Bu
günlər hər yerdə bayram əhvali-ruhiyyəsi hökm
sürür. Səbirsizliklə gözlədiyimiz yeni ildən
bizi təqvimin bir neçə yarpağı ayırır. 31 dekabr
həm də planetin müxtəlif guşələrinə səpələnmiş
azərbaycanlıların milli vəhdət günü - həmrəylik
günü olduğu üçün soydaşlarımız tərəfindən
əlamətdar bir tarix kimi qeyd edilir. Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra əldə
etdiyimiz ən böyük uğurlardan biri də xaricdə
yaşayan soydaşlarımızın və həmvətənlərimizin
ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi,
dünya azərbaycanlıları arasında birliyə və
həmrəyliyə nail olmağımızdır.
Hamımız üçün əziz olan bu gün münasibətilə
təhsil müəssisələrində keçirilən rəngarəng
tədbirlərdən biri də dekabrın 28-də 164 nömrəli
tam orta məktəbin IV "c" sinfində oldu. Mən və
şagirdlərim bu tədbirə çox ciddi hazırlaşmışdıq.
Bu mövzuda divar qəzeti və "Azərbaycan - ana
vətən" adlı zəngin materiallarla tərtib olunmuş
fotostend hazırlamışdıq. Bir müddət öncə
uşaqlara 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü ilə bağlı rəsm çəkməyi
tapşırmışdım. Onların ən yaxşılarını seçib bu
tədbirə aid sərgi təşkil etmişdik.
Həmişə olduğu kimi, mərasim bayramsayağı
bəzədilmiş sinif otağında Azərbaycan
Respublikasının Dövlət himninin oxunması ilə
açıldı.
Mən bu günün yaranması zərurəti və qeyd olunması
ilə bağlı məlumatı şagirdlərin diqqətinə
çatdıraraq bildirdim ki, ulu öndərimiz Heydər
Əliyevin irəli sürdüyü təşəbbüs nəticəsində 20
il əvvəl təsis edilən bu əziz bayram dünyadakı
bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə
isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət
hissi aşılayır. Bu gün dünyada 50 milyona yaxın
azərbaycanlı yaşayır. Azərbaycanın qərib ellərdə
məskunlaşan övladları sərhədsiz dünyamızın
harasında olursa-olsun, yenə Vətən deyir. Vətən
onun müqəddəs adını dünyada tanıdan övladlarının
əməllərində yaşayır. Təbii ki, Azərbaycanın
gələcək inkişafı dünyanın müxtəlif ölkələrinə
səpələnmiş hər bir azərbaycanlının qazandığı
uğurlardan da çox asılıdır. Elə buna görə də
hansı ölkədə yaşamalarından asılı olmayaraq
həmvətənlərimiz dövlət müstəqilliyimizin qorunub
möhkəmlənməsi barədə düşünməli və bunun üçün
əllərindən gələni etməlidirlər.
Sonra dördüncülər şeirlər, mahnılar, rəqslər və
səhnəciklərlə əvəzlənən maraqlı bədii proqramla
çıxış etdilər. İlkin, Rafael, Əli, Vüqar,
İsmayıl, Nəzrin, Selcan, Elçin, Alışan, Zərifə
və başqaları "Ucal, Azərbaycan", "Bayraq", "Bu
Vətən kimin", "Anamızdır Azərbaycan", "Odlar
Yurdu", "Birləşsin əllərimiz" və s. şeir və
mahnıları çox məharətlə ifa etdilər.
"Azərbaycanlılar və azərbaycançılıq" adlı ədəbi-bədii
kompozisiyanı təqdim edən şagirdlərin
çıxışlarında belə bir fikir ifadə olundu ki,
müstəqil Azərbaycan Respublikası dünyada yaşayan
bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı
ölkədə yaşamasından asılı olmayaraq
azərbaycanlılar öz ana dillərini, dinini, milli
adət və ənənələrini heç zaman unutmamalıdırlar.
Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun
böyük tarixə, qədim, zəngin mədəniyyətə malik
Azərbaycan kimi vətəni var. Hər bir azərbaycanlı
bilməlidir ki, onun arxasında Azərbaycan
Respublikası kimi müstəqil bir dövlət durur.
Tədbirdə Yeni il mövzusunda da şeir və mahnılar
səsləndi, rəqslər ifa olundu.
Bütün tədbir boyu informasiya-kommunikasiya
texnologiyaları vasitələrindən geniş istifadə
edildi.
Tədbirin sonunda dördüncülər öz arzularını
səsləndirdilər: "Biz istəyirik ki, müxtəlif
ölkələrdə yaşayan azərbaycanlılar həmin
ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq
heç vaxt öz milli köklərini, milli
mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı
birləşdirən tarixi köklərimiz, milli mənəvi
dəyərlərimiz, milli mədəniyyətimizdir -
ədəbiyyatımız, incəsənətimiz, musiqimizdir,
xalqımıza mənsub olan adət-ənənələrimizdir".
Bayram şənliyi "Azərbaycanım, şöhrətim-şanım"
mahnısının sədaları altında IV "c" sinif
şagirdlərinin ifasında məğrurluq və birlik rəmzi
olan "Yallı" rəqsi ilə başa çatdı.
Məlahət HƏSƏNOVA,
164 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi |