeniyetmə sənədlərini geri götürmək məcburiyyətində qaldı. Deməli, həmin sayda gənclərimiz ilk peşə-ixtisasına yiyələnmə imkanından məhrum oldu. Digər bir tərəfdən isə artıq biz yeni tədris ili üçün qəbul planlarının formalaşdırılması məqsədilə əmək bazarını öyrənirik. Əgər bu halda tələbat istiqamətləri dəyişərsə, onda təminatçı tərəf kimi biz mütləq çevik qaydada tədris bazasını təkmilləşdirməli, kadr potensialını formalaşdırmalı, yeni ixtisas hazırlığına doğru əməli addımlar atmalıyıq. Məgər dünya ölkələrinin təcrübəsi məhz elə bu modelə üstünlük vermirmi?

Qəbul üçün bizə müraciət edənlər arasında apardığımız sorğu nəticələrinin təhlili də bəzi məqamlardan xəbər verir. "Bizi hansı mənbədən tanıdınız" sualına müraciət edənlərin 26 faizi vaxtilə bu tədris müəssisəsini bitirənlərin məlumatından, 21 faizi KİV-dən, 20 faizi peşəyönümü üzrə iş aparılmış ümumtəhsil məktəblərindən, 18 faizi İnternetdən, 13 faizi liseyin yaşayış yeri üzrə ünvanda yerləşdiyindən və müasir tədris bazası olduğundan, cəmi 2 faizi isə təsadüf nəticəsində bizim liseyə gəldiklərini bildirmişlər. Göründüyü kimi, bu təhsil pilləsindəki ixtisaslara real maraq var. Həmin maraq isə təbii ki, gələcəkdə əmək bazarında məhz elə konkret ixtisas üzrə iş yeri tapılma faktoru ilə səciyyələnir. Digər maraqlı nəticə ondan ibarətdir ki, ötən tədris ili ərzində tərəfimizdən həyata keçirilən bir sıra institusional tədbirlər öz obyektiv nəticəsini verir, texniki peşə təhsilinə olan sosial tələbat "kortəbii diplom almaq məqsədindən, peşəyə-ixtisasa yiyələnməyə" doğru istiqamətlənir.

Bu məqamda bir əsas məsələyə də toxunmaq vacibdir. Artıq sübuta yetirilmişdir ki, bütün hallarda ictimai statusun qaldırılması prosesi yalnız "sadədən mürəkkəbə doğru" olan yüksələn xətt fəlsəfi prinsipinə uyğun aparıldıqda müsbət nəticə əldə edilir. Bu mənada biz, ilk növbədə, bütün ictimaiyyətə çatdırırıq ki, müasir təhsil sisteminin ilk peşə-ixtisas təhsili pilləsində köhnə "PTU" məfhumu leksikondan belə çıxarılmışdır. Uzun illərdən bəri olan "texpeşə" (proftex), artıq ixtisas statusu alaraq ilk peşə-ixtisas təhsilinə çevrilmiş, təhsilin ixtisas verilən 3 səviyyəsinin birinci pilləsində qeyd olunmuşdur. Yeni təhsil qanunvericiliyində göstərildiyi kimi, 18 nömrəli Bakı Peşə Liseyində də müxtəlif sənətlər və peşələr üzrə ixtisaslı işçi kadrları hazırlanır, fəhlə yox! Bizim müəssisədə təhsilə yiyələnən gənclər tələbə təqaüdü alır, onlar da ali və orta ixtisas təhsilində olduğu kimi tələbə biletinə malikdirlər. Məzunlarımız işəgötürən təşkilatlarda ixtisas təhsili səviyyəsi üzrə ilk peşə-ixtisas təhsili pilləsinin məzunu kimi, demək olar ki, kiçik səviyyəli mütəxəssis kimi qəbul edilirlər. İlk baxışdan son dərəcə sadə görünən belə yanaşmada ictimai statusun qaldırılması prinsipinin köklü əsası durur.

Bir çoxları belə düşünür ki, əgər biz - ilk peşə-ixtisas təhsilinin iş icraçıları, əsas prinsip kimi inkişafetdirici tədris mühitinin yaradılmasını bəyan ediriksə, belə halda tərbiyə konsepsiyasının zəruri müddəaları arxa plana çəkilə bilər. Bu cür fikirlərlə qəti razılaşmaq olmaz. Məlum olduğu kimi, təlim və tərbiyə prosesinin vəhdəti təhsil qanunvericiliyində öz əksini tapmışdır. Təlimlə tərbiyəni bir zəncirin əsas həlqələri kimi xarakterizə etsək heç də yanılmarıq.

