| 
								
								 Bu 
								yaxınlarda Azərbaycan  Dövlət  Mədəniyyət və 
								İncəsənət Universitetinin rektoru, əməkdar elm 
								xadimi, filologiya  elmləri doktoru, professor 
								Timuçin Əfəndiyevin "Mədəniyyətimizdə tarixilik 
								və  müasirlik" adlı kitabı işıq üzü görüb. 
								Kitabda milli teatrımızın, kinomuzun, 
								musiqimizin, memarlığımızın,  
								muzeyşünaslığımızın inkişaf  yoluna  analitik  
								nəzər  salınır, həmin  sahələrdəki  mövcud  
								problemlər  çözələnir. 
								
								Hələ formalaşma mərhələsini yaşayan milli 
								kulturologiya elminin sivilizasiyalararası 
								inteqrasiyada funksiyası,  gələcəkdə  görəcəyi 
								işlərin  istiqaməti  müəyyənləşdirilir. Kitabda 
								mədəniyyətimizlə əlaqəli ən mühüm hadisələrin 
								şərhi, ən vacib məqamların təhlili öz əksini  
								tapmışdır.  
								
								Çox əlamətdar  haldır ki, müəllif  
								mühakimələrində mentalitetimizlə  bağlı  bütün 
								məsələlərə  düzgün  münasibəti aydın şəkildə 
								özündə birləşdirən Heydər  Əliyev  ideyalarına 
								əsaslanır, bu azman  və  əbədi mənbədən 
								bəhrələnərək, bizi mədəniyyətimizin   
								inkişafının dönməzliyinə bir daha inandırır. 
								Kitabın girişində ulu öndərin 1998-ci ildə 
								Musiqili  Komediya Teatrının  yeni  binasının  
								açılışı zamanı üzünü  incəsənət  adamlarına  
								tutaraq  dediyi "Yaşasın  Azərbaycan  
								mədəniyyəti!" - ifadəsini  xatırladır. 
								 
								
								Əsərdə  verilmiş hər  fikirdən  möhtərəm  
								Prezidentimiz  İlham  Əliyev cənablarına 
								mədəniyyətimizə  göstərdiyi  diqqətə, qayğıya 
								görə  bir ziyalı  minnətdarlığı duyulur.  
								 
								
								Professor Timuçin Əfəndiyevin "Mədəniyyətdə  
								tarixilik və  müasirlik" kitabı, sözsüz ki, 
								zəruriliyə  köklənmiş daxili istəyin  bəhrəsidir. 
								Bu görkəmli  alimi   qələmini  mənəvi  
								dünyamızdakı  problemlərin  həlli yollarından  
								bəhsə  yönəldən kimi  tanıyırıq. Ona görə  də  
								əsərləri ictimai  ab-havanın  necəliyindən, 
								zamanın  axarındakı  dəyişmələrdən  asılı  
								olmayaraq  daim geniş  oxucu  auditoriyasının 
								diqqət mərkəzində olur. "Rus dramaturgiyası və 
								Azərbaycan teatrı", "Ukrayna  və Belarus  teatrı",  
								" XVIII əsr rus teatrı", "C.Cabbarlı və  
								romantik  dramlar", "Azərbaycan  
								dramaturgiyasında metodlar", "Azərbaycan  
								mədəniyyəti və incəsənəti"  kitabları, ölkə 
								mətbuatında, xarici qəzetlərdə, məcmuələrdə  çap 
								edilən  saysız-hesabsız məqalələri maraqla  
								qarşılanmaqla  yanaşı, tutarlı  vəsait, zəngin  
								mənbə  kimi  mütəxəssislərin müraciət, istinad 
								yerinə  dönüb. 
								
								Bu dəfə də  onun belə bir  ağır  zəhmətə 
								qatlaşmaqda  məqsədi gənclərin  mədəniyyətimizin 
								tarixi, gerçək durumu və  sabaha  yolu  
								baxımından  məlumatlanmalarını,  yetərli bilik  
								əldə  etmələrinə xidmət edən metodik  
								ədəbiyyatlar, dərsliklər  aləminə  öz töhfəsini  
								vermək olub.  Eyni  zamanda kitabın ayrı-ayrı 
								bölmələrində  işlədilən  "Mədəniyyətimizi   
								dünyada  tanıtmaq  kimi  qlobal bir  vəzifə" 
								çağırışı  Heydər  Əliyev  Fondunun  bu sahədəki 
								fəaliyyəti, üzərinə   götürdüyü  və  ardıcıl  
								olaraq  həyata keçirdiyi  böyük  missiya ilə üst-üstə 
								düşür. Fondun  prezidenti,  Milli  Məclisin 
								deputatı, YUNESKO-nun və İSESKO-nun  xoşməramlı  
								səfiri, ölkəmizin  birinci xanımı Mehriban  
								Əliyevanın  rəhbərliyi  altında  maddi-mənəvi 
								dəyərlərin  qorunmasını, təbliğini daha  da 
								gücləndirmək  məqsədi  ilə  son illərdə  
								buraxılmış  kitablarla səsləşir. 
								
								Professor Timuçin Əfəndiyevin "Mədəniyyətdə 
								tarixilik və müasirlik" əsəri irihəcmli, 
								yetərincə  geniş  əhatəlidir. Haqqında 
								söyləniləsi fikirləri bir yazıya sığışdırmaq  
								qeyri-mümkündür.Ona görə də   bələd olduğum  və 
								fəaliyyətimlə  bağlı  məsələlərə  münasibət  
								bildirməklə  kifayətlənmək istəyirəm. 
								
								Birincisi, müəllif kitabında musiqi sənətinin 
								eramızdan əvvəlki dördüncü-üçüncü minilliklərdən,  
								Qobustan qayalarındakı "Yallı"  rəqsinin  
								ifasını xatırladan  rəsmlərdən,   ibtidai musiqi 
								aləti  sayılan  qavaldaşdan  başlayaraq, ən 
								müasir sintez nümunələrinə qədər keçdiyi 
								keşməkeşli yolun  təsvirini verir. Əsrlər boyu  
								tarixin  amansız sınaqlarına  tab gətirmiş  bu 
								mətin  incəsənət  növünün inkişaf   
								mərhələlərini  zəngin faktlar əsasında tədqiq  
								edir. Timuçin  müəllim çox düzgün olaraq 
								vurğulayır ki, dəfələrlə istilalar görmüş, 
								əsrlər boyu acı olaylar  yaşamış  xalqımız  
								musiqisinə sevgisində tarixən  heç  bir qadağaya 
								məhəl  qoymamış, aləti əlindən alınıb 
								sındırılanda, dilinə qıfıl vurulanda  belə onu  
								ürəyində  pıçıldamış, ruhunun yaddaşında qoruyub 
								saxlamışdır. Üstəlik,  Şərqdə aparıcı mövqedə 
								olmuş klassik muğam-məqam sisteminin 
								formalaşmasında  böyük  rol oynamışdır. 
								 
								
								Müəllif  Azərbaycan  musiqisinin beynəlxalq  
								aləmə  çıxışının  eramızın birinci  minilliyinin  
								axırlarında baş verdiyini yazır. Bunu   
								ölkəmizin islam dünyasına daxil olması ilə 
								əlaqələndirir, bəşəri şairimiz  Nizami 
								Gəncəvinin əsərlərində  muğam oxunması ilə bağlı 
								səhnələrin, həmin janrın  nəzəriyyəsinə  aid 
								məlumatların  verilməsini  göstərir. 
								Mülahizəsini möhkəm etmək üçün  bir neçə  
								yüzillik  sonra klassik  Şərq  musiqi elminin 
								nüfuzlu  simalarına  çevrilmiş, onun universal 
								nəzəriyyəsinin ən  yüksək zirvəsini yaratmış  
								Səfiəddin Urməvi, Əbdulqədir Marağayi kimi 
								görkəmli alimlərin  məhz  azərbaycanlı 
								olmalarını xatırladır. 
								
								Bu   fəsildə müəllif  oynaq   rəqs  
								melodiyalarımızın,  həzin  nəğmələrimizin, 
								yanıqlı  mahnılarımızın  yaranma  tarixindən, 
								təkmilləşmə   pillələrindən, vəhdətindən   
								kifayət  qədər  söz açaraq  məntiqi  ümumiləşmə  
								aparır. Aşıq  musiqisini,  nisbətən  gənc  
								klassik  Avropa üslubunu  səs  sənətimizin  
								inkişaf  qolları hesab   edir. Muğamatı isə  
								onun  bu  istiqamətlərindən  biri və  eyni  
								zamanda ana  xətti, əsas  daşıyıcısı  kimi  
								qiymətləndirir: "Muğam  Azərbaycan musiqi  
								təfəkkürünün  ən  ali və parlaq  yaradıcılıq  
								təzahürüdür. Öz  fəlsəfi-mənəvi  dərinliyi, 
								orijinal  kompozisiyası  və təkrarolunmaz 
								intonasiya inkişafı ilə seçilən  muğam  
								Azərbaycan  şifahi  ənənəli  professional  
								musiqisinin  irihəcmli  klassik  nümunəsidir". 
								