İlk peşə-ixtisas təhsili sistemində təhsil alanların aşağı səviyyəsi stereotipinin aradan qaldırılması məhz elə tərbiyə konsepsiyasının lazımı səviyyədə reallaşdırılması ilə birbaşa bağlıdır. Aydın məsələdir ki, burada hərbi vətənpərvərlik, fiziki tərbiyə, psixoloji xidmət strukturlarının müasir tələblər səviyyəsində fəaliyyəti son dərəcə vacibdir. "Müəllim - tələbə" münasibətlərinin düzgün tənzimlənməsi üzrə tərəfimizdən hazırlanmış tövsiyələr daim diqqət mərkəzində saxlanılır. Valideynlərlə qurulan təmaslar gedən proseslərdə onların birbaşa iştirakının təminatına istiqamətləndirilir. Bu mənada lisey üzrə yaradılmış və 30 nəfər üzvü olan "Valideyn - müəllim" Birliyinin fəaliyyəti son dərəcə müsbət effekt verir. Tələbələrin valideynlərinin fikirləri öyrənilir, onlar "açıq dərs"lərə dəvət edilir, konkret hallarda qarşılaşdığımız konkret problemin həlli ilə əlaqədar yeniyetmə gənc ilə birgə iş aparılır.

Bu gün liseydə 43 nəfər valideyn himayəsindən məhrum olmuş yeniyetmə təhsil alır. Onlarla aparılan iş "İnsan Hüquqları klinikası" ilə əlaqələndirilir. Klinikanın mütəxəssisləri mütəmadi qaydada liseyə dəvət olunur, həmin tələbələrlə treninqlər keçirilir. Hər tədris ilinin başlanğıcında bu kateqoriyadan olan tələbələrimizə müvafiq tədris ləvazimatları, zəruri geyim əşyaları, lazımi kitab və dərsliklər paylanılır, onların bir hissəsi yataqxana ilə təchiz olunurlar. Tam məsuliyyətlə demək olar ki, əgər biz - 18 nömrəli Bakı Peşə Liseyinin bütün əməkdaşları, səylərimiz və gərgin əməyimizlə uşağını vaxtilə atmış anaya qarşı uzun illərdən bəri ürəyində nifrət hisslərini yaşadan bir yeniyetmədə ana məhəbbətinə inam oyada biliriksə, anası azadlıqdan məhrum olmuş bir gənci onunla görüşdürməyə nail oluruqsa, ciddi xəstəlik tapmış bir tələbənin tam sağaldılmasını öz imkanlarımızla təmin ediriksə, bir nəfər belə təhsilalanı sağlam həyata qaytarmağı bacarırıqsa, deməli, müstəqil həyata yeni qədəm qoymağa hazırlaşanları düzgün yola istiqamətləndiririk. Bu mənada, bir müəllim kimi biz özümüzü xoşbəxt sayırıq. Mətni Pedaqoji Şurada bəyənilmiş "Müəllim andı" içirik. Tələbələrimiz isə mətni Tələbə Parlamenti tərəfindən qəbul olunmuş "Tələbə andı" içirlər. Onlar dərslərə vahid tələbə formasında gəlirlər.

Psixoloji xidmət sahəsində atdığımız real addımlar daha önəmli hesab oluna bilər. Belə ki, liseyin psixoloji xidmət strukturu Azərbaycan Psixoloqlar Assosiasiyası və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun psixologiya şöbəsi, eləcə də Azərbaycan Müəllimlər İnstitutunun psixologiya kafedrasının əməkdaşları ilə əlaqəli iş aparır. Əsas məqsədimiz ondan ibarətdir ki, pedaqoji kadr heyətinin psixologiya elmi sahəsində biliklərini daha da dərinləşdirək, tələbələr üçün psixoloji xidmət lazımi səviyyədə qurulsun. Bütün təhsil alanların və pedaqoji heyətin temperament tipləri AYZENK sorğusunun tətbiqi ilə aparılmış, nəticələr geniş təhlil olunmuşdur. Uşaq hüquqları klinikası, Uşaq və gənclərin sosial reabilitasiya Mərkəzi, SOS uşaq kəndləri Assosiasiyasının Gənclərin güvənc şəbəkəsinin liseydə həyata keçirdikləri layihədə 40 nəfərə yaxın tələbəmiz iştirak etmişlər. Bu gün 15 nəfər tələbə, valideyn himayəsindən məhrum olmuş yeniyetmələr də daxil olmaqla, GRBS MMC-nin xətti ilə liderlik bacarıqları təliminə və ingilis dili kurslarına cəlb edilmişlər. Psixoloqlar Assosiasiyasının prezidenti xanım E.Mirzəyeva tərəfindən müəllimlərimizlə xüsusi treninqlər keçirilmişdir. Artıq onların hər biri üçün müvafiq psixoqrammalar tərtib olunmuş, nəticələr üzrə strateji fəaliyyətin perspektivləri müəyyənləşdirilmişdir.