								Mövcud mənbələrə söykənən Timuçin  müəllim 
								Azərbaycan xalqının  musiqi mədəniyyətinin ən  
								sürətli  inkişafının  XIV əsrdə  olduğunu  yazır, 
								XIX əsri onun  intibah dövrü  adlandırır. İlk 
								bədii-musiqili məclisin  Şuşada  Xarrat  Qulu 
								tərəfindən təşkil edildiyini,  sonralar  həmin  
								bəsirətli  işi Mir Möhsün  Nəvvabın  yerinə 
								yetirdiyini, nəticədə  Hacı  Hüsü, Məşədi İsi, 
								Əbdülbağı Zülalov  (Bülbülcan), Keştazlı  Həşim,   
								Cabbar  Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, İslam  
								Abdullayev, Seyid Şuşinski kimi  xanəndələrin  
								yetişib  püxtələşdiyini  bildirir. Azərbaycan  
								tarının atası Sadıqcanın   muğamlarımızı daha da 
								zənginləşdirməsini,  onlara  yeni pərdələr, 
								şöbələr  gətirməsini , Məşədi  Zeynal, Şirin 
								Axundov, Qurban  Pirimov və başqa  sənətkarlara  
								ustad  qayğısı göstərməsini, şairə  Xurşidbanu  
								Natəvanın  yaratdığı "Məclisi-üns" cəmiyyətinin  
								poeziya  ilə həmahəng  olaraq  
								musiqişünaslığımızda oynadığı müsbət rolu qeyd  
								edir. Müəllif səs  sənətimizin  inkişafında  
								Şuşa ilə yanaşı, Bakı və  Şamaxı məktəblərinin  
								fəaliyyətini  də qələmə  alır. Bu şəhərlərdəki  
								musiqi məclislərinin təşkilatçıları - muğamın 
								gözəl  bilicisi  Mahmud ağanın, öz dövründə  
								fikrinin  mütərəqqiliyinə  görə sayılıb-seçilən 
								Məşədi Məlik Mansurovun  xidmətlərini  yüksək 
								qiymətləndirir.       
								
								Bunun ardınca  Timuçin  müəllim  iyirminci  
								yüzillikdə  Azərbaycan  musiqi sənətinin  
								keçdiyi şərəfli  yolu  elmi şəkildə 
								işıqlandıraraq, onda yaşanan ən əlamətdar  
								hadisələri izləyə-izləyə  indiki səviyyəsinə   
								qədər gəlib çıxır, gözlərimiz  qarşısında zəngin  
								bir tarixin  canlı mənzərəsini  yaradır. 
								Ölkəmizdə  dövlətin  həyata keçirdiyi  parlaq  
								mədəniyyət siyasəti  nəticəsində  baş verən  ən  
								son yenilikləri, beynəlxalq aləmdə qazanılan 
								uğurları  oxucunun diqqətinə  çatdırır. "Müstəqil 
								Azərbaycanın musiqi mədəniyyəti   xalqın  
								çoxəsrlik  tarixinə, irsinə  layiq  inamlı  
								yüksəlişini davam etdirir" - deyərək "Musiqi 
								sənəti" fəslini bitirir.   
								
								Timuçin  Əfəndiyevin  "Mədəniyyətdə tarixilik və 
								müasirlik" kitabında ruhuma daha  yaxın  olan  
								ikinci  mövzu isə  özünün  rəhbərlik  etdiyi 
								Azərbaycan  Dövlət Mədəniyyət  və  İncəsənət  
								Universiteti  haqqında  olan  qeydləridir. Çünki 
								həmin  ali tədris müəssisəsində muğam  sənəti 
								üzrə müəllim işləyirəm. Oradakı  sürətli  
								inkişafın,  günbəgün  sayı  artan  
								nailiyyətlərin  bilavasitə  şahidiyəm. Hörmətli 
								professorun təvazökarlıqla  qələmə aldığı 
								görülən  işlərin  mərkəzində  əslində  məhz onun  
								fədakarlığı  dayanır. Yüksək rəhbərlik  
								səriştəsi, təşkilatçılıq bacarığı hesabına  
								yaratdığı  möhkəm nizam-intizam, böyük nüfuzu 
								sayəsində qurduğu sivil şərait universitetimizi  
								oxumaq  üçün  xarici ölkə  vətəndaşlarının  da 
								can  atdığı  bir  mədəniyyət  ocağına  çevirib. 
								
								Professor  Timuçin  Əfəndiyevin  milli 
								mənliyimizə  alqış gətirən  xidmətlərindən  
								istənilən  qədər  danışmaq  olar.  Bu məqaləni  
								yazmaqda  məqsədimiz  isə  sadəcə "Mədəniyyətdə  
								tarixilik  və  müasirlik" adlı yeni  kitabı  
								münasibəti  ilə görkəmli alimi  təbrik  etmək, 
								belə bir  dəyərli  dərsliyə  görə ona 
								minnətdarlığımızı  bildirməkdir.  
								
								
								Ruzə  İBİŞOVA,Azərbaycan Dövlət Mədəniyyət və
 İncəsənət Universitetinin muğam
 sənəti kafedrasının müəllimi
 |  |