Fikrimizcə, liseyin ən əhəmiyyətli göstəricilərindən biri davamiyyətin monitorinqi ilə bağlıdır. Böyük nailiyyət kimi xüsusi vurğulanmalıdır ki, lisey üzrə təhsilalanların gündəlik davamiyyət göstəriciləri 92 - 94 faizdən aşağı düşmür. Davamiyyətin monitorinqi İKT-nin tətbiqi ilə iki kompüter proqramı çərçivəsində aparılır. Biz hər an konkret tələbə, qrup və ümumi lisey üzrə 4 kateqoriyada (dərsə gəlməyənlər, dərsdən yayınanlar, dərsə gecikənlər və üzrlü səbəbdən dərs buraxanlar) gündəlik, həftəlik, aylıq, rüblük, yarımillik və illik məlumatları əldə etmək imkanı yaratmışıq. Ədalət naminə qeyd olunmalıdır ki, bu səviyyənin daim saxlanılması işində valideynlərimizin də rolu az deyil. Artıq bu gün valideynlər birmənalı şəkildə başa düşürlər ki, bizim liseydə üzrsüz səbəbdən dərs buraxma barədə mövcud reqlamentlərin şərtlərinə dəqiq əməl olunur. Buna sadə bir misal göstərək. Yeni dərs ilində heç bir üzrlü səbəb olmadan həddindən artıq dərs buraxmış müxtəlif kursların 16 nəfər tələbəsi Pedaqoji Şurada müvafiq müzakirələrdən sonra liseydən xaric edilmiş, onlar barəsində dərhal aidiyyəti üzrə rayon hərbi komissarlıqlarına məlumatlar göndərilmişdir.

Liseydə "Qaynar xətt" xidməti (əlaqə tel.: 408-13-90 ) fəaliyyət göstərir. Bu xidmətə edilən müraciətlərin dərhal təhlili aparılır, müvafiq qərarlar qəbul olunur, verilən təkliflər əksər hallarda nəzərə alınır. İnternet saytımız (www.18bpl.com, E-mail: BPL.18@mail.ru) açılmışdır.

Liseyin ən yaxın zamanda akkreditasiyadan keçirilməsi üçün tərəfimizdən Təhsil Nazirliyinə rəsmi xahiş məktubu göndərilmiş və buna müsbət cavab almışıq. Əminik ki, növbəti ilin may ayına planlaşdırılan akkreditasiya prosesinin yekununda biz həm əldə etdiyimiz nəticələrin layiqli qiymətini ala biləcək, həm də çatışmazlıqlarımız barədə daha dəqiq məlumatlanacağıq.

 Gördüyümüz işlər, əldə etdiyimiz nailiyyətlər haqqında çox danışmaq, daha çox məlumatlar vermək mümkündür. Lakin bütün sadaladıqlarımız və konkret faktlara istinadən əldə olunmuş nəticələrimiz, eləcə də inkişaf tendensiyalarının şərhi oxucularda belə təəssürat yaratmasın ki, 18 nömrəli Bakı Peşə Liseyində heç bir problem yoxdur və biz artıq hər şeyə nail olmuşuq. Əsla bu belə deyil! Təbii ki, bizim də hələ öz müsbət həllini gözləyən problemlərimiz var. Belə ki, liseyin əsas korpusunda və həyətyanı sahəsində hələ də 7 qaçqın ailəsi yaşayır. Bu səbəbdən 400 kv. metr sahədə fəaliyyət göstərə biləcək auditoriyalarımız qaçqın və məcburi köçkün ailələrinin istifadəsindədir. 1300 kv. metr həyətyanı sahədən məqsədi üzrə istifadə etmək imkanlarımız məhduddur. Lisey üçün idman meydançasının qurulmasına real imkanlar hələ də açılmır. İnternat-məktəbləri bitirdikdən sonra təhsilini davam etdirmək üçün sənədləri liseyə göndərilmiş bəzi gənclərin aylarla axtarışı gözlənilən nəticəni vermir, onların bir qismi daim dərslərdən yayınırlar. Mülki müdafiə və yanğından mühafizə avadanlıqlarına olan real tələbat hələ də tamlıqla ödənilməmişdir. İstehsalat təlimi ustalarına olan kadr tələbatının ödənilməsində yaranmış problemlər öz həllini hələ də lazımınca tapmamışdır. "Kompüter texnikasının sazlayıcısı" ixtisası üzrə istehsalat təliminin keçirilmə obyektlərinin müəyyənləşdirilməsində xeyli çətinliklərlə üzləşirik. Bu məsələdə bir sıra müəssisələrin maliyyə şərtlərini ortaya atması həmin problemin həllinin uzanması ilə nəticələnir. Tam orta təhsil bazasında qeyri-üzvi kimyanı yaxşı mənimsəməyən, yaxud da xarici dilin ilk anlayışlarını belə vaxtında öyrənməyən - mənimsəməyən bir gəncə tədris planlarımızda bu elm sahələrinin davamı kimi nəzərdə tutulmuş üzvi kimya və ya xarici dil materiallarının aşılanması xeyli dərəcədə çətinliklər yaradır. Təbii ki, belə vəziyyət keyfiyyət göstəricilərinə də öz mənfi təsirini göstərir. Bu və ya buna bənzər problemlər var. Lakin biz onların aradan qaldırılması üzrə gündəlik iş aparırıq, perspektiv fəaliyyət üçün strateji istiqamətləri müəyyənləşdiririk.

Gələcəyə nəzər baxımından perspektiv üçün bir sıra əhəmiyyətli məsələlərin həllini qarşımıza əsas məqsəd kimi qoymuşuq. Belə ki, ağırlıq mərkəzinin təhsilalan olduğu əsas götürülməklə məzmun islahatlarının davam etdirilməsi, zərurət yaranan təqdirdə müvafiq korrektə planlarının realizəsi ilə qiymətləndirmədə yeni mexanizmlərin tətbiqi coğrafiyasının genişləndirilməsi və bütün qruplarda bacarıqların qiymətləndirilməsinə tamlıqla keçid, milli dərsliklərin işlənib hazırlanması prosesinin davam etdirilməsi, attestat alanların sayının çoxaldılması, əmək bazarının tələbatı öyrənilərək kadr hazırlığı prosesinin çevik strukturunun yaradılması, Təhsil Nazirliyi ilə "KNAUF" şirkətlər qrupu arasında imzalanmış memorandum çərçivəsinin icrası, inkişafetdirici mühitlə bağlı layihələrə aktiv qoşulma, işəgötürənlərlə qarşılıqlı əlaqələrin daim gücləndirilməsi, demokratik idarəetmə metodlarının qorunub saxlanılması, kollektiv qərarçıxarma modelinə daha çox üstünlük verilməsi, əlavə gəlir gətirmə mənbələrinin artırılması, davamlı inkişaf üzrə təminatın reallaşdırılması və sair bu səpgili istiqamətlər tərəfimizdən gələcək illərdə strateji fəaliyyətimizin əsası kimi qəbul edilmişdir. Bütün bunlar, ilk növbədə, İnkişaf Proqramının lazımınca icrasına yerlərdə, konkret halda isə 18 nömrəli Bakı Peşə Liseyində nail olma vəzifələrinin məsuliyyətindən irəli gəlir.

Birmənalı şəkildə aydındır ki, ilk peşə-ixtisas təhsili sisteminin inkişaf etdirilməsi üzrə ümumi respublika miqyasında aparılan məqsədyönlü işlər bu istiqamətdə gedən proseslər, həmçinin də müəssisələrarası sağlam rəqabət üçün geniş şərait yaradır. Biz yaxşı başa düşürük ki, artıq dövlət sifarişi üçün iddia yalnız müasir məzmunu təmin edən, əmək bazarının tələbatını ödəyə bilən müəssisələr tərəfindən qaldırıla bilər. O tədris müəssisəsi ki, müasir tələblərə cavab verəcək,   ölkə başçımız cənab İlham Əliyevin sözləri ilə desək, "Təbii sərvətlərimiz insan kapitalına çevriləcək", onda büdcə vəsaitləri də məhz elə həmin istiqamətə yönəldiləcəkdir. 

Rəhim AĞAMALIYEV,
18 nömrəli Bakı Peşə Liseyinin direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